Sonuncu tapşırıq

Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə
(povest)

27.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi, "Əhəng quyusu"nun yaxınlığı, üzüm bağının kənarı, bir neçə hündür tut-çəkil ağacı var. Kəşfiyyat üçün əlverişli ərazidir. Böyürtkən kolları ilə örtülü  dərin quru su arxları var.  Saat 04:22 (hava aydınlıqdı).
- Kürdəmirlə mən gedim, görüm nə var, nə yox. Biz gələnə qədər burada gözləyin. 5:00-a qədər gəlməsək, əvvəlcədən təyin olunmuş marşurut üzrə hərəkət edərək, qəbiristanlıqda Hüseyngillə görüşüb, vəziyyət barədə məlumat verərsiniz, sonrakı fəaliyyət barədə Hüseyn qərar verəcək. Aydındır? - çavuş Qalalı vəziyyəti izah edib, göstəriş verdi.
- Elədir ki, var, yoldaş çavuş! - əsgərlər sakitcə birlikdə cavab verdilər.
- Sual var? - çavuş Qalalı soruşdu.
- Xeyr, yoxdur!  - əsgərlər yenə sakitcə birlikdə cavab verdilər. Çavuş Qalalı ilə Kürdəmir üzümlükdən çıxıb, tut ağaclarına yaxınlaşmağa başladılar. Hələ dan işartısı olmasa da hava işıqlı idi. Ağaclar aydın seçilirdi. Çavuş Qalalı əli ilə Kürdəmirə "irəli" işarəsi verdi. Özü də bir az ondan arxada əyilə-əyilə ehtiyatla ağaclara çatdılar. Qarışıda dərin quru arx var idi. Arxı keçib əhəng quyusunun üstünə çıxdılar. Gözə dəyən heç nə yox idi. Çavuş Qalalı quyunun üstündə oturub Kürdəmiri o biri əsgərlərin arxasınca göndərdi. 10-15 dəqiqə keçməmiş hamısı birlikdə gəldi. Çavuş Qalalı:
- Deməli belə. Burada heç nə olmadığına görə yəqin ki, köhnə məktəbdə olacaqlar. - dedi və əli ilə "arxamca" işarəsi verib, arxın üstü ilə məktəbə doğru hərəkətə başladı. Onlar köhnə məktəbin setkasına çatanda artıq demək olar ki, hava tam işıqlaşmışdı. Hamısı setkadan məktəbin həyətinə keçdilər. Çavuş Qalalı Kürdəmiri məktəb binasına tərəf məlumat üçün göndərdi. 15-20 dəqiqə keçməmiş Kürdəmir qayıdıb gəldi:
- Yoldaş çavuş,   burdadılar. İki texnika var. Tırtıllıdı. "Puşka"sı da var. Amma bilmədim nədi. "BMP"-yə oxşayır. Amma yüz faiz əmin deyiləm. Tam sakitçilikdir. Gəlin, gedək birlikdə baxaq. - dedi və əli ilə məktəb binası tərəfi göstərdi. 
- Yox, indi oradan getməyək. Texnika harada idi? - çavuş Qalalı soruşdu. 
- Məktəbin lap qarşısında. Bina ilə darvazanın arasında. Ikisi də yan-yana dayanıb. Polnu sürpriz də qoymaq olar. Heç kim yox idi. Vallah, indi bu saat hamısı mışıl-mışıl yatır. Gəlin, gedək. - Kürdəmir həvəslə, canı-dildən israr etdi.
- Ardımca gəlin. - Çavuş Qalalı göstəriş verib, setkadan aşaraq məktəbin həyətindən çıxdı. Bura nisbətən hündür yamac idi. Aşağıda tək dağdağan ağacı var idi. Düzəngah boş sahə yəqin ki, məktəbin futbol meydançası olmuşdu. Dəstə yamacla gəlib, texnikaların tuşuna çatanda çavuş Qalalı ilə Kürdəmir yaxından baxmaq üçün yenidən məktəbin həyətinə daxil oldular. Yarımçıq tikilinin içərisindən texnikaları yaxından incələdikdən sonra çavuş Qalalı dedi:
- Hə, Kürdəmir, düz tapmısan bunlar "BMP" deyil, "BMD"-dir. Özü də "BMD-1". Maraqlıdır ki, bundan onlarda cəmi 5-6 dənədi. Onun da ikisini gətirib qoyublar buraya. 
- "BMD" nə deməkdi, yoldaş çavuş? - Kürdəmir marağını gizlədə bilmədi.
- Gedək, yolda deyərəm. Hava tamam işıqlaşıb. Bir azdan hamı oyanacaq. Getdik. - çavuş Qalalı əli ilə işarə edərək, yarımçıq tikilidən çıxdı və əsgərlərə tərəf getdi, Kürdəmir də arxasınca öz-özünə danışa-danışa gedirdi:
- Gərək icazə verəydiniz, onlara bir sürpriz qoyardım...
- Gəl, Kürdəmir, gəl, indi sürpriz vaxtı deyil. Tez qəbiristanlığa çatmalıyıq. Görən Hüseyngildə vəziyyət necədir... - dedi və Kürdəmiri özündən qabağa buraxdı. Əsgərlərə çatmamış   da əli ilə qalxıb onlara qoşulmağa göstəriş verdi. Çavuş Qalalının rəhbərlik etdiyi tim öndə Kürdəmir, arxada çavuş Qalalı özü  köhnə Qarqarın məktəb tərəfdən yamacından enərək sürətlə  kəsədən - demək olar ki, qaçaraq qəbiristanlığa tərəf keçdilər.  Artıq  saat  6:30-da onlar qəbiristanlığın əsas girişindəki darvazadan içəri daxil oldular. Əvvəlcə gümbəzlərə tərəf getdilər. Gümbəzlərin bir neçəsi mərmi zərbəsindən uçub dağılmışdı. Çavuş Qalalı ətrafı diqqətlə nəzərdən keçirdikdən sonra dedi:
- Bura kifayət qədər təhlükəsiz sığınacaq deyil. Burada bir neçə saat gözləmək düzgün seçim olmaz. Gedək kor quyuya baxaq. - dedi və qəbiristanlığın girişinə tərəf döndü. Onlar gəldikləri yolla qəbiristanlığın darvazasına qədər gəlib "kor quyu" deyilən işlənməyən köhnə kəhriz quyusuna çatdılar. Çavuş Qalalı quyunu nəzərdən keçirdikdən sonra:
- Hə, bax burada lazım gəlsə, lap axşama qədər də gözləmək olar. Ancaq bizə cəmi 5-6 saatlıq bir nömrə lazımdır. -  dedi və yavaş-yavaş quyuya düşməyə başladı. Tim hamı endikdən sonra çavuş Qalalı dedi: 
- İndi hamı bacardığı kimi imkan daxilində özünə yer edib dincəlsin. Yatmaq istəyən yata bilər. Kürdəmirlə mən oyağam. Hə, Kürdəmir "BMD" ilə "BMP" oxşar olsalar da, tamam fərqli texnikalardı. "BMP" rus dilində piyadaların döyüş maşını, "BMD" isə desantların döyüş maşını deməkdir. "BMD"-nin əsas fərqi odur ki, o çox yüngüldür, içində desantlarla təyyarədən paraşütlə də atıla bilər. Bax belə. Onun burada nə işi var maraqlıdır...
- Yoldaş çavuş, indi deyirsiniz ki, o boyda texnikanı içində əsgər göydən yerə atırlar, o da düşür heç nə olmur...
- Əlbəttə. Düşən kimi də başlayır atmağa. Hələ istəsə göydə də ata bilər.
- Oppa, bax bu başqa söhbət...
- Ondan bizdə də var, yoldaş çavuş?
- Əlbəttə var, Kürdəmir. Var. Bizdə də var. Gəncədə onun xüsusi bir "çast"ı var idi. Texnikası hamısı ondan... - demişdi ki, çavuş Qalalının sözü ağzında qaldı. Onun söykəndiyi tərəfdən quyunun içindən - lağımdan səs gəlirdi. Səs getdikcə artmağa başladı və artıq lağımın içi ilə bir neçə nəfərin onlara tərəf əyilə-əyilə gəldikləri aydın sezilirdi. Səs gəlsə də nə danışıldığı, hansı dildə danışıldığını ayırd etmək olmurdu. Gələnlər yaxınlaşdıqca Qalalının dəstəsində olanlar çaşıb qalmışdılar... Bir az da yaxınlaşanda fənər işığı göründü. 1-2 dəqiqədən sonra öndə gələnin Professor olduğunu gördülər. Az keçməmiş Dərviş də gəlib çıxdı. Bir az sonra Ucarlı da göründü. Hüseyni xeyli gözləməli oldular. Axır ki, o da gəlib çıxdı:
- Vay dədə vay, uzun olmaq da bir şey döyülmüş ha... Ordan bura dərviş dik yeriyib, amma mən sürünmüşəm... - dedi və  güldü.
- Hə, necə oldu? Səfəriniz necə keçdi? Ürəyiniz istəyən kimi gəzib, dolana bildiniz? - çavuş Qalalı soruşdu.
- Bəli, yoldaş çavuş. Səfərimiz çox məhsuldar oldu. Zəhmət olmasa, işçi xəritənizi açın nəticələri qeyd edək. - Hüseyn eyni tonda, eyni həvəslə cavab verdi. Çavuş Qalalı yan çantasından işçi xəritəsini çıxarıb əraziyə uyğun səliqəylə qatlayıb, çantanın üzərinə qoyaraq, dizinin üstünə aldı:
- Buyurun, yoldaş kəşfiyyatçı. - Hüseynə müraciət etdi. Hüseyn xəritəyə baxan kimi abidənin yanındakı düşmənin dayaq məntəqəsi diqqətini cəlb elədi: 
- Deməli vijdansızlar burda da yuva qurublar özlərinə... - dedi və yerdən götürdüyü nazik çubuqla köhnə məktəbin yerini göstərib:
- Burada da 2 ədəd "BMD-1" və xeyli dam var. Onda belə çıxır ki, bunların Sufcannıda iki taborları var? Ya bunlarda tamam başqa sistemdi?  - Hüseyn təəccübünü gizlədə bilmədi.
- Məktəbdəki "BMD"-ləri biz də gördük. Başqa nə var idi? Ayrı nəsə görə bildiniz? - Çavuş Qalalı soruşdu.
- Bir də buradan 300-400 metr məsafədə kəndin çıxacağında qayanın başında, -  bax burada xəritədə çubuqla göstərərək - "MTLB"-nin üstündə ördəkvuran var. - Hüseyn dedi.
- Ördəkvuran nədi, ay Hüseyn? - çavuş Qalalı maraqla soruşdu.
- 23 mmlik zenit pulemyotu. - Hüseyn cavab verdi - "MTLB"-nin üstündə bir pulemyot. 5 nəfər onun heyəti, 3-4 nəfər də belə. Minimum 7-8 nəfər var. Amma heç yanda səngər qazmayıblar. Hiss olunur ki, müvəqqəti yerləşiblər. Deməli belə çıxır ki, həftə səkkiz, mən doqquz gəlib bunların yerini dəqiqləşdirməli olacağıq. Nəsə bir az dincələk, duraq gedək. Nəsə özümü yaman narahat hiss eləyirəm. - Hüseyn dedi və əllərini başının arxasında çarpazlayıb arxaya - kor quyunun divarına söykəndi. Boynundan kürəyinə xırda torpaq dənəcikləri yuvarlanıb girsə də vecinə deyildi. Nəsə, qəribə əhval-ruhiyyədə idi....
- Qayıtmaq barədə nə düşünürsünüz, yoldaş bələdçi? - Çavuş Qalalı soruşdu.
- Əvvəlcədən təyin olunmuş marşurut üzrə, yoldaş çavuş.  - Hüseyn eyni tonda elə gözü yumulu cavab verdi.
- Daha konkret və dəqiq olsaq... - çavuş Qalalı yenə soruşdu.
- Qısası; buradan bax o görünən dəmir çən var ha, Nadirin çəni - onun yanına, oradan da üzümlüyün içi ilə kəsədən  düz Təzə Qarqara ... 
- Saat 12:45-ə qədər istirahət. 13:00 buradan tərpənəcəyik. Dincəlin. - çavuş Qalalı göstəriş verdi.
27.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi yaxınlığında Qarqar çayının sahilində, müvəqqəti səhra düşərgəsi: 17:45
- Yoldaş baş leytenant, NBM-dən xəbər verdilər ki, kəşfiyyatçılar gəlir. 
- Oldu! - dedi və tez qalxıb  Nəzarət Buraxılış Məntəqəsinə tərəf getməyə başladı. NBM- 5-6 addım qalanda NBM növbətçisi gələrək məruzə etdi:
- "Yoldaş baş leytenant, növbədə olduğum vaxt heç bir hadisə baş verməmişdir. Uzaqdan kəşfiyyatçıların qayıtdığı görünür." - məruzə etdi baş əsgər Bəxtiyarlı.
- Oldu! Xidmətə davam edin! - dedi və NBM-dən çıxıb, iti addımlarla əməliyyatdan qayıdan qrupu qarşılamağa getdi. Dəstə ağır-ağır gəlirdi. Deyəsən yaralıları var, - deyə düşündü. Yaxınlaşdıqca təxmin etdiyi kimi olduğuna görə çox təəssüfləndi. O çatana qədər çavuş Həsənli qaça-qaça gəlib özünü yetirdi:
- Yoldaş baş leytenat, döyüş tapşırığı yerinə yetirilmiş, üzbəüzdəki düşmənin həqiqi döyüş mövqelərinin yerləşdiyi birinci eşalon xətti - təmas xətti - ərazidəki real oriyentirlər üzrə tanınmış, təsdiqlənmiş və xəritə üzərində təsbit olunmuşdur. 4 nəfər yaralımız var. Əfkərli Hüseyn ağır yaralanıb.
- Necə oldu? Harada baş verdi? Hansı mina idi?
- Yoldaş baş leytenant, 8 nömrəli oriyentir - "Zaurun çardağı" ilə  9 nömrəli oriyentir - "Eminin artezianı (Nadirin çəni)" arasında  Ucarlı minaya düşdü. OZM-ə ilişmişdi. Mənim lap arxamca gəlirdi. Hüseyn bunu görəndə: "Uzanın!" - deyə qışqırıb, özünü mina ilə bizim aramıza atdı. Demək olar ki, onun sayəsində qrup sağ qalıb.  Hərəyə bir şey dəydi, hamı yüngül yaralanıb. Amma Hüseyn lap ağır yaralıdı. Sinəsindən gələn qanı kəsmək olmur. Bütün bədəni qan içindədir. Qəlpələrin harasına dəydiyini dəqiq bilmək olmur. Amma huşu özündədir. Sarımağa qoymadı. Öz sarğısını da yüngül yaralanan digər əsgərlərə verdi. Ona görə qaranlıq düşməyini gözləyə bilmədik. Mümkün qədər tez gəlməyə çalışdıq.
- Oldu! Yaxşı tez qaç qərargaha xəbər elə, UAZ-ı göndərsinlər. Onu tez "Sarcalı"ya çatdırmaq lazımdır. - dedi və baş geyimini əlinə alıb yavaş-yavaş yaxınlaşan qrupa tərəf  qaçmağa başladı...
Son
25 may  2025, Ağdam - 26  yanvar 2026, Bakı.

Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31