.Müstəqillikdən zəfərə: Azərbaycanın qlobal inteqrasiya yolu

İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının qarşısında duran əsas strateji hədəflərdən biri dünya birliyinə sürətli və effektiv inteqrasiya, regional və qlobal əməkdaşlıq əlaqələrinin qurulması idi. Coğrafi mövqeyi, zəngin enerji resursları, tarixi İpək Yolu üzərində yerləşməsi və multikultural dəyərlərə əsaslanan cəmiyyət modeli Azərbaycanın beynəlxalq sistemdə xüsusi yer tutmasına imkan verib. Bu gün Azərbaycan yalnız region ölkələri ilə deyil, eyni zamanda aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlarla çoxşaxəli əməkdaşlıq münasibətləri qurmuş bir ölkə kimi çıxış edir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddətdə beynəlxalq hüququn subyekti kimi tanındı və dünya ölkələri ilə diplomatik münasibətlər qurmağa başladı. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında mühüm mərhələ oldu. Bu üzvlük ölkənin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasının hüquqi əsasını formalaşdırdı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan xarici siyasətində balanslaşdırılmış və praqmatik xətt formalaşdırıldı. Bu xəttin əsas məqsədi milli maraqların qorunması, regional sabitliyin təmin olunması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Azərbaycan Cənubi Qafqaz regionunda əsas siyasi və iqtisadi aktorlardan biridir. Gürcüstan və Türkiyə ilə qurulan strateji tərəfdaşlıq regional əməkdaşlığın uğurlu modelinə çevrilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr regionu  Avropa ilə birləşdirən mühüm nəqliyyat və enerji dəhlizləri yaradıb. Bu layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Azərbaycan regionda enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış edir və Avropanın enerji şaxələndirilməsi siyasətində mühüm rol oynayır. Azərbaycan-Avropa İttifaqı münasibətləri qarşılıqlı maraqlara əsaslanır. Enerji sahəsində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropaya etibarlı enerji təchizatçısı statusunu daha da gücləndirib. Bu layihə  Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə siyasi dialoq, nəqliyyat, rəqəmsal inkişaf, ətraf mühit və təhsil sahələrində də əməkdaşlığı genişləndirir. Azərbaycan Avropaya inteqrasiyanı milli maraqlara uyğun şəkildə, suverenlik prinsipini qorumaqla həyata keçirməyi prioritet sayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal mövqe tutur və İslam dünyasında həmrəyliyin gücləndirilməsinə töhfə verir. Ölkə islamofobiya ilə mübarizə, mədəni irsin qorunması və humanitar məsələlərdə prinsipial mövqe nümayiş etdirir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi isə ölkənin beynəlxalq nüfuzunun göstəricisi oldu. Bu platforma çərçivəsində Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edib, beynəlxalq ədalət və bərabərlik prinsiplərini önə çəkib.
Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr son illərdə daha da güclənib. Türk dünyası ilə inteqrasiya Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu inteqrasiya ortaq tarixə, dilə və mədəniyyətə əsaslanmaqla yanaşı, konkret iqtisadi və nəqliyyat layihələri ilə möhkəmləndirilir.
Azərbaycan özünü multikultural və tolerant ölkə kimi təqdim edir və bu model beynəlxalq aləmdə maraqla qarşılanır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumları Azərbaycanın "yumşaq güc" siyasətinin əsas alətlərindəndir. Bu platformalar vasitəsilə Azərbaycan dinlərarası dialoq, mədəni müxtəliflik və sülh ideyalarını təşviq edir. Humanitar diplomatiya ölkənin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar  Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirib. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır və bu prosesə beynəlxalq şirkətləri və tərəfdaşları cəlb edir. Bu mərhələ regionda sülh, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açır. Zəngəzur dəhlizi kimi layihələr region ölkələri arasında inteqrasiyanı daha da gücləndirə bilər. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası təkcə formal üzvlüklərlə məhdudlaşmır. Bu inteqrasiya real iqtisadi layihələr, siyasi dialoq, humanitar təşəbbüslər və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. Ölkə həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş imici formalaşdırıb. Balanslaşdırılmış və praqmatik xarici siyasət xətti Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığın dərinləşməsinə xidmət edir. Məhz bu yanaşma Azərbaycanın dünya birliyində layiqli yer tutmasını və beynəlxalq proseslərdə söz sahibi olmasını təmin edir.

Lamiyə Cəbrayılova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31