"Mədəniyyət" fənni gündəmdə: Bir fənn, üç sütun

Təhsil bir cəmiyyətin öz gələcəyinə verdiyi ən açıq və ən səmimi cavabdır. Biz məktəbdə uşaqlara nəyi və necə öyrədiriksə, sabah cəmiyyət olaraq da elə düşünür, elə davranırıq. Tədris proqramları sadəcə fənlər toplusu deyil. Düşünürəm ki, onlar dünyaya baxışı, insan modelini və mədəni prioritetlərini formalaşdıran əsas mexanizmdir. Bu səbəbdən təhsildə atılan hər bir addım, xüsusilə humanitar sahələrlə bağlı qərarlar təkcə məktəb divarları ilə məhdudlaşmır, birbaşa cəmiyyətin düşüncə tərzinə təsir edir. Hansı fənni necə tədris edirik, hansı anlayışları önə çəkirik, hansı mövzuları kənarda qoyuruq- bütün bunlar təsadüfi seçimlər deyil. Bunlar bir ölkənin dünyagörüşünün, mədəni prioritetlərinin və gələcək insan modelinin göstəricisidir. Elə bu baxımdan son günlər mədəniyyət və təhsil müstəvisində müzakirələrə səbəb olan "tarix, ədəbiyyat və incəsənət" fənlərinin "Mədəniyyət" adı altında birləşdirilərək tədrisi məsələsi sadəcə texniki islahat deyil, daha dərin suallar doğuran yanaşmadır.
Tarix, ədəbiyyat və incəsənət-hər biri ayrı-ayrılıqda insanın özünü və cəmiyyəti dərk etməsinin əsas sütunlarıdır. Tarix bizə haradan gəldiyimizi, keçmişi, baş vermiş hadisələri öyrədir. Ədəbiyyat insanın daxili aləmini, duyğularını, düşüncələrini sözə çevirərək onu başqaları ilə bölüşməyə imkan yaradır. İncəsənət isə bəzən sözün aciz qaldığı yerdə duyğunu, ideyanı və etirazı forma və rəng vasitəsilə ifadə edir. Düşünürəm ki, bu üç sahə olmadan nə milli kimlikdən, nə də mədəni yaddaşdan danışmaq mümkündür. İndi biz təhsildə bu fənlərdən ayrıca danışmağa alışmışıq. Tarix dərsində faktlar, hadisələr, xronologiya, ədəbiyyat dərsində mətnlər, müəlliflər, janrlar, incəsənətdə isə üslublar, dövrlər, sənət nümunələri öyrədilir. Bu bölgü müəyyən mənada rahatdır: hər sahənin öz metodikası, öz mütəxəssisi, öz dili var. Amma eyni zamanda bu ayrılıq bəzən bütöv mənzərənin parçalanmasına da səbəb olur. Şagird tarixi faktı öyrənir, amma həmin dövrün ədəbiyyatında hansı ruhun yaşadığını hiss etmir. Ədəbi əsəri oxuyur, lakin onun hansı tarixi şəraitdə yazıldığını tam dərk etmir. Rəsmi sənət nümunəsini tanıyır, amma arxasındakı ictimai-siyasi fon onun üçün qaranlıq qalır. Məhz bu nöqtədə "Mədəniyyət" anlayışı ortaya çıxır. Onların bir fənn çərçivəsində təqdim olunması şagirdə hadisələrə daha geniş kontekstdən baxmaq imkanı verə bilər. Məncə, bu yanaşma düzgün tətbiq olunduğu halda, uşaqlarda səbəb-nəticə əlaqəsini qurmaq, dövrləri müqayisə etmək və tarixi sadəcə əzbərlənən faktlar silsiləsi kimi deyil, canlı proses kimi qavramaq bacarığını formalaşdıra bilər.
Əsas sual onun necə həyata keçiriləcəyindədir. Tarixçi ilə ədəbiyyatşünasın, incəsənət nəzəriyyəçisi ilə pedaqoqun yanaşmaları eyni deyil. Bu sahələrin hər birində illərlə formalaşmış elmi və metodik ənənə mövcuddur. İndi bu üç istiqaməti bir fənndə birləşdirmək, avtomatik olaraq onları sadələşdirmək və ya səthi təqdim etmək riskini də özü ilə gətirir. Digər tərəfdən, kadr məsələsi də açıq sual olaraq qalır. Bu fənni kim tədris edəcək? Tarix müəllimi incəsənət tarixini hansı səviyyədə biləcək? Ədəbiyyat müəllimi tarixi konteksti nə qədər dolğun çatdıra biləcək? 
Mövzu  ilə  bağlı  təhsil eksperti Ramin Nurəliyev Olaylar.az-a açıqlama verib: "Hazırda bu məsələ ilə bağlı sadəcə görüşlər keçirilir. Rəsmi olaraq atılmış hər hansı bir addım yoxdur. Bu məsələ, cənab Prezidentin "Azərbaycan Mədəniyyəti-2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının bir hissəsi kimi qiymətləndirilir. Yəni 2026-2030-cu illər arasında "mədəniyyət" fənninin tədris olunması və hətta tarix, ədəbiyyat, incəsənət fənlərinin "mədəniyyət" fənni adı altında birləşdirilməsi ilə bağlı çağırışlar və fikirlər səsləndirilib. Amma hələ təfərrüatlar yoxdur. Yəni tarix fənninin tamamilə çıxarılıb-çıxarılmayacağı, ədəbiyyat fənninin ümumiyyətlə orta ümumtəhsil məktəblərində tədris olunmayacağı ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur. Mən öz fikrimi deyim: əgər tarix və ədəbiyyat fənləri tamamilə orta ümumtəhsil məktəblərinin dərsliklərindən çıxarılsa, bu, əlbəttə ki, böyük risklər yarada bilər. Çünki tarix fənni 5-ci sinifdən 11-ci sinifə qədər orta ümumtəhsil məktəblərində tədris olunur. Ədəbiyyat fənni də demək olar ki, bütün siniflərdə ardıcıl şəkildə tədris edilir. Yəni aşağı sinifdən yuxarı siniflərə qədər keçilən Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı var. Bunların hamısını çıxarıb mədəniyyət adı altında bir fəndə birləşdirmək həmin fənlərin müəyyən qədər əskik qalmasına səbəb ola bilər. Çünki bir tarixi hadisəni keçib digərini keçməmək riski yaranar və ya "mədəniyyət" fənni həddindən artıq yüklənmiş olar. 
Hesab edirəm ki, tarixdən, ədəbiyyatdan və incəsənətdən mədəniyyət və incəsənət yönümlü mövzular çıxarılaraq "mədəniyyət" fənni adı altında tədris oluna bilər. Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı isə öz qaydasında, ayrıca fənn kimi saxlanıla bilər. Yəni Azərbaycan tarixi yerində qalır, Azərbaycan ədəbiyyatı yerində qalır, amma tarix və ədəbiyyat fənlərindəki incəsənət və mədəniyyətlə bağlı hissələr çıxarılıb mədəniyyət fənnində tədris oluna bilər. Məsələn, Nəsimi, Füzuli, Nizami Gəncəvi kimi klassiklərdən mədəniyyət və incəsənətə aid parçalar seçilərək mədəniyyət dərsində keçilə bilər. Bununla yanaşı, incəsənətin müxtəlif sahələri və tarixdə mədəni hadisələr, mədəni biliklər, mədəniyyətin hansı dövrdə hansı istiqamətdə inkişaf etməsi kimi mövzular da bu fənnə daxil edilə bilər. Amma tarixin və ədəbiyyatın tamamilə ləğv olunaraq mədəniyyət adı altında birləşdirilməsi, məncə, böyük risklər yarada bilər. Bu, gənclərdə Azərbaycan tarixinə marağın azalmasına, Azərbaycan ədəbiyyatına olan sevginin zəifləməsinə səbəb ola bilər. Çünki bu fənnlər yalnız mədəniyyətdən ibarət deyil. Orada tarixi biliklər, ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi inciləri var və bunların mütləq şəkildə gənclərə öyrədilməsi lazımdır. 
İkinci məsələ isə budur: hazırda məktəblərdə bu fənni tədris edə biləcək universal ixtisaslı kadr potensialı varmı? Yoxsa müəllimlər üçün xüsusi yenidən hazırlıq proqramları olacaqmı? Baxın, bu da çox vacib məsələdir. Mədəniyyət fənninin tədrisi ideya olaraq gözəldir, amma biz buna hazırıqmı? Bu fənni tədris edə biləcək kadrımız varmı? Yəni həm tarixi, həm ədəbiyyatı, həm də incəsənətin müxtəlif sahələrini bilən müəllim varmı? Məncə, yoxdur. Varsa belə, bunun üçün ciddi hazırlıq lazımdır. Bu işlər yarımçıq şəkildə həyata keçirilməməlidir. Əgər orta ümumtəhsil məktəblərində bu fənn tədris olunacaqsa, mütləq şəkildə bu sahə üzrə hazırlanmış mütəxəssislər olmalıdır. Kadrların tam hazır olmağı lazımdır. Sadəcə rəsm və ya musiqi müəllimi "mədəniyyət" dərsini tədris etməməlidir. Həmin müəllimin tarixdən, ədəbiyyatdan, incəsənət tarixindən geniş biliyi olmalıdır.  Bir neçə sahənin bir fənn daxilində tədrisi şagirdlərin biliklərinin səthi qalmasına səbəb ola bilərmi?  Burda risk var və bunu inkar etmək olmaz. Azərbaycan tarixi yetərli səviyyədə mənimsənilməyə bilər. Amma mədəniyyət fənninin məqsədi təkcə məlumat vermək deyil, həm də şagirdlərdə mədəni, mənəvi düşüncə, estetik baxış formalaşdırmaqdır. Bu fənnin içərisində ailə, əxlaq, davranış mədəniyyəti, yol mədəniyyəti, insanlarla ünsiyyət, dinləmə mədəniyyəti, Azərbaycan mədəniyyətinin inkişafında rol oynamış şəxsiyyətlərin həyat və fəaliyyətləri kimi mövzuların olması çox faydalıdır. Bu, çox gözəl təşəbbüsdür. Amma elə formalaşdırılmalıdır ki, nə "mədəniyyət" fənni zərər görsün, nə də tarix və ədəbiyyat fənləri. Ən ideal variant budur. Uzunmüddətli perspektivdə bu dəyişiklik təhsil sisteminə və gənclərin dünyagörüşünə müsbət təsir göstərə bilər. Çünki hər bir xalqın mədəniyyəti onun dünyagörüşü ilə bağlıdır. Bu fənnin tədrisi Azərbaycan mədəniyyətinin gənclərə ötürülməsinə birbaşa xidmət edəcək və incəsənətin inkişafına töhfə verəcək. Yəni "mədəniyyət" fənninin tədrisi alqışlanandır. Amma hər bir işdə olduğu kimi, burada da əvvəlcə möhkəm təməl hazırlanmalı, sonra addımlar atılmalıdır".
 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31