Yüngül çanta, böyük gələcək: elektron dərsliklər zamanı

Rəqəmsal dövrdə yaşayırıq. Bu ifadə artıq sadəcə texnoloji yenilikləri təsvir edən bir cümlə deyil, həyat tərzimizi, düşüncə formamızı, hətta gələcəklə bağlı gözləntilərimizi müəyyən edən reallıqdır. Telefonlarımız, kompüterlərimiz təkcə ünsiyyət vasitəsi yox, eyni zamanda iş yerimizə, kitabxanamıza, gündəliyimizə çevrilib. Düşünürəm ki, müasir dünyada texnologiyanın sürətli inkişafı insanın düşüncə tərzinə, ünsiyyət formasına və həyat ritminə birbaşa təsir göstərir. Bu proses həyatın bütün sahələrinə nüfuz etdiyi kimi, təhsildən də yan keçə bilməzdi.
Təhsil hər bir cəmiyyətin gələcəyini formalaşdıran əsas sütundur. İnsan dünyanı tanımağı, özünü dərk etməyi, sual verməyi və cavab axtarmağı ilk olaraq təhsil vasitəsilə öyrənir. Məncə, təhsil təkcə bilik ötürmək deyil, həm də düşünmə mədəniyyəti formalaşdırmaqdır. Məhz bu səbəbdən təhsildə atılan hər bir addım, edilən hər bir dəyişiklik tək bugünü yox, sabahı da birbaşa təsir altına alır. Əsrlər boyu bu prosesin əsas dayaqlarından biri kitablar olub. Kitab sadəcə kağız üzərində çap olunmuş mətn deyil, o, yaddaşdır, təcrübədir, nəsillər arasında qurulan körpüdür. Kitab oxumaq insanla mətn arasında xüsusi bir bağ yaradır. Səhifəni çevirmək, altını cızmaq, kənarına qeydlər yazmaq-bunlar təhsilin və öyrənmənin klassik, amma təsirli üsullarıdır. Lakin zaman dəyişdikcə bu münasibət də yeni formalar almağa başlayır.
Son günlər cəmiyyətdə geniş müzakirə olunan mövzulardan biri dərsliklərin elektron formaya keçirilməsi məsələsidir. Hələlik bu istiqamətdə rəsmi qərar verilməsə də, mövzu aktuallığını qoruyur və müxtəlif mövqelərin səslənməsinə səbəb olur. Bir tərəfdən rəqəmsal dərsliklərin təhsildə çevikliyi artıracağı, şagirdlərin informasiya resurslarına daha rahat çıxış əldə edəcəyi düşünülür. Digər tərəfdən isə bu keçidin mümkün riskləri və sosial təsirləri sual doğurur. Elektron dərsliklərin üstünlükləri danılmazdır. Bir planşet və ya telefon vasitəsilə onlarla kitabı daşımaq mümkündür. Dərsliklər daim yenilənə, interaktiv materiallarla zənginləşdirilə, video və audio əlavələrlə daha cəlbedici hala gətirilə bilər. Məncə, bu, xüsusilə texnologiya ilə böyüyən yeni nəsil üçün öyrənmə prosesini daha maraqlı və əlçatan edə bilər. Üstəlik, kağız istifadəsinin azalması ekoloji baxımdan da müsbət hal kimi qiymətləndirilir. Amma düşünürəm ki, məsələ təkcə rahatlıq və texniki imkanlarla bitmir. Təhsil sistemi hər kəs üçün bərabər imkanlar yaratmalıdır. Elektron dərsliklərə keçid zamanı regionlarda internetə çıxış, ailələrin maddi vəziyyəti, texniki vasitələrin mövcudluğu kimi məsələlər ciddi şəkildə nəzərə alınmalıdır. Əks halda, rəqəmsallaşma bərabərlik yaratmaq əvəzinə, təhsildə yeni fərqlərin formalaşmasına səbəb ola bilər. Digər vacib məqam uşaqların ekran qarşısında keçirdiyi vaxtın artmasıdır. Artıq dərslər, tapşırıqlar, əlavə materiallar elektron mühitə keçdikcə, şagirdlərin fiziki və psixoloji sağlamlığı ilə bağlı suallar da gündəmə gəlir. Məncə, kitabı əlində tutub oxumaqla ekran qarşısında oxumaq arasında fərq var və bu fərq yalnız nostalji ilə izah olunmur.  Bütün bunlarla yanaşı, reallıq da danılmazdır- rəqəmsal dünya artıq həyatımızın ayrılmaz hissəsidir və təhsil bu prosesdən kənarda qala bilməz. Əsas məsələ keçidin necə və hansı mərhələlərlə reallaşdırılmasıdır..


 Mövzu ilə bağlı  "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev Olaylar.az-a açıqlama verib: "Bəli, məktəb dərsliklərinin elektronlaşdırılması artıq təhsilin rəqəmsallaşdırılması prosesinin tərkib hissəsidir və bu istiqamətdə müəyyən addımlar atılmağa başlanılıb. Təhsil sənədlərinin bir hissəsinin-diplomların, şəhadətnamələrin və sertifikatların sırf rəqəmsal formada təqdim edilməsi ilə bağlı qərarlar artıq qəbul edilib. Bu proses göstərir ki, təhsil sistemində kağız daşıyıcılardan mərhələli şəkildə imtina edilir. Növbəti addım kimi dərsliklərin rəqəmsallaşdırılması isə artıq zamanın və müasir texnoloji inkişafın tələbidir. 
İlk olaraq, kitabların rəqəmsallaşdırılması əlavə maliyyə xərclərinin qarşısını almağa və çap prosesi ilə bağlı mövcud çətinlikləri aradan qaldırmağa imkan verəcək. Çünki hazırkı vəziyyətdə dərsliklərdə olan müəyyən səhvlərin düzəldilməsi üçün hər dəfə növbəti nəşrin çapını gözləmək lazım gəlir. Rəqəmsal formatda isə bu nöqsanlar daha operativ şəkildə aradan qaldırıla bilər. PDF versiyalar üzərindən mətnlərə düzəlişlər ediləcək, səhvlər sürətli şəkildə yenilənəcək və dərsliklər daha çevik formada istifadə olunacaq. Digər mühüm məsələ məktəb çantalarının ağırlığı ilə bağlıdır. Şagirdlərin gündəlik olaraq daşımalı olduqları ağır çantalar həm fiziki yorğunluğa, həm də sağlamlıq problemlərinə səbəb ola bilir. Dərsliklərin rəqəmsallaşdırılması bu problemin aradan qaldırılması istiqamətində atılacaq əsas addımlardan biridir. Bu zaman şagirdlər çoxsaylı çap olunmuş kitabları özləri ilə daşımaq məcburiyyətində qalmayacaq və nəticə etibarilə məktəb çantaları xeyli yüngülləşəcək. Bu da şagirdlərin daha rahat və sağlam şəkildə təhsil almalarına şərait yaradacaq.
Təbii ki, bu prosesin müəyyən mənfi cəhətləri də mövcuddur. İlk növbədə adaptasiya mərhələsi olacaq və həm müəllimlər, həm də şagirdlər yeni sistemə alışmalı olacaqlar. Eyni zamanda yaşlı müəllimlərin rəqəmsal dərs vəsaitlərindən istifadə etməsi müəyyən çətinliklər yarada bilər. Digər tərəfdən, şagirdlərin uzun müddət elektron dərsliklərə və PDF materiallara baxması göz sağlamlığı ilə bağlı müəyyən risklər formalaşdıra bilər. Ancaq bütün bunlara baxmayaraq düşünürəm ki, bu amillər ümumi prosesi dayandıracaq səviyyədə deyil. Çünki zamanın tələbi olaraq bu rəqəmsallaşma prosesi gec-tez baş verəcək və təhsil sistemi də buna uyğun şəkildə formalaşacaq".
Bütün deyilənlər göstərir ki, dərsliklərin elektronlaşdırılması nə təkcə texnoloji yenilik, nə də sadəcə kağızdan imtina məsələsidir. Bu, təhsilin mahiyyətinə, öyrənmə vərdişlərinə və gələcək nəsillərin dünyanı qavrama formasına birbaşa təsir edən ciddi bir prosesdir. Rəqəmsal imkanlar təhsili daha çevik və əlçatan edə bilər, lakin bu keçid düşünülmüş, mərhələli və sosial reallıqları nəzərə alan şəkildə həyata keçirilməlidir. Ən əsası isə texnologiya məqsəd yox, vasitə kimi dəyərləndirilməli, insan amili, düşünmə mədəniyyəti və bərabər imkan prinsipi prosesin mərkəzində saxlanmalıdır. 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31