Ekran arxasındakı təhlükə: 15 yaş limiti çıxış yoludurmu?

Son illər süni intellekt texnologiyaları həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, bu sürətli inkişaf cəmiyyət üçün yeni və gözlənilməz risklər də yaradır. Xüsusilə uşaqların bu texnologiyalardan nəzarətsiz istifadəsi artıq təkcə texniki deyil, sosial və hüquqi problem kimi gündəmə gəlir. Türkiyədə son aylarda baş verən hadisələr - məktəblilərin sinif yoldaşlarının şəkillərini süni intellekt vasitəsilə ədəbsiz formaya salması və bu materialların yayılması - cəmiyyətdə ciddi narazılıq yaradıb. Məhz bu fonda rəsmi Ankara 15 yaşdan kiçik uşaqların süni intellekt alətlərindən istifadəsini məhdudlaşdırmağı və ya qadağan etməyi planlaşdırır. Təklif olunan yeni yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, real həyatda cinayət hesab edilən əməllər süni intellekt vasitəsilə törədildikdə də hüquqi məsuliyyət daşısın. Başqa sözlə, "bunu insan yox, proqram etdi" arqumenti artıq qəbul olunmayacaq. Bu, xüsusilə deepfake texnologiyaları, süni şəkildə yaradılan saxta görüntülər və şəxsi həyatın toxunulmazlığının pozulması kimi hallara qarşı hüquqi boşluqları aradan qaldırmaq məqsədi daşıyır.
Mütəxəssislər bildirirlər ki, uşaqlar texnologiyanın imkanlarını yetkinlər kimi qiymətləndirə bilmədikləri üçün risk qrupunda sayılırlar. Onlar üçün "oyun" və ya "zarafat" kimi görünən hərəkətlər qarşı tərəf üçün psixoloji travmaya, sosial təzyiqə və uzunmüddətli fəsadlara səbəb ola bilər. Xüsusilə məktəb mühitində baş verən bu cür hadisələr kiberzorakılığın yeni və daha təhlükəli formasını yaradır. Türkiyənin bu addımı təkcə lokal qərar deyil. Oxşar müzakirələr Avropa İttifaqında, ABŞ-də və bir sıra Asiya ölkələrində də aparılır. Avropa İttifaqının "AI Act" adlı tənzimləmə paketi çərçivəsində uşaqların şəxsi məlumatlarının qorunması, yaş məhdudiyyətləri və valideyn nəzarətinin gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. ABŞ-də isə bəzi ştatlar artıq məktəblərdə süni intellekt alətlərindən istifadəyə dair xüsusi qaydalar tətbiq edir. 
Ekspertlərin fikrincə, burada əsas məqsəd texnologiyanı tam qadağan etmək deyil, onu təhlükəsiz və məsuliyyətli şəkildə istifadə etməyi öyrətməkdir. Valideynlərin və müəllimlərin maarifləndirilməsi, uşaqlara rəqəmsal etik dəyərlərin aşılanması və hüquqi mexanizmlərin vaxtında qurulması bu prosesin əsas sütunlarıdır.
Aydındır ki, süni intellekt gələcəyin texnologiyasıdır və ondan qaçmaq mümkün deyil. Lakin bu gələcək uşaqların təhlükəsizliyi və psixoloji sağlamlığı bahasına qurulmamalıdır. Türkiyənin atdığı addım göstərir ki, dövlətlər artıq texnoloji tərəqqi ilə sosial məsuliyyət arasında balans yaratmağın zəruriliyini anlayır. Bu balans isə yalnız qadağalarla deyil, düşünülmüş siyasət, maarifləndirmə və güclü hüquqi çərçivə ilə mümkün ola bilər.

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Olaylar.az-a açıqlama verib.

Sədr bildirib ki, Türkiyənin bu istiqamətdə atdığı addım rəqəmsal mühitdə "məsuliyyət yaşı" anlayışının artıq nəzəri müzakirə çərçivəsindən çıxaraq real hüquqi mexanizmə çevrildiyini göstərən mühüm nümunədir. Uzun müddət internet və rəqəmsal texnologiyalar "sərhədsiz azadlıq" məkanı kimi təqdim olunsa da, süni intellektin sürətli inkişafı bu azadlığın eyni zamanda ciddi risklər yaratdığını açıq şəkildə ortaya qoyur. Xüsusilə yetkinlik yaşına çatmayan istifadəçilərin bu texnologiyalarla nəzarətsiz təması, onların psixoloji inkişafına, etik dəyərlərinə və hüquqi məsuliyyət anlayışına birbaşa təsir edir. Məhz bu səbəbdən Türkiyənin mövqeyi yalnız texnoloji yox, həm də sosial və hüquqi baxımdan qabaqlayıcı bir addım kimi qiymətləndirilə bilər.

Ekspert qeyd edib ki, Azərbaycanda rəqəmsallaşma prosesi son illərdə sürətlənmiş, elektron hökumət xidmətləri, onlayn təhsil platformaları, rəqəmsal bankçılıq və süni intellekt əsaslı sistemlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Belə bir şəraitdə Türkiyədə tətbiq olunan qaydalara bənzər mexanizmlərin ölkəmizdə də gündəmə gəlməsi tamamilə real və gözlənilən prosesdir. Xüsusilə son dövrlərdə ölkə başçısının imzaladığı fərmanlar, informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və kiber-mühitin tənzimlənməsi ilə bağlı hüquqi dəyişikliklər göstərir ki, dövlət rəqəmsal məkanı nəzarətsiz buraxmaq niyyətində deyil. Bu yanaşma texnologiyanın inkişafına mane olmaq məqsədi daşımır, əksinə, onun cəmiyyət üçün təhlükəsiz və idarəolunan çərçivədə formalaşmasını hədəfləyir. Əgər Azərbaycanda da süni intellekt və digər rəqəmsal platformalar üçün yaşa bağlı məhdudiyyətlər tətbiq olunarsa, bu, cəmiyyət tərəfindən sadəcə qadağa və ya azadlıqların məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Əksinə, belə bir hüquqi mexanizm gənclərin rəqəmsal cinayətlərə, manipulyasiyalara, yanlış informasiya axınına və etik cəhətdən zərərli məzmunlara qarşı qorunması üçün əsaslı baza rolunu oynaya bilər. Bununla yanaşı, valideynlərin övladlarının rəqəmsal fəaliyyətinə daha məsuliyyətlə yanaşmasını təşviq edən bir vasitə kimi də çıxış edər. Çünki məsuliyyət təkcə dövlətin və ya platformaların üzərinə düşmür; ailə institutu da bu prosesin ayrılmaz hissəsidir. Texniki baxımdan isə uşaqların və yeniyetmələrin süni intellektə girişini tam şəkildə bloklamağın demək olar ki, mümkünsüz olduğu artıq qəbul edilən bir reallıqdır. Virtual özəl şəbəkələr (VPN), alternativ domenlər, güzgü saytlar və açıq qaynaqlı yerli süni intellekt modelləri mövcud olan istənilən texniki səddi asanlıqla aşmağa imkan verir. Bu da göstərir ki, yalnız texnoloji qadağalar üzərində qurulan sistemlər uzunmüddətli və effektiv nəticə vermir. İnformasiya mühiti dinamikdir və istifadəçilər, xüsusilə gənclər, yeni məhdudiyyətlərə çox sürətlə uyğunlaşa bilirlər.

"Şirkətlərin "ədəbsiz məzmun", zorakılıq və ya etik risklər yaradan cavabları filtrləməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri də məhz budur. Süni intellekt insan dilinin çoxqatlı strukturunu, kinayəni, metaforanı, gizli kodları və sistemi aldatmaq üçün yaradılan yeni üsulları hər zaman düzgün ayırd edə bilmir. Bir boşluq bağlandıqda, istifadəçilər həmin sistemi yan keçirmək üçün yeni texnikalar tapır, bu da filtrasiya prosesini davamlı bir "təqib oyunu"na çevirir. Bu vəziyyət texnologiyanın özünün deyil, onun istifadə formasının nə qədər vacib olduğunu bir daha sübut edir. Məhz bu nöqtədə kibertəhlükəsizliyin yalnız texniki filtrlərlə təmin olunmasının yetərli olmadığı aydın şəkildə üzə çıxır. Rəqəmsal təhlükəsizlik paralel şəkildə erkən yaşlardan formalaşan rəqəmsal etika, informasiya savadlılığı və məsuliyyət anlayışı ilə gücləndirilməlidir. Uşaqlar və gənclər süni intellekti sadəcə bir əyləncə və ya sərhədsiz imkan mənbəyi kimi deyil, nəticələri olan bir alət kimi dərk etməlidirlər. Bu isə yalnız qanunlar və texnologiya ilə deyil, təhsil sistemi, ailə mühiti və ictimai maarifləndirmə yolu ilə mümkün ola bilər", - deyə ekspert əlavə edib.

E. Abbasov vurğulayıb ki, Türkiyənin atdığı bu addım regional miqyasda mühüm presedent yaradır və göstərir ki, rəqəmsal dünyanın gələcəyi nə tam azadlıq, nə də sərt qadağalar üzərində qurulmalıdır. Əsas məqsəd balansın qorunması, texnologiyanın cəmiyyətin inkişafına xidmət etməsi və xüsusilə gənc nəslin bu inkişaf prosesində qorunan tərəf olaraq qalmasıdır. Azərbaycan üçün də bu təcrübə gələcək hüquqi və institusional qərarların formalaşmasında ciddi düşünmə mövzusu ola bilər.

Mövzunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli də şərh edib.

Ekspertin sözlərinə görə, Türkiyənin bu addımını sadəcə bir "qadağa" deyil, rəqəmsal dünyanın "yetkinlik yaşına" keçid cəhdi kimi qiymətləndirirəm. 
Azərbaycan kontekstində bu məsələyə baxsaq, biz rəqəmsallaşma sürəti yüksək olan bir ölkəyik və gec-tez bənzər tənzimləmələrin bizdə də gündəmə gəlməsi qaçılmazdır. Lakin məsələnin kökündə 15 yaş limiti deyil, uşağın həmin texnologiyanın məsuliyyətini daşıya bilib-bilməməsi dayanır.
Çoxları qorxur ki, yaş məhdudiyyəti uşaqların texnoloji inkişafdan geri qalmasına səbəb olar. Amma gəlin səmimi olaq: süni intellekt uşaq üçün həm sonsuz bir kitabxana, həm də çox təhlükəli bir manipulyasiya alətidir. 15 yaşa qədər tətbiq olunan məhdudiyyət uşağı texnologiyadan qoparmır, sadəcə onun hələ tam formalaşmamış psixikasını "deepfake" kimi ağır etik pozuntulardan və kiber-bullinqdən qoruyur. Bu, uşağa avtomobil sürməyi qadağan etmək deyil, onun sükan arxasına lisenziyasız əyləşməsinin qarşısını almaq kimidir. Adaptasiya prosesi məktəbdə nəzarətli şəkildə davam edə bilər, amma fərdi istifadədə hüquqi məsuliyyət çərçivəsinin olması şərtdir.

Ekspertin fikrincə, seçim qadağa ilə təhsil arasında olmamalıdır; bizə "tənzimlənən təhsil" lazımdır. Təkbaşına qadağa uşağı gizli yollara sövq edir, təkbaşına etika dərsi isə real təhlükənin qarşısında zəif qalır. Ən effektiv yol "Rəqəmsal Etika" və "Süni İntellekt Savadlılığı" dərslərinin kurikulumun ayrılmaz hissəsinə çevrilməsidir. Uşaq anlamalıdır ki, ekran arxasında anonim olmaq ona başqasının ləyaqətini alçaltmaq hüququ vermir. Real həyatda cinayət olan hər şey rəqəmsal dünyada da cinayətdir - bu bəsit, amma fundamental prinsipi aşılamaq qadağadan daha effektivdir. Valideynlərin maarifləndirilməsində biz köhnəlmiş mühazirə metodlarından uzaqlaşmalıyıq. İndi valideynə "uşağın telefonuna bax" demək işə yaramır. Onlara "Simulyasiya Seminarları" təşkil edilməlidir. Məsələn, valideynlərə süni intellektin bir neçə saniyə ərzində necə saxta səs və ya şəkil yarada bildiyi əyani göstərilməlidir. Yalnız təhlükənin sürətini və reallığını görən valideyn övladının rəqəmsal davranışına qarşı daha diqqətli olur. Həmçinin, məktəblərdə "Valideyn-Uşaq Rəqəmsal Müqaviləsi" kimi metodlar tətbiq oluna bilər. Bu, tərəflərin texnologiyadan istifadə zamanı bir-birinin qarşısında götürdüyü etik öhdəlikləri ehtiva edir. Bir sözlə, biz süni intellekti uşaqlardan gizlətməklə deyil, həm valideynə, həm də uşağa bu "alovla" necə davranmağı öyrətməklə qalib gələ bilərik.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31