Qlobal elmi arenada Azərbaycan elmini təmsil edir: pafoslu iddia, yoxsa məzmunsuz etiket?- ÖZƏL
10:38 SosialSon illər tez-tez rast gəlinən bir ritorik formul var: "X universitetdə çalışan alim Azərbaycan elmini qlobal elmi arenada fəxrlə təmsil edir." İlk baxışda bu cümlə qürurverici səslənir. Lakin bir qədər dərindən baxdıqda, ciddi metodoloji və etik suallar ortaya çıxır. Əgər həmin şəxs xarici universitetdə çalışırsa, bütün akademik fəaliyyəti o institusional mühitlə bağlıdırsa, Azərbaycanla faktiki elmi əlaqəsi yoxdursa - bu zaman o, nəyi və kimi təmsil edir?
Elmi təmsilçilik nədir?
Elmi təmsilçilik pasportla ölçülən anlayış deyil. O, institusional bağlılıq, akademik töhfə və elmi ekosistemə real iştirakla müəyyən olunur. Bir alim:
.Azərbaycan universitetində dərs demirsə,
.burada magistr və ya doktorant yetişdirmirsə,
.birgə elmi layihələr aparmırsa,
.yerli elmi məktəblərin inkişafına töhfə vermirsə,
.milli elmi institutlarla sistemli əməkdaşlıq qurmursa,
bu halda onun "Azərbaycan elmini təmsil etməsi" yalnız simvolik və formal bir iddia olaraq qalır.
Şəxsi karyera ilə milli elmin eyniləşdirilməsi
Xarici universitetdə çalışan alim, ilk növbədə, həmin universitetin elmi reputasiyasına xidmət edir. Onun məqalələri, qrantları, layihələri, istinadları o institusiyanın statistik göstəricilərinə yazılır. Bu, akademik sistemin təbii qaydasıdır. Burada problem şəxsin xaricdə çalışması deyil; problem, fərdi akademik uğurun avtomatik şəkildə milli elmin uğuru kimi təqdim edilməsidir.
Bu yanaşma elmi reallığı təhrif edir və yanlış təsəvvür yaradır: guya Azərbaycan elmi qlobal arenada güclüdür, halbuki həmin uğurlar ölkə daxilində elmi institutlara, laboratoriyalara, doktorantura məktəblərinə çevrilmir.
Pafoslu cümlələrin institusional zərəri
"Azərbaycan elmini qlobal elmi arenada təmsil edir" kimi ifadələr:
.daxildə real problemlərin (zəif doktorantura, formal elmi rəhbərlik, nəticəsiz qrantlar) üstünü örtür,
.elmi siyasətdə özünütəsəlli illüziyası yaradır,
.real elmi islahatlara ehtiyacı arxa plana keçirir.
Əgər elmi uğur yalnız xaricdə çalışan şəxslərin adları ilə ölçülürsə, bu artıq elmi inkişaf deyil, elmi vitrinçilikdir.
Elmlə əlaqə iddia yox, mexanizmdir
Bir alim doğrudan da Azərbaycan elmini qlobal səviyyədə təmsil etmək istəyirsə, bu, konkret mexanizmlərlə mümkündür:
.birgə tədqiqat qrupları,
.ikili doktorantura proqramları,
.yerli doktorantlara birbaşa rəhbərlik,
.Azərbaycan universitetlərinin adının müəllif affiliyasiyasında yer alması,
.elmi məktəb və istiqamət formalaşdırılması.
Bunlar yoxdursa, təmsilçilik də yoxdur - yalnız emosional ritorika var.
"Qlobal elmi arenada təmsilçilik" iddiasının ölçülməsi: indikatorlara əsaslanan analitik model
"Xaricdə çalışan alim Azərbaycan elmini qlobal elmi arenada təmsil edir" iddiası yalnız emosional və simvolik bəyanat olaraq deyil, ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməlidir. Aşağıda bu iddianın reallıq dərəcəsini müəyyənləşdirmək üçün təklif olunan indikator əsaslı ölçmə modeli təqdim olunur.
I. İnstitusional bağlılıq indikatorları (əsas blok) - bu blok alimlə Azərbaycan elmi sistemi arasında faktiki institusional əlaqəni ölçür.
1. Akademik məşğulluq və Kadr hazırlığı indikatorları
.Azərbaycan universitetində rəsmi və ya yarımştat əmək müqaviləsi
.Qonaq professor, professor-konsultant statusu
2. Tədris fəaliyyəti
.Son 5 ildə Azərbaycanda oxuduğu mühazirə kurslarının sayı
.Magistr və ya doktorantura səviyyəsində dərslər
3. Doktorant yetişdirilməsi
.Azərbaycan vətəndaşı olan doktorantlara elmi rəhbərlik (əsas və ya birgə)
Müdafiə olunmuş dissertasiyaların sayı (son 10 il)
4. Gənc tədqiqatçılarla iş
.Postdok, magistrant, gənc müəllimlərlə mentorluq
.Yay məktəbləri, elmi seminarlar
5. Birgə elmi məqalələr
.Azərbaycan universiteti və ya elmi institutunun affiliyasiyası ilə məqalələr
.Son 5 ildə Web of Science / Scopus bazalarında
6. Sitasiya və təsir
.Azərbaycan affiliyasiyası olan məqalələrin sitasiya sayı
II. Layihə və qrant indikatorları (strateji blok)
7. Birgə elmi layihələr
.Azərbaycan tərəfinin iştirak etdiyi beynəlxalq layihələr
.Koordinator və ya əsas icraçı statusu
8. Maliyyə transferi
.Qrant və layihə vəsaitinin Azərbaycan elmi qurumlarına yönəlməsi
III. Elmi məktəb və davamlılıq indikatorları (keyfiyyət bloku)
9. Elmi istiqamət və məktəb
.Azərbaycanda konkret elmi istiqamətin formalaşdırılması
.Davamlı tədqiqat qrupu
10. Sistemli əməkdaşlıq
.Memorandumlar, ikili proqramlar, uzunmüddətli əməkdaşlıq
Beləliklə, real elmi təmsilçilik adla yox, nəticə ilə, mənşə ilə yox, əlaqə ilə, pafosla yox, mexanizmlə ölçülməlidir.
Nəticə: adlarla deyil, sistemlə təmsil olunmaq
Azərbaycan elminin qlobal arenada real təmsilçiliyi ayrı-ayrı adların pafoslu təqdimatı ilə deyil, institusional güclənmə, yerli elmi mühitin inkişafı və beynəlxalq əməkdaşlığın daxilə transferi ilə mümkündür.
Əks halda, "fəxrlə təmsil edir" cümləsi elmi reallığı izah edən anlayış deyil, sadəcə yaxşı səslənən, lakin məzmunu olmayan bir şüara çevrilir. Elmi şüarlarla yox, məsuliyyətli əlaqə və nəticə ilə ölçmək lazımdır.
Zahid Məmmədov
Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor.