Təhsil və din: məktəblərdə dini biliyin tədrisi lazımdırmı?

Din insanın daxili dünyasını, həyat tərzini və əxlaqi prinsiplərini müəyyən edən, min illərlə formalaşmış mənəvi dəyərlər sistemidir, Tarix boyu dinlər cəmiyyətlərin formalaşmasında, etik normaların yaranmasında, insan davranışlarının tənzimlənməsində mühüm rol oynayıb. Din insanın əxlaqını və davranışını istiqamətləndirir, onun dürüst, mərhəmətli və ədalətli olmasına təkan verir. Təhsil isə cəmiyyətin gələcəyini formalaşdıran əsas institutlardan biridir. Düşünürəm ki, təhsil insanın bilik, bacarıq və düşüncə imkanlarını artıran, onun dünyanı anlama qabiliyyətini inkişaf etdirən sistemdir. Məktəb biliklərinin ötürüldüyü yer deyil, eyni zamanda, şəxsiyyətin formalaşdığı, dəyərlərin aşılandığı  məkandır. Məncə, təhsil və din arasında bir-birini tamamlayan təbii bir əlaqə var, biri insanın ağlını, digəri isə ruhunu zənginləşdirir.
Son günlər ictimai müzakirələrə səbəb olan mövzulardan biri də məktəblərdə dini biliklərlə bağlı dərslərin keçiriləcəyi  xəbərləridir. Sosial şəbəkələrdə, mediada və ictimai müstəvidə bu mövzu müxtəlif rakurslardan şərh olunur, fərqli mövqelər səsləndirilir. Bəziləri bunu cəmiyyət üçün zəruri addım kimi dəyərləndirir, digərləri isə dünyəvilik prinsipinə zidd ola biləcəyindən ehtiyatlanır. Əslində isə müzakirənin mahiyyəti "din tədris edilsinmi" sualından daha çox, "din necə, hansı çərçivədə və hansı məqsədlə təqdim olunmalıdır?" məsələsi ətrafında cəmlənməlidir. Bu gün gənclərin böyük bir hissəsi dini məlumatları sosial şəbəkələrdən, təsdiqlənməmiş mənbələrdən, bəzən isə radikal çağırışlarla yüklü platformalardan əldə edir. Belə bir mühitdə məktəbin tamamilə kənarda qalması maarifçilik boşluğu yaradır. Rəsmi qurumların da vurğuladığı kimi, bu sahədə məktəblərin və təhsil sisteminin imkanlarından daha səmərəli istifadə olunmalıdır. Burada söhbət konkret bir dinin təbliğindən və ya şəriət qaydalarının öyrədilməsindən getmir. Söhbət dini düşüncə mədəniyyətinin, tolerantlığın, müxtəlif inanclara hörmətin, dinin tarixi və mədəni rolunun izah edilməsindən gedir. 
Müzakirələrin fonunda əsas sual budur: dini biliklər məktəbdə necə və hansı çərçivədə tədris olunmalıdır? Dünyəvi təhsil sistemində dini-mənəvi dəyərlərin hansı çərçivədə tədrisi daha məqsədəuyğundur? Mövzu  ilə  bağlı  təhsil eksperti Ramin Nurəliyev Olaylar.az-a açıqlama verib:

"Ümumiyyətlə orta ümumi təhsil məktəblərində dini biliklər deyəndə, təkcə dini biliklərin tədrisi doğru olmaz. Çünki biz dünyəvi dövlətik və dünyəvi dövlətdə din dövlətdən ayrıdır. Amma dini biliklər deyəndə, məsələn, "İnsan və cəmiyyət" kimi fənlərin tərkibində müəyyən dini-əxlaqi, xarakter formalaşdıran, insanın dünyagörüşünü inkişaf etdirən dinin bəzi qayda-qanunları ilə bağlı mövzuların salınması mümkündür. Lakin təkcə dini mövzuların tədris edilməsi hesab edirəm ki, doğru olmaz. Çünki dünyəvi dövlətlərdə din dövlətdən ayrı olduğu üçün orta ümumi təhsil məktəblərində təkcə dini mövzuların aşılanması, şagirdlərin dini məzmunda formalaşdırılması düzgün deyil. Bununla yanaşı, dini mövzularda müəyyən məlumatların verilməsi, dinin əxlaqa, təlim-tərbiyəyə xas olan cəhətlərinin qeyd olunması şagirdlər üçün çox faydalı ola bilər. Xüsusilə də İslam dinində, hamımızın bildiyi kimi, tərbiyə yönümlü mövzular kifayət qədər genişdir və bu istiqamətdə verilən biliklər şagirdlərin əxlaqi cəhətdən yetişməsinə, formalaşmasına öz töhfəsini verə bilər. Bu mövzular hesab edirəm ki, ümumi şəkildə salınarsa, orta ümumi təhsil məktəblərində "İnsan və cəmiyyət" fənninin tərkibində verilsə, daha məqsədəuyğun olar. Çünki hazırda da bu istiqamətdə, tədris planında bu mövzulara yaxın məsələlər işlənir. Hesab edirəm ki, məcburi və ya könüllü ayrıca fənn formasında deyil, ümumi proqramın tərkib hissəsi kimi salınsa və proqram əsasında tədris olunsa, daha faydalı olar. Tədris proqramına daxil edilməsi və ümumi olaraq bütün şagirdlərə tədris formasında keçirilməsi daha məqsədəuyğun hesab oluna bilər.
Üçüncü məsələ dünyəvi təhsil sistemində dini-mənəvi dəyərlərin hansı çərçivədə tədrisinin daha uyğun olması ilə bağlıdır. Bizdə hesab edirəm ki, mövzu baxımından xüsusilə tərbiyə anlayışı, ata-anaya hörmət, valideyn qarşısında olan öhdəliklər, tərbiyə xarakterli bəzi məqamlar, məsələn, ailə ilə rəftar, sinif yoldaşları ilə münasibət, ətraf mühit və cəmiyyətlə davranış, düzgünlük, doğruluq, məsuliyyət kimi mövzuların salınması daha məqsədəuyğundur. Çünki şagirdlərin cəmiyyətə daha faydalı fərdlər kimi yetişməsi üçün bu istiqamətdə seçilən mövzular onların formalaşmasında daha böyük rol oynayacaq. Yəni, dini-mənəvi tədris istiqamətində ən doğru mövzular məhz bu mövzulardır. Şagirdin formalaşmasında bu tərbiyəvi mövzuların istər-istəməz böyük faydası var və bu mövzuların tədris planına salınması, hesab edirəm ki, şagirdlərin düzgün formalaşmasına xidmət edəcək.
Müəllim hazırlığı və dərs məzmunu baxımından mövcud olan risklər və üstünlüklərə gəldikdə isə, ilk növbədə bu fənni tədris edəcək müəllimlərin həmin istiqamətdə formalaşması vacibdir. Məsələn, bizdə İslam Universiteti var və bu universitetin məzunları mövcuddur. İslam Universitetinin məzunlarından müəyyən qədər bu fənnin tədrisində yararlanmaq olar, onlara bu istiqamətdə dəstək verilə bilər. Çünki əgər biz "İnsan və cəmiyyət" fənnində dini-mənəvi, əxlaqi mövzuların tədrisini həyata keçiriləcəksə, təbii ki, bu sahədə bilikli kadrlar lazımdır ki, şagirdləri də düzgün istiqamətdə formalaşdıra bilsinlər. Ona görə də düşünürəm ki, bu məsələ tədris prosesinə daxil ediləcəksə, mütləq şəkildə müvafiq mütəxəssislərin fəaliyyətindən istifadə olunmalıdır. Mənim fikrimcə, bu baxımdan İslam Universitetinin imkanlarından yararlanmaq olar.
Bunun üstünlükləri və riskləri nədən ibarət ola bilər? Üstünlüklər ondan ibarətdir ki, şagirdlər əxlaqi və mənəvi baxımdan daha sağlam şəkildə formalaşacaqlar. Bu, əsas üstünlüklərdən biridir. Risklər isə ondan ibarət ola bilər ki, tədris prosesini həyata keçirən müəllimlərin düzgün seçilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki əgər müəllimlər başqa əxlaqi baxışların və ya dini cərəyanların nümayəndələri olarsa, bu, ciddi risk yarada bilər. Xüsusilə diqqət yetirilməlidir ki, müəllimlər başqa dini cərəyanlara və ya təriqətlərə mənsub olmasınlar ki, uşaqları da həmin istiqamətdə formalaşdırmasınlar".
Məktəb yaşında uşaqlara dini biliklərin verilməsi nə dərəcədə vacibdir?dini biliklərin məktəb mühitində ötürülməsi hansı prinsiplərə əsaslanmalıdır? Bu suallara dini baxımdan daha geniş cavab tapmaq üçün ilahiyyatçı-psixoloq Fazil Əhməd Olaylar.az-a açıqlama verib: "Dini biliklərin məktəblərdə necə və hansı çərçivədə tədris olunması vacib məsələdir. Dini biliklər elə şəkildə proqramlaşdırılmalıdır ki, orada məzhəbçiliyə yol verilməsin. Burada yalnız ümumi dini biliklərdən söhbət gedə bilər və əsasən də İslam əxlaqı mövzuları mütləq tədris olunmalıdır. Bu, təkcə bizim kimi müsəlman ölkələrində deyil, hətta Rusiya kimi xristian ölkələrində də tətbiq olunur. Yəni artıq bir neçə ildir ki, bu təcrübə mövcuddur. Elə deyil ki, Azərbaycanda bu ilk dəfə gündəmə gəlir və biz qorxaq ki, bunu tətbiq etməsək, birdən hansısa zərəri olar. Rusiya kimi xristian ölkəsində, üstəlik, müxtəlif dövrlərdə müharibələr yaşamış bir ölkədə bu tədrisə icazə verilibsə, deməli, bu, cəmiyyət üçün təhlükə hesab edilmir. Əgər təhlükəli olsaydı, Rusiya buna icazə verməzdi. Halbuki Rusiyada valideynin istəyi əsasında, rəsmi şəkildə, valideyn razılığı ilə məktəblərdə ya İslam əxlaqı və İslam dini haqqında biliklər, ya da digər dinlərə aid məlumatlar uşaqlara qrup şəklində tədris olunur. Ona görə də mən bunu təhlükə kimi görmürəm və bu mövzuda qorxulu yanaşmanı düzgün hesab etmirəm. Dünyanın bir çox ölkələrində məktəblərdə dini dərslər müəyyən çərçivələr daxilində tədris olunur. Əsas İslam əqidələri və əsas İslam əxlaqı elə proqramlaşdırıla bilər ki, bu, uşaqların hansısa məzhəbə yönəlməsinə səbəb olmaz. Ümumiyyətlə, proqramlarda məzhəbçilikdən söhbət belə getməməlidir.

Xüsusilə İslam əqidəsi -Allahın varlığı və təkliyi, peyğəmbərlik anlayışı, İslamda peyğəmbərlik, ölümdən sonrakı həyatla bağlı əqidəvi sübutlar və dəlillər bunlar ümumi əqidələrdir. Bunların heç bir məzhəblə xüsusi bağlılığı yoxdur və bütün məzhəblərdə mövcuddur. Buna görə də hər hansı ayrı-seçkiliyə yol açmır. Düşünürəm ki, əsas diqqət İslam əxlaqına verilməlidir. Çünki İslam əxlaqı birbaşa davranışa yönəlir.  Dini biliklərin verilməsinin nə dərəcədə vacib olduğuna gəldikdə isə, bu gün narkomaniyanın inkişaf etdiyi bir dövrdə, müxtəlif siyasi, dini, radikal meyillərin yarandığı dövrdə  yeganə çıxış yolu uşaqların düzgün dini biliklərə malik olmasıdır. Əgər proqram düzgün hazırlanarsa və tədris düzgün aparılarsa, uşaqlar artıq erkən yaşlardan həmin radikal cərəyanlar haqqında məlumatlı olar və onların təhlükəsini anlayar. Bu da həmin meyillərə yönəlməmələrinə səbəb olar. Bu, bütün sahələrdə belədir. Məsələn, xəstəlik praktikasında da uşaqlar xəstələnməsin deyə xəstəliyin özü öyrədilmir, əksinə, peyvənd vurulur ki, xəstəlik yaxın durmasın. Dini biliklər də bu baxımdan bir növ qoruyucu rol oynayır. Uşaqda dini biliklər olmalıdır ki, din barədə anormal və radikal düşüncələrlə qarşılaşanda artıq məlumatlı olsun və özü onlardan uzaq dursun. Yoxsa bu düşüncələr onun üçün yeni və maraqlı olar, fərqli təsir bağışlayar və təhlükəli meyillərə qoşulmasına səbəb ola bilər.
Unutmamalıyıq ki, uşaq təkcə məktəbdə olmur- məhəllədə, müxtəlif mühitlərdə olur və xüsusən internet dövründə çoxsaylı mənbələrdən məlumat alır. Ona görə də bu məsələni çox vacib və mühüm hesab edirəm. Sağlam dini düşüncənin formalaşması üçün ailə, məktəb və müvafiq qurumlar arasında düzgün əməkdaşlıq modeli qurulmalıdır. Bunun üçün sağlam düşüncəli müəllimlər və sağlam proqramlar olmalıdır. Müəllimlərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda valideynlərlə də xüsusi görüşlər keçirilə bilər. Bu görüşlər Dini Komitənin və sağlam düşüncəli müəllimlərin iştirakı ilə təşkil oluna bilər. Çünki valideynlər arasında da dini mövzularla bağlı çoxlu suallar və çaşqınlıqlar mövcuddur. Valideynlərin özləri də bəzən manipulyasiyaya açıq olurlar. Ona görə də seminarlar, konfranslar və maarifləndirici görüşlər valideynlərin də bu sahədə məlumatlanmasına kömək edər.
Bu dərslər cəmiyyətdə tolerantlıq və dözümlülük anlayışının formalaşmasına da töhfə verə bilər. Amma bu, yalnız o halda mümkündür ki, seçilən müəllimlər tolerant düşüncəli olsun və proqramlar sırf ümumi dini biliklərə əsaslansın, məzhəbçilikdən uzaq olsun və İslam əxlaqına dair əsas təlimləri çatdırsın. Bu zaman uşaq artıq kiçik yaşlarından anlayacaq ki, biz bütün dinlərə və məzhəblərə qarşı dözümlü olmalıyıq, dini fərqliliklərə və müzakirələrə tolerant yanaşmalıyıq. Bu isə birbaşa keçilən proqramdan asılıdır. Əgər proqramda tolerantlıq anlayışına yer verilərsə və bu anlayış düzgün izah olunarsa, gələcək üçün hazır, sağlam düşüncəli bir gənc formalaşar. Harada təhsil almasından asılı olmayaraq, dini mövzularda tolerant mövqe sərgiləyər. Yəni uşaqların tolerant böyüməsi birbaşa tədris olunan proqramlardan və dərslərin məzmunundan asılıdır". 
Məktəblərdə dini biliklərin tədrisi yalnız bilik ötürmək deyil, gənclərin əxlaqi və mənəvi inkişafına xidmət edən bir vasitədir. Düzgün proqramlaşdırılmış və peşəkar müəllimlərin rəhbərliyi ilə həyata keçirildikdə, bu dərslər uşaqları radikal təsirlərdən qoruyur, tolerantlığı artırır və cəmiyyətə faydalı fərdlər kimi formalaşdırır. Məqsəd sadəcə dini öyrətmək deyil, həm də gələcək nəsli etik, mədəni və tolerant düşüncəli yetişdirməkdir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31