Azərbaycanda məşhur verilişlərin taleyi sual altında – Bağlanır?

Audiovizual Şuranın sədri İsmət Səttarovun verilişlərlə bağlı çıxışı diqqət çəkib. O bildirib ki, efirlərdə vəziyyət qənaətbəxş olmadığı üçün süni intellektə əsaslanan xüsusi proqram hazırlanıb və test mərhələsindədir.

Sitat: "Noyabrın ilk iki həftəsində aparıcılar təxminən 3 min dəfəyə yaxın əcnəbi sözlər istifadə edib, təkcə "okay" sözü 104 dəfə səslənib. Biz bu sözləri toplayaraq yanvar ayından kanallara məlumat kimi göndərəcəyik ki, məsələn, filan aparıcı filan verilişdə bu sözdən istifadə etdi. 3 aydan sonra Şura dil haqqında qanunundan irəli gələrək cərimələr tətbiq edəcək. Cərimə 500 manatdan 1000 manata qədərdir".

Lakin sosial şəbəkələrdə istifadəçilərin çoxu əsas problemin məhz Xoşqədəm Hidayətqızı, Tarix Əliyev (Tolik), Zaur Bəxşəliyev, Zaur Kamal və sair kimi aparıcıların verilişlərinin olduğunu qeyd edir, belə proqramların bağlanmasını tələb edirlər.

Bu cür formatlı verilişlərə qadağa qoyula bilərmi?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, dilimizin saflığı hər birimizin borcudur, amma məsələ tək bir sözün üstündə dayanıb qalmır:

"Məsələnin kökündə dilin özünü korlayan, ictimai zövqü zədələyən, televiziya mədəniyyətini aşağı salan ümumi bir fon durur. Vətəndaşın "sözə görə cərimə yox, filan-filan verilişlərin bağlanmasını istəyirik" reaksiyası da, əslində, bunun məhsuludur. İnsanlar dilin işlənməsini tənzimləməkdən çox, televiziyanın ruhunu tənzimləyən bir keyfiyyət dəyişikliyi arzulayırlar. Hər zaman hesab etmişəm ki, cəmiyyət ölkənin qadağa yox, keyfiyyət tələb edən bir orqanizmi kimi çıxış etməlidir. Hansısa verilişi birdəfəlik bağlamaqla qayğımız aradan qalxacaqmı? Veriliş bağlanır, amma onun yaratdığı "tələbat", formalaşdırdığı "zövq" və "boşluq" başqa cür yenidən ortalığa çıxır. Yəni qadağa ən son mərhələdir, media siyasətində həm də zəif bir alətdir".

Azərbaycanda məşhur verilişlərin taleyi sual altında - Bağlanır?

Əkbər Qoşalı

Araşdırmaçı bildirib ki, televiziya verilişləri birinci növbədə ictimai məsuliyyət meyarı ilə ölçülməlidir:

"Əgər hansısa proqram sosial-psixoloji mühitə, ailə institutuna, ümumi mədəniyyətə zərər vurursa, burada Audiovizual Şura cərimədən də güclü mexanizmlər tətbiq edə bilər. Məsələn, formatın dəyişdirilməsi, peşəkar redaksiya nəzarətinin artırılması, etik kodeksə uyğunluğun monitorinqi, efir mədəniyyətinin ucaldılması üçün tələblərin sərtləşdirilməsi və sair bu sırada yer alır. Bu proses tədrici olmalıdır. Çünki televiziya boşluğu sevmir. Bir format qadağan olundu deyə onun doğurduğu zövq də aradan qalxmaya bilir.

Hüquqi olaraq proqramların bağlanma ehtimalı var. Lakin cəmiyyəti və medianı inkişaf etdirən alət, mexanizm bağlamaq yox, yüksəltməkdir. Problem tək bir aparıcıda və ya bir proqramda deyil, problem mədəniyyətin ümumi standartındadır. Əgər biz dilin saflığını qoruyuruqsa, efirin saflığını da qorumalıyıq. Ancaq bunu cəza ilə yox, mədəni yüksəliş mexanizmi ilə etmək alternativlərin ən yaxşısıdır. Televiziyanı cərimə etməklə düzəltmək çətindir. Bunu tələbatı dəyişmək, keyfiyyəti artırmaq və izləyiciyə daha yaxşı alternativ təqdim etməklə düzəltmək mümkündür. Mədəniyyət qadağalardan yox, örnəklərdən güc alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31