Sosial elmlər və "ideoloji təhlükəsizlik": mümkün olmayan evlilik- ÖZƏL

Yaxınlarda Azərbaycanda sosial elmlərin durumu ilə bağlı keçirilən bir tədbirdə iştirak etdim. Fərqli nəsillərdən tədqiqatçılar, müəllimlər və tələbələr sosial elmlərin problemlərini müzakirə edirdilər. Müzakirələr maraqlı idi, çox dəyərli fikirlər də səsləndi. Amma bir ifadə yenə diqqətimi çəkdi: "ideoloji təhlükəsizlik". Bu ifadə son illər təkcə elmi tədbirlərdə deyil, rəsmi çıxışlarda, mediada, dərsliklərdə, ümumiyyətlə siyasi diskursun bütün qatlarında tez-tez təkrarlanır. Və mənim üçün əsas sual budur: ideoloji təhlükəsizlik qayğısı daşıyan bir sosial elm mümkün ola bilərmi? Açıq cavabım budur: xeyr, mümkün deyil.
Sosial elmlərin məqsədi nədir?
Əvvəlcə sosial elmlərin özündən başlayaq. Sosiologiya, politologiya, antropologiya, sosial psixologiya və digər sosial elmlərin əsas məqsədi cəmiyyəti olduğu kimi anlamaq, izah etmək və tənqidi şəkildə dəyərləndirməkdir. Onlar:
faktları "yuxarıdan verilmiş həqiqətlərə" uyğunlaşdırmır, əksinə həqiqətləri faktlarda, real təcrübələrdə axtarır;
özünü dövlətin, partiyanın, hər hansı ideologiyanın təbliğat şöbəsi kimi yox, müstəqil bilik sahəsi kimi qurur;
"nə olmalıdır?" sualından əvvəl "nə baş verir?", "niyə belə olur?", "bundan kim qazanır, kim uduzur?" suallarını verir.
Qısaca, sosial elmin bir neçə fundamental prinsipi var: obyektivlik, tənqidi düşüncə, metodoloji şəffaflıq, sorğulama azadlığı və ideoloji məsafə. Bu prinsiplər zədələndiyi an, ortaya çıxan şey artıq elm deyil, sadəcə "elmi dilə bürünmüş ideologiya" olur.
"İdeoloji təhlükəsizlik" nələri problem kimi konstruksiya edir?
Müşahidə etdiyim və anladığım qədər, "ideoloji təhlükəsizlik" adı altında əsasən bunlar nəzərdə tutulur:
Qərb mənşəli hesab edilən liberal, demokratik və fərdiyyətçi dəyərlərin yayılması;
gender bərabərliyi, feminizm kimi mövzuların aktuallaşması;
dindən uzaqlaşma və ya dindən fərqli düşünmə formalarının (ateizm, aqnostisizm) görünməyə başlaması;
bir sözlə, cəmiyyətdə mövcud olan fərqli dünyagörüşlərinin təhlükə, milli dəyərlərin isə "təhlükəsizlik qalxanı" kimi qurulması.
Əgər sosial elmin vəzifəsi əvvəlcədən müəyyən edilmiş bu "ideoloji çərçivəni" qorumaqdırsa, onda elmdən danışmağa dəyməz. O halda tədqiqatçı həqiqəti deyil, "təsdiqlənməsi arzu olunan" nəticəni axtarır. Bu isə artıq elm deyil, siyasətin elmdən istifadə etməsidir.
Bu gün "milli sosial elmlərimiz"i siyasətdən ayırmaq, demək olar, mümkün deyil. İdeoloji təhlükəsizlik diskursu, elmin prioritetinə çevriləndə, sosial elmlər cəmiyyətin həqiqi problemlərini araşdırma predmeti kimi seçmir və ya seçə bilmir. Məsələn:
Yoxsulluq: Rəsmi statistikaya görə Azərbaycanda yoxsulluq səviyyəsi 5-6 faizdir. Bu rəqəm siyasi diskursda tez-tez təkrarlanır. Bu halda kim hansı "yoxsulluqdan" araşdırma aparsın? Statistika ilə problem bitibsə, bu sahədə tədqiqat niyə aparılsın?
Sosial siniflər və bərabərsizliklər: Gəlir fərqləri, sinfi stratifikasiya, bölgələrarası və mərkəz-kənar ziddiyyətləri, təhsildə bərabərsizlik - bunlar sosial elmin klassik mövzularıdır. Amma ideoloji prioritet "sabitlik" və "milli birlik" kimi təqdim olunanda sinif fərqlərini qabartmaq "uyğun" sayılmır. Onun yerinə, "bizdə zənginlər və yoxsullar bir ailə kimi yaşayır!" demək daha uyğun sayılar.
Gender bərabərsizliyi: Rəsmi diskursda tez-tez "bizdə gender bərabərsizliyi yoxdur", "Azərbaycan qadına dəyər verən ölkədir" kimi şüarlar səslənir. Belə olanda gender bərabərsizliyini tədqiq etmək niyə lazım olsun ki? Onsuz da hakim fikrə görə belə problem mövcud deyil.
Etnik və milli azlıqlar: Azərbaycanda multikulturalizm "dünya üçün model" kimi təqdim olunur. O zaman etnik azlıqların real sosial-iqtisadi durumu, diskriminasiya problemləri, dillərin assimilyasiyası kimi məsələləri tədqiq etmək "imicə zərər" kimi görünür və bu mövzulara toxunmaq riskli sayılır.
Demokratik dəyərlər və siyasi iştirak: Demokratiya, seçki mədəniyyəti, vətəndaş cəmiyyəti, söz azadlığı kimi məsələlər sosial elmin klassik tədqiqat sahələridir. Amma ideoloji təhlükəsizlik prioritet olanda bu mövzulara toxunmaq "siyasi həssaslıq" adı ilə kənara itələnir.
Beləliklə, problem təkcə mənbə azlığı, metodoloji cəhalət və ya tədqiqat vərdişlərinin zəifliyi deyil. Bunların üzərinə bir də "milli dəyərlərimizi qorumaq" kimi təqdim olunan ideoloji yük gəlir. Və bu yük müstəqil elmi fikrin inkişafına imkan vermir. 
Elm, suallar verməkdən qorxmur; "tabu" mövzuları da araşdırma predmeti edə bilir; rəsmi statistikaya tənqidi baxa bilir; "milli imicə zərər gələr" qayğısı ilə yox, həqiqət qayğısı ilə işləyir.  Əgər tədqiqatçıya əvvəlcədən deyilir ki, (və ya vəziyyət onu buna məcbur edirsə) "bu mövzuya toxunma, bunu bu cür yaz, bu nəticəyə gəlməlisən", artıq orada sosial elm yoxdur. Orada yalnız ideologiyanın özünü "elmi diskurs" kimi təqdim etməsi var.
"Bizim milli dəyərlərimiz var, onları qorumalıyıq" motivasiyası ilə hərəkət etmək, elmi tədqiqatın səviyyəsini, mövzu seçimimizi, nəticələrimizi, hətta dilimizi belə müəyyənləşdirir.
Sonda, bir daha Azərbaycanda sosial elmlər sahəsində gödüyüm problemləri sıralasam,
Mənbə azlığı - problemdir.
Metodologiya savadsızlığı - problemdir.
Aktual tədqiqat mövzularının azlığı - problemdir.
Amma bütün bunlara əlavə olaraq, ideoloji qayğı daşımaq sosial elmi faktiki olaraq mümkünsüz edir.
Bu şəraitdə sosial elmlər formal olaraq mövcud ola bilər - elmi kafedralar, ixtisaslar, elmi adlar və diplomlar şəklində. Amma elmin özü, yəni cəmiyyətin real problemlərini araşdıran, onu anlamaya və dəyişməyə imkan verən tənqidi düşüncə mədəniyyəti formalaşmır. İdeoloji təhlükəsizlik qayğısı ilə yaşayan sosial elm, əslində, öz varlıq səbəbini - həqiqəti axtarmaq və cəmiyyəti anlamaq missiyasını daşımır. Və bu, ölkəmizdə sosial elmlərin təkcə bu günü üçün yox, gələcəyi üçün də ciddi təhlükədir.

Asəf Qəmbərov
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31