Söz və sənətin qiymətli nümayəndəsi

Ulu Öndər Heydər Əliyev deyirdi ki, "şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur". Böyük yunan filosofu Aristotelin təbirincə isə, ədəbiyyat tarixdən daha ciddi bir sahə idi. Təsadüfi deyildi ki, bu nəhəng fikir adamının dünya elminin əsaslarını təşkil edən əsərləri sırasında "Poetika" və "Ritorika" əsərləri  məhz ədəbiyyat, sənət və dil məsələlərinə həsr edilmişdi. Bu mənada özündə müxtəlif elm və sənət sahələrini çulğaşdıran ədəbiyyaın tədqiq edilməsi, ədəbiyyat adamlarının öyrənilməsi də elm qarşısında mühüm vəzifələrdən biridir. Bu yaxınlarda nəşr olunan "Söz və qürurun zirvəsində: Hüseyn Razi"monoqrafiyası da məhz Naxçıvan ədəbi mühitində özünün dərin mündəricəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirməyə xidmət etmiş qiymətli söz adamı Hüseyn Razinin həyatı və yaradıcılığının öyrənilməsi və geniş ictimaiyyətə yaxından tanıdılması baxımından qiymətli əsərdir. Məlumdur ki, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tərkibində xüsusi ağırlıq təşkil etmiş, görkəmli şəxsiyyətlər və böyük sənət inciləri bəxş etmək baxımından ayrıcalıq nümayiş etdirmişdir. Belə qiymətli söz və sənət nümayəndələri sırasında əyilməzliyi, istedadı və sənəti ilə böyük nüfuz qazanmış Hüseyn Razi haqqında bəhs edən monoqrafiyanın özünəməxsus əhəmiyyəti və mühüm rolu vardır. Qeyd edək ki, AMEA Naxçıvan Bölməsi Əlyazmalar fondunun direktoru, filologiya elmləri doktoru, dosent Fərman Xəlilovun araya-ərsəyə gətirdiyi  "Söz və qürurun zirvəsində: Hüseyn Razi" monoqrafiyası 360 səhifədən ibarət olub, Naxçıvanda "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çox nəfis şəkildə çap edilmişdir. Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, ön sözün müəllifi və rəyçisi dosent Xanəli Kərimlidir. 

Fərman Xəlilov ciddi və səliqəli bir alimdir. Onun yazdığı elmi əsərlər mövzu və problemin yeniliyi ilə bərabər, faktoloji baxımdan da elmi zənginləşdirmək etibarilə əhəmiyyətli və özünəməxsusdur. Naxçıvan ədəbiyyatşünaslıq məktəbində tədqiqatları ilə xüsusi yer tutmuş F.Xəlilov az tədqiq olunan və ya elmə məlum olmayan faktlara müraciət etməyi, arxivlərlə işləyib faktı dəqiqləşdirməyi və genişləndirməyi özünün tədqiqatçılıq səciyyəsinə çevirmişdir. Müəllifin "Naxçıvan ədəbi mühiti: qaynaqlar" çoxcildili əsəri Naxçıvanda ədəbi və mədəni mühitin daha dəqiq təsviri və öyrənilməsi baxımından mühüm mənbələrdəndirlər. Alimin yaradıcılıq və tədqiqatçılıq dürüstlüyü və ciddiliyi son dövrlərdə yenicə nəşr edilmiş "Söz və qürurun zirvəsində: Hüseyn Razi" monoqrafiyasında da özünü göstərir. 

Əsər sözün geniş mənasında Naxçıvan ədəbi mühitinin, konkret olaraq isə söz və sənətin qiymətli nümayəndəsi Hüseyn Razinin hərtərəfli öyrənilməsi baxımından çox əhəmiyyətli bir əsərdir. Əsərdə Hüseyn Razi imzalı şairin həyatı və yaradıcılığı əhatəli və təfərrüatlı şəkildə dürüstlüklə konkret faktlara istinadən dəqiqlişdirilərək təqdim edilmişdir. Müəllif ilk səhifələrdən şairin həyatı ilə bağlı məsələlərə diqqət çəkərkən ilk tədqiqat əsəri yazmış dosent Nadir İsmayılovun monoqrafiyasına da tənqidi münasibət göstərək Hüseyn Razinin həyatı haqqında məlumatların cəmi 4 müəllifin fikirləri xüsusunda hazırlanmasına görə yetərli olmadığı qənaətini vurğulamışdır (s.13). Yetəri sayda məqalə, oçerk və digər mənbələrin diqqətdən kənarda qalmasına təəssüfünü bildirmişdir. 

Fərman Xəlilov şair Hüseyn Razinin yaradıcılığının mərhələlərə bölünməsinə də münasibətsiz qalmır, göstərilmiş 3 mərhələni (1-ci mərhələ 1950-60-cı illər axtarışlar dövrü; 2-ci mərhələ 1960-80-ci illər özünütəsdiq və yetkinlik dövrü; 3-cü mərhələ 1980-90-cı illər (şair 1998-ci ildə vəfat etmişdir - Ramiz Qasımov.) kamillik dövrü) mükəmməl və doğru görmədiyindən yenidən və dəqiq müəyyənləşdirilməsinə olan ehtiyacı dilə gətirir və öz təkliflərini yazır. Alim öz təbirincə, H.Razinin yaradıcılıq fəaliyyətini: 1. aldanış, uyğunlaşma və axtarış dövrü (1940-60-cı illər);  2. tərəddüdlər, inamsızlıq və özünütəsdiq dövrü (1960-70-ci illər); 3. etiraf və kamillik dövrü (1980-90-cı illər) kimi yeni mərhələlərə ayırır.

F.Xəlilovun H.Razi yaradıcılığı haqqında tənqidi qeydlərə, məxsusi yaradıcılıq dilində işlədilmiş "yar, mahcamal, kaman, dildar, sevdayi-eşq" və bu qəbildən olan söz və ifadələrdənistifadəyə əsaslanaraq ədəbi fikirdə tənqid edilməsinə görə milli-ədəbi ənənələrdən, klassik poeziya dilindən "imtinaya təhrik!" kimi qiymətləndirir (s.18). 

F.Xəlilov H.Razinin  Xəlil Rza tərəfindən tənqidlə qarşılanan "Kommunizmin dastanı" və "Danışır Moskva" şeirlərinin zəif alınması səbəbini "boğazdan yuxarı yazılması!" ilə əlaqələndirir və konkret olaraq ğzü də belə qiymətləndirir (s.21).

F.Xəlilovun bu əsərində ən yaxşı cəhətlərindən biri şair H.Razinin zahiri görünüşü və haqqındakı təəssüratları ümumiləşdirməklə yaradılan obrazıdır (s.31). 

F.Xəlilov şair Hüseyn Razinin ədəbi yaradıcılığa başlamısının dəqiq tarixini də titiz tədqiqatlarla dəqiqləşdirir. Müxtəlif müəlliflərin bu barədəki fikir, mülahizə və fərqli tarixlərini ortaya qoyaraq, hətta şairin özünün qeydlərinə də münasibət bəsləyərək alim məsələyə tənqidi münasibət sərgiləməklə elmi-tərcümeyi hal baxımından əhəmiyyət kəsb edən dəqiq tarixi müəyyən edir: şairin ilk çap edilən əsəri kimi qeyd edilən "Moskva" şeiri "Şərq qapısı" qəzetinin 1947, 7 sentyabr 103-cü nömrəsində çap edildiyini dəqiqləşdirir. Lakin tədqiqatçı bununla da kifayətlənmir. Araşdırmalar nəticəsində  ədəbi fikirdə şairin ilk nəşr əsəri olaraq təqdim edilmiş "Moskva" əsərindən də əvvəl H.Razinin şeirlərinin çap edildiyini müəyyənləşdirir və ortaya gətirir. Alim araşdırdığı faktlarıa əsasən göstərir ki, şair H.Razinin "Partizan andı" şeiri 1941-ci il 10 oktyabr, "Şəlalə" şeiri 1942-ci il 16 iyun, digər bir əsəri olan "Sona xanım" adlı şeiri isə 1946-cı ildə "Şərq qapısı" və "Ordubad işçisi" qzəetlərində nəşr edilmişdir. Müəllif bu məsələyə də aydınlıq gətirir ki, şair Hüseyn Razi özü də bu şeirlər barədə bəhs etməmişdir. Görünür, şair həmin şeirləri sənətkarlıq baxımından yetərli bilməmiş, bədii cəhətdən zəif hesab etdiyi üçün onları yada salmağı vacib bilməmişdir. Müəllif bu fakta da diqqət çəkir və göstərir ki, şair H.Razinin şeirlərinin bir qismi imzasız, digər qismi isə "Hüseyn Rzayev", "Hüseyn Razi", "H.Razi" imzaları ilə çap edilmişdir. Bizim fikrimizcə, müəllif F.Xəlilov bu qeydləri göstərərkən özü də ardıcıllığı diqqətdən yayındıraraq "Hüseyn Razi" imzasını daha əvvəl, "Hüseyn Rzayev" imzasını isə sonra göstərmişdir. Müəllifin texniki baxımdan bu məsələyə yanaşdığını söyləmək mümkündür. Müəllif sadəcə həmcins olaraq faktlarısadalıdığını düşünmüşdür. Amma, əlbəttə, unutmaq olmaz ki, həmcins üzvlər olaraq faktlar sadalansa da, xronoloji ardıcıllığı da əsasa almaq vacib idi. Çünki oxucular ardıcıllığa da xüsusi əhəmiyyətlə yanaşır və məna verirlər. Müəllifin özü də şairin xatirələri əsasında faktoloji baxımdan əhəmiyyətli hesab edərək əsaslandırır ki, şair birinci "Hüseyn Rzayev" imzasından istifadə etmiş, "Ordubad işçisi" qəzetinin qocaman işçisinin tövsiyəsi və redaktəsi ilə sonradan "Hüseyn Razi" imzasından istitifadə etməyə başlamışdır.

Monoqrafiyada F.Xəlilov şair Hüseyn Razinin imzasız çap edilmiş əsərləri və mənbələri barədə də yığcam məlumat vermişdir. 

Müəllifin elmi nəcibliyi həm də orda özünü göstərir və yaxşı bir hal olaraq diqqəti cəlb edir ki, tədqiqatçı əldə edə bilmədiyi faktlarla bağlı əvvəlcədən etiraf edir, yanlış, təhrif olunan məlumatlar verməkdən qaçır. Elmi cameəyə doğru, dürüst faktlar, fikirlər təqdim etməyə çalışır. 

F.Xəlilov titiz və fakta sədaqətli bir alim olaraq şair Hüseyn Razinin məşəqqətli və keşməkeşli həyat yoluna nəzər salır, həm də bu vəsilə ilə dövrə, zamana da münasibət bildirmiş olur. Hüseyn Razinin özünün xatirə qeydlərindən: 23 iyun 1970. 

Ardınca İ.Hacıyev və Ş.Məmmədovun "Naxçıvan və naxçıvanlılar" kitabından şair Hüseyn Razi haqqındakı portret fikri istinad olaraq təqdim edir (s.59). 

Əsərdə məxsusi məqamlar var ki, ədəbiyyatşünaslıq üçün xüsusi əhəmiyyət kəsb edir. Bəzi məqamlarda Hüseyn Razinin ədəbiyyat haqqında görüşlərinin də ortaya qoyulması ədəbi-nəzəri fikir baxımından xüsusi əhəmiyyət daşıyır. Məsələn, alim Hüseyn Razinin vaxtilə haqsız tənqidlərə məruz qalmasının nümunəsi olaraq 21 avqust 1960-cı il tarixli "Şərq qapısı" qəzetində dərc edilən "Mən səni görürəm" adlı lirik şeirinin Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyiinin məsul katibi şair Müzəffər Nəsirli tərəfindən tənqid edilməsinə münasibət göstərərkən H.Razinin ədəbiyyat, poeziya haqda fikirlərini nümunə gətirməsi çox əhəmiyyətlidir. Belə ki, müəllif göstərir ki, şair H.Razi "sovet dönəmində qondarma mövzulara, uydurulan bayramlara və əlamətdar günlərə həsr olunan şeirləri "məzmunsuz yazılar" adlandırırdı" (s.78): "Belə yazıları ona görə məzmunsuz hesab edirəm ki, poeziya gündəlik işlərin carçısı olunca, dünyanın dərdini, ümidini, insanların gizli, dəruni sahilsiz arzularını vəsf etməlidir. Bu sözləri adi bir kolxozçu da deyər. Şair isə çoxlarının deyə bilmədiyini deməlidir. Şairin sözü insanı qanadlandırmalı, coşdurmalı, görünməyən nöqətələri göstərməlidir.Məncə, ədəbiyyatın mənası budur" (s.78). H.Razinin 21 mart 1967-ci ildə gündəliyində qələmə aldığı "Milli ruhu heç kəs məhv edə bilmir. Heç kəs əsl bayramları fərman və hökmlərlə təlqin olunan, lakin bayramlığı anlaşılmaz qalan günlərlə əvəz edə bilmir. Bayram təntənəsi qərarla yaranmır. Bu duyğu ürəkdə yer tapmalı, qana süzülməlidir". Və yaxud 27 aprel 1968-ci il tarixli qeyd: "İlahi, bu bayramlar əsl poeziyanın yolunu kəsən sədd deyilmi?" F.Xəlilov bu kimi nümunələrə istinad edərək qəti olaraq göstərir ki, "H.Razinin kommunist ideologiyasının təsiri altında ortaya çıxan bütün şeirləri "boğazdan yuxarı" yazılmışdır" (s.79). Burada həmçinin H.Razinin dövrün ona qarşı qərəzli münasibət göztərən zaman ölkənin rəhbəri Heydər Əliyevə yazdığı geniş həcmli məktubu da yer almışdır. 

Fərman Xəlilov səhih, nəcib və tolerant bir elm adamı kimi bu əsərində də digər tədqiqatçıların fikirlərinə də istinad etməyi diqqətdən qaçırmamışdır. Alim bir az əvvəl AMEA İDƏİ-nun Ədəbiyyatşünaslıq şöbəsinin elmi nəşr ənənəsinə daxil olan "taleyi və sənəti" seriyasından "Hüseyn Razi: taleyi və sənəti" kitabına, o cümlədən bir sıra digər alim və tədqiqatçıların fikirlərinə istinad etmişdir. 

Haqqında bəhs edilən "Söz və qürurun zirvəsində: Hüseyn Razi" monoqrafiyası zəngin faktları, əhəmiyyətli mövzusu və problematik məsələlər qaldırmasına görə oxucular tərəfindən rəğbətlə qarşılanacığına əminliklə inanırıq. Əsər öz dövrünü təhlil və tədqiq etmək üçün ən qiymətli monoqrafiyalardan biri olaraq etibarlı mənbə kimi stolüstü kitab olaraq istifadə ediləcəkdir. 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filolofiya üzrə fəlsəfə doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31