Dərman almaq bir toxunuşla mümkündür: Qanuni və təhlükəsizdirmi?

Əczaçı: "Mobil tətbiqlər qanuni işləyir, problem sosial şəbəkələrdədir"

Son illərdə rəqəmsal texnologiyaların sürətlə inkişafı bir çox sahədə olduğu kimi, səhiyyə və əczaçılıq sektoruna da öz təsirini göstərib. Bu gün dərman vasitələrinin əldə olunması üçün fiziki apteklərə getməyə ehtiyac qalmadan, bir neçə toxunuşla mobil tətbiqlər vasitəsilə sifariş vermək mümkündür. Bu cür onlayn platformalar və mobil tətbiqlər vətəndaşlara rahatlıq və zaman qazanmaq imkanı yaradır. Lakin bununla yanaşı, bəzi hallarda bu prosesin nəzarətsiz aparılması, xüsusilə də reseptsiz dərmanların satışı ciddi suallar doğurur.
Mobil tətbiqlər üzərindən reseptsiz dərmanların satışı məsələsi təkcə texnoloji rahatlıq deyil, həm də səhiyyə təhlükəsizliyi baxımından mühüm mövzudur. Bu platformalar vasitəsilə əldə edilən dərmanların keyfiyyəti, mənşəyi, dozalanması və onların istifadəsinə nəzarət mexanizmləri bəzən qeyri-müəyyən olur. Reseptlə satılmalı olan bəzi dərmanların asanlıqla əldə olunması isə həm fərdi səviyyədə sağlamlıq risklərini artırır, həm də ümumi səhiyyə sisteminə mənfi təsir göstərə bilir.

Mövzu ilə bağlı Olaylar.az-a danışan əczaçı Vüqar Qasımov bildirib ki, hazırda ölkəmizdə dərman vasitələrinin satışı ilə məşğul olan mobil tətbiqlər rəsmi şəkildə fəaliyyət göstərir və onların işi tamamilə mövcud qanunvericilik çərçivəsində tənzimlənir. Bu tətbiqlər Səhiyyə Nazirliyinin və digər müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əsasən fəaliyyət göstərir. Yəni bu platformalar vasitəsilə yalnız qanuni yollarla, müvafiq icazələrlə dərman satışı həyata keçirilir. Xüsusilə də reseptlə buraxılmalı olan dərmanlar reseptsiz şəkildə satılmır. Əgər vətəndaşın resepti varsa, həmin dərmanlar tətbiqlərə inteqrasiya olunmuş apteklərdən əldə olunur və kuryer xidməti vasitəsilə vətəndaşın ünvanına çatdırılır. Bu, həm dərmanların təhlükəsiz dövriyyəsinin təmin olunması, həm də vətəndaşların rahatlıqla lazımi dərmanlara çıxış imkanının artırılması baxımından mühüm addımdır.

"Lakin qeyd edilməlidir ki, mövcud problemlər daha çox sosial şəbəkələrdə aparılan qeyri-qanuni satışlarla bağlıdır. Sosial media platformalarında son illərdə həm reseptlə, həm də reseptsiz satılmalı olan dərmanların açıq və kütləvi şəkildə təbliğatı müşahidə olunur. Bu, çox ciddi ictimai-səhiyyə problemidir. Sosial şəbəkələrdə satılan preparatların əksəriyyəti nə dövlət orqanları tərəfindən qeydiyyatdan keçib, nə də onların tərkibi və mənşəyi haqqında etibarlı məlumat mövcuddur. Belə preparatların qanunsuz şəkildə təbliği və satışı insan sağlamlığı üçün ciddi təhlükə yaradır", - deyə əczaçı əlavə edib.

V. Qasımovun sözlərinə görə, sosial şəbəkələrdə rast gəldiyimiz dərman vasitələrini və bioloji fəallığa malik qida əlavələrini almaq heç bir halda məqsədəuyğun deyil. Çünki bu cür məhsulların keyfiyyəti, tərkibi və orijinallığı barədə heç bir zəmanət yoxdur. Bir çox hallarda bu tip preparatlar saxta olur, düzgün şəraitdə saxlanılmır və ya insan orqanizmi üçün zərərli komponentlər ehtiva edə bilir.

Əczaçı vurğulayıb ki, "Bioloji fəallığa malik qida əlavələri", sadə dildə desək, qida əlavələri, bəzən insanlar tərəfindən səhvən dərman kimi qəbul olunur. Halbuki bu qrup məhsulların əsas məqsədi xəstəliyin müalicəsi deyil, orqanizmin ümumi vəziyyətinin dəstəklənməsi, bəzi vitamin və mineral çatışmazlıqlarının aradan qaldırılmasıdır. Qida əlavələri heç bir halda dərman vasitəsi kimi istifadə olunmamalıdır. Onlar yalnız həkim və ya mütəxəssis tövsiyəsi ilə, orqanizmin ehtiyacına uyğun şəkildə qəbul edilməlidir.
Bu cür məhsulları internet üzərindən almaq xüsusilə təhlükəlidir. Əgər belə məhsul almağa qərar versəniz, ilk növbədə onun uyğunluq sertifikatını tələb etmək vacibdir. Sertifikat məhsulun orijinal və insan sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiqləyən sənəddir. Təəssüf ki, sosial şəbəkələr vasitəsilə satılan bu tip məhsulların çoxunda belə sənədlər ya mövcud olmur, ya da saxtalaşdırılmış formada təqdim edilir.

"Bundan əlavə, aldığınız məhsulun üzərindəki istehsalçı məlumatlarını, tərkibini, son istifadə tarixini və dozaj göstərişlərini diqqətlə yoxlamaq lazımdır. İstifadə zamanı etiketi diqqətlə oxumaq və yalnız orada göstərilən miqdarda qəbul etmək çox önəmlidir. Qida əlavələrinin və ya dərmanların artıq dozada qəbulu orqanizmə ciddi zərər verə bilər.
Ən əsas məqam isə budur ki, heç bir dərmanı və ya qida əlavəsini mütəxəssislə məsləhətləşmədən özbaşına almaq və istifadə etmək olmaz. Hər bir orqanizmin fərqli xüsusiyyətləri var və bir insana fayda verən preparat, digərinə zərər vura bilər. Bu səbəbdən hər hansı dərman və ya əlavə qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək, onun təyinatına əsasən hərəkət etmək ən doğru yoldur", - deyə əczaçı qeyd edib.

V. Qasımov sonda əlavə edib ki, qanuni fəaliyyət göstərən dərman satış tətbiqləri və apteklər vasitəsilə dərman almaq həm daha təhlükəsiz, həm də daha etibarlıdır. Sosial şəbəkələrdə və qeyri-rəsmi saytlarda təklif olunan dərmanlara etibar etmək isə insan sağlamlığı ilə risk etmək deməkdir. Sağlamlıq isə eksperiment mövzusu deyil - o, qorunmalı və dəyərləndirilməlidir.

Əczaçı Murad Himayətov da mövzu ilə bağlı fikirlərini bölüşüb. Əczaçı bildirib ki, Azərbaycan Respublikasında əczaçılıq bazarının tənzimlənməsi və nəzarəti ən yüksək səviyyədə təşkil edilmişdir. Ölkədə saxta və keyfiyyətsiz heç bir dərman və bioloji fəallığı tənzimləyən qida əlavəsi (BFQA/BAD) yoxdur. Bu, birmənalı şəkildə qəbul edilən bir faktdır. Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları tərəfindən həyata keçirilən davamlı və sərt nəzarət tədbirləri bazara yalnız təhlükəsiz və səmərəli məhsulların daxil olmasını təmin edir. Bütün dərman preparatları və BFQA-lar ciddi laboratoriya yoxlamalarından keçdikdən sonra dövlət qeydiyyatına alınır və satışa icazə verilir. Bu qeydiyyat prosesi məhsulların tərkibinin, effektivliyinin və təhlükəsizliyinin beynəlxalq standartlara uyğunluğunun zəmanətidir.

Əczaçının sözlərinə görə, dərman və tibbi vasitələrin istifadəsi məsələsində isə ən vacib prinsip "Həkim və əczaçının tövsiyəsi olmadan heç bir tibbi vasitə istifadə etmək olmaz" prinsipinə əsaslanır. Hər bir insan orqanizmi fərqlidir və hətta ən keyfiyyətli dərman belə, mütəxəssis rəyi olmadan qəbul edildikdə gözlənilməz reaksiyalara və ağır fəsadlara səbəb ola bilər.
Həkim və əczaçı təyin etmədən bütün dərmanlar risk qrupudur. Həkim dərmanın dozasını, istifadə müddətini və xəstənin ümumi sağlamlıq vəziyyətini nəzərə alaraq təyin edir. Əczaçı isə dərmanların digər qəbul edilən preparatlarla qarşılıqlı təsirini qiymətləndirir və düzgün istifadə qaydaları barədə ətraflı məlumat verir. Bu mütəxəssis nəzarəti, vətəndaşların sağlamlığının qorunması üçün fundamental şərtdir.

"Məhsulun təhlükəsizliyini təmin edən digər kritik məqam qablaşdırma və istifadə müddətinin yazılmasına dövlət nəzarətinin yüksək səviyyədə olmasıdır. İstehsalçı ölkədən asılı olmayaraq, Azərbaycana idxal edilən və ölkə daxilində istehsal olunan bütün tibbi məhsulların qablaşdırması üzərindəki məlumatlar (tərkib, son istifadə tarixi, dozalanma və s.) ciddi yoxlanılır.
Ona görə də heç bir şübhədən söhbət gedə bilməz. Dərman və BFQA-ların keyfiyyəti, onların harada satılmasından asılı olmayaraq, qeydiyyat və sertifikatlaşdırma prosesləri ilə təmin edilir. Satış məntəqəsi - istər ənənəvi aptek, istərsə də tətbiqlər vasitəsilə həyata keçirilən çatdırılma xidmətləri olsun - yalnız lisenziyalı və dövlət tərəfindən təsdiqlənmiş məhsulları dövriyyəyə buraxmağa məcburdur", - deyə M. Himayətov əlavə edib.

Əczaçı vurğulayıb ki, tətbiqlər vasitəsilə satılan dərman və BFQA-lar səhiyyəyə ziyan yox, əksinə xeyir verir. Bu rəqəmsal platformalar əhaliyə daha sürətli və rahat xidmət təklif edir, xüsusilə də məhdud hərəkət qabiliyyəti olan insanlar və uzaq bölgələrdə yaşayan vətəndaşlar üçün dərmanlara əlçatanlığı artırır.
Eyni zamanda, bu platformaların inkişafı ölkə iqtisadiyyatına da çox müsbət təsir edir. Onlar rəqəmsal ticarətin həcmini böyüdür, yeni iş yerləri yaradır və logistika şəbəkəsini optimallaşdırır. Bütün bu proseslər, yuxarıda qeyd edildiyi kimi, hər zaman səhiyyə mütəxəssislərinin iştirakı və dövlətin fasiləsiz nəzarəti altında həyata keçirilir.

Mövzu həm hüquqi, həm tibbi, həm də ictimai baxımdan diqqət tələb edir. Bu səbəbdən mobil tətbiqlər vasitəsilə aparılan dərman satışının xüsusiyyətləri, nəzarət mexanizmləri və reseptsiz satılan preparatların səhiyyəyə potensial təsirləri haqqında müzakirə getdikcə daha aktual xarakter alır. 

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31