Ətin qiymətinin növbəti “dəyişməsi” - hər dəfə toy mövsümü başlayanda belə olur

Nə olacaq bu camaatın halı? Hər gün hər şey qəpik-qəpik bahalaşır, qram-qram azalır. İstehlakçılar bir də onu görürlər ki, iki il əvvəl 50 manata aldıqları eyni ərzağa bu il artıq 100 manat verirlər.

Çörəyin qiyməti neçə ildir sabitdir, artmır, əvəzində ətin qiyməti növbətini dəfə dəyişib - artıq 17-22 manat olub.

Bir qrup iqtisadçı bu xüsusda birinci tələb-təklif məsələsindən danışacaq: tələb böyükdür, təklif azdır, ona görə də qiymətlərin artması təbiidir, bazar iqtisadiyyatının tələbi buymuş.

Başqa bir qrup iqtisadçı söhbətə inhisarçılıqdan, korrupsiyadan girəcək, bazar iqtisadiyyatı qanunlarının zorlandığını deyəcəklər.

Ancaq bütün bu danışıqların, müzakirələrin, polemikaların ilan kimi aram-aram sürünən və insanların güzəranını pisləşdirən bahalaşmanın durmasına təsiri olmayacaq. Əksinə, belə söhbətlər yerlərdə ajiotaj yaradacaq, digər əmtəə və xidmətlərin dəyərinin süni şəkildə artırılması ilə müşayiət olunan zəncirvari prosesə səbəb olacaq.

İllərdir belədir. Yüksək rifaha malik ölkələrdə saat kimi işləyən və bazarlarda qiymətləri tənzimləyən iqtisadi qanunlar bu ölkədə işləmir, ya da zəif işləyir.

Burada istənilən vaxt imkanlı adamlar həmin "saat"ı təzədən qurur, özlərinə işlədir, daha da varlanırlar.

Əhalinin aztəminatlı hissəsinin (təqaüdçülərin, tələbələrin və s.) təqaüdü 5 manat artırılan kimi bahalaşma elə bir sürət yığır ki, həmin 5 manat 5 qəpik dəyərində olur. Nəticədə varlılar daha çox varlanır, kasıblar daha da kasıblaşır.

Heyvandarlıqla məşğul olan rayonlardan gələn xəbərlər göstərir ki, əslində ötən illə müqayisədə əyalətlərdə təsərrüfatla məşğul olan, ət, süd, yağ, pendir istehsal edənlərin sayı artıb. Ötə yandan, işğaldan azad edilmiş Qarabağ rayonlarında yeni yaradılmış təsərrüfatlar ölkənin ərzaqla təminatına töhfə verməliydi. Verirmi, vermirmi, bilinmir.

Ölkə boyunca fəaliyyət göstərən minlərlə restoranda, mərasim evlərində, digər iaşə obyektlərində ət qıtlığı yoxdur. Belə anlaşılır ki, onlar rayonlardan diri heyvanları topdan alır, özlərinə ehtiyat yaradırlar, nəticədə xalqın üz tutduğu dükan-bazarlarda qıtlıq yaranır.

Restoranlar, şadlıq sarayları 1 kq ətə 25-30 manat da verə bilərlər, çünki ondan hazırlanmış yeməkləri daha baha satacaq, ziyan etməyəcəklər, amma sadə xalq o qiymətə ət almaqda çətinlik çəkəcək.

Toy mövsümünün başlanması ilə ət məhsullarının qiymətinin artması arasında əlaqəni görməmək mümkün deyil.

Bir çox ölkələrdə kütləvi möhtəkirliklə mübarizənin ən effektiv yolu ərzaq bolluğu yaratmaqdır. Heç bir ərzaq məhsulu qıt olmayanda möhtəkirlər bu çatışmazlıqdan istifadə edərək hansısa məmulatın qiymətini süni şəkildə qaldıra bilmirlər.

Bəs ərzaq bolluğu yarada bilməyən, istehsal və istehlakın başa-baş olduğu ölkələr necə etsin? Belə ölkələr də çoxdur və həmin ölkələrdə inhisarçılar asanlıqla vəziyyəti öz xeyirlərinə dəyişə, süni qıtlıq və süni bahalıq yarada bilirlər.

Bəzi ölkələrdə öz mənfəəti naminə xalqın qəsdinə durmuş möhtəkirləri, tamahkarları cilovlamaq üçün inzibati resurslardan, yasaqlardan istifadə edilir.

Ötən əsrin 30-cu illərində qolçomaqlıqla aparılan kütləvi və amansız mübarizəni zəruri edən məhz bu cür möhtəkirlər, xalqı ərzaq imtahanına çəkənlər olub. Qəddarlığı ilə yadda qalan sovet hökuməti əhalini aclıqdan qurtarmaq üçün məhsulunu baha satmaq istəyərək gizlədənləri ciddi cəzalandırıb və çıxış yolunu kənd təsərrüfatını dövlət inhisarına almaqda, kollektiv təsərrüfatlar yaratmaqda görüb.

Düzdür, uzun illərdən sonra bu təsərrüfat sisteminin də effektsizliyi üzə çıxdı, amma bu da sırf subyektiv səbəblərdən, özünü işə verməyənlərin artması, müftə yeyənlərin çoxalması, təsərrüfat rəhbərlərinin tamahkarlığı üzündən oldu.

O cür kollektivlərin xası və yığcamı İsraildə də var, kibutsa adlanır. Ancaq 100 ildən artıqdır yalnız inkişaf edir, ərzaq bolluğu yaradır, ölkəni ərzaqla təmin edir, hələ xarici ölkələrə məhsul ixrac edirlər. Niyə? Çünki bu təsərrüfatlarda birləşənlər vicdanla, ədalətlə işləyirlər, hesablarını düz aparırlar, bir kimsə başqasına kələk gəlmir, ümumi mülkiyyəti talan etmirlər.

İndi elə çıxmasın ki, müəllif ölkədə ərzaq bolluğu yaratmaq üçün təzədən kollektivləşdirmə prosesi başlatmağı təklif edir. Xeyir. Zorakı kollektivləşdirmə cinayətdir. Əslində belə ölkələrdə o da effekt verməz. Amma dövlət kənd təsərrüfatına ciddi diqqət yetirməlidir.

Söhbət heç də kəndlilərə, ayrı-ayrı təsərrüfatlara böyük məbləğli subsidiyalar, dotasiyalar ayırmaqdan getmir. Onsuz da bu məqsədlə aqrar sektora böyük pullar ayrılıb və ayrılır. Söhbət ayrılan pulların yerlərdəki mənsəbli tamahkarlar tərəfindən talanmasından gedir. "Qara maskalı cəngavər"lər istənilən rayona reyd etsələr, dövlətin aqrar sektora ayırdığı milyonları mənimsəyənləri yük maşınlarına doldurub paytaxta gətirə bilərlər.

Bu ölkədə ərzaq bolluğunun yaranmamasının, nəticədə ərzağın bahalaşmasının əsas baiskarları onlardır.

Xalid KAZIMLI

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31