Başgicəllənmələrin ən çox rast gəlinən formaları hansılardır?- ÖZƏL
5 Sentyabr 14:32 SosialSon vaxtlar artan başgicəllənmə halları insanların narahatçılığına səbəb olub. Maraqlıdır, başgicəllənmə hallarının artmasına hansı amillər təsir göstərir? "Olaylar"ın məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Pərviz Axundov bildirib ki, başgicəllənmələr tibbi yardım üçün əsas müraciət səbəblərindən biridir. Vestibulyar vertiqolu xəstələrin arasında xoşxassəli paroksismal pozisyonal vertiqo (XPPV) daha çox rast gəlinir. Belə ki, həyat boyunca xoşxassəli paroksismal pozisyonal vertiqonun yaranma ehtimalı 10 %-i civarındadır: "Vestibulyar vertiqonun digər ən çox rast gəlinən səbəbləri Menyer xəstəliyi və vestibulyar neyronitdir. Patologiya adətən arxa yarımdairəvi, horizontal və ya (nadir hallarda) yuxarı yarımdairəvi kanalda müşahidə olunur. Kanalolitiaz (yarımdairəvi kanallarda sərbəst üzən kalsium karbonat hissəcikləri) və ya kupulolitiaz (yarımdairəvi kanala bitişik kalsium karbonat hissəcikləri) nəticəsində pasiyentlərdə güclü başgicəllənmə, ürəkbulanma, bəzən qusma, arterial təzyiqin qalxması və ya enməsi, tərləmə kimi əlamətlər baş verir.
Başgicəllənmə tutmaları 1 dəqiqədən az çəkir və başın məkandakı mövqeyinin sürətlə dəyişməsi nəticəsində yaranır. Adətən pasiyent uzanmış vəziyyətdə olduqda və başı sağa, yaxud sola əyilən zaman müşahidə olunur.
Xəstələrin bir qismində güclü başgicəllənmə epizodlarından sonra, stresə reaksiya kimi həyəcan və depressiv pozuntular inkişaf edir. Bu da ikincili psixogen başgicəllənmənin yaranmasına səbəb ola bilir. Bəzən belə xəstələr yanlış olaraq "beyin qan dövranının pozulması" olduğunu düşünərək, uzun müddət nəticəsiz olaraq müxtəlif dərman maddələrini qəbul edirlər. Xoşxassəli paroksizmal pozisyonal vertiqo dərmansız, həkim tərəfindən aparılan manevrlərin köməkliyi ilə effektiv şəkildə müalicə olunur".