Ruhuna savab əvəzinə israf? - Bir dəfn 20 min manata başa gəlir

İqtisadçı Eyyub Kərimli Azərbaycanda yas mərasimlərinin ailələrə yaratdığı maliyyə yükü ilə bağlı maraqlı statistik paylaşım edib.

Milli.Az xəbər verir ki, həmin paylaşım əsasında mərasimlərin orta hesabla ailəyə necə təsir etdiyini təqdim edir:

Vəfat və dəfn xərcləri:

Cənazənin yuyulması, kəfən, dəfn maşını və cənazə namazı üçün 1000-1500 AZN tələb olunur.

Qəbir yeri şəhər kənarında 2500-3000 AZN-ə başa gəlir, qəbrin qazılması isə 300 AZN-dir.

Ehsan və mərasimlər:

Evə gələn qonaqlara ehsan üçün 300-500 AZN,
3 və 7 mərasimləri üçün mərasim evində bir nəfər üçün təxminən 20-25 AZN tələb olunur. 300 nəfərlik tədbirin ümumi dəyəri 6000 AZN civarındadır.
Molla xərci (qadın və kişi) isə 500 AZN-dir.

40 mərasiminə qədər:
Cümə axşamları keçirilən mərasimlər üçün 250 AZN x 5 = 1250 AZN,
40 mərasimi üçün isə 25 AZN x 200 nəfər = 5000 AZN xərclənir.

Baş daşı: Minimum 1500 AZN.

Ümumilikdə, 40 gün ərzində yas mərasimlərinə çəkilən xərclər 18 000-20 000 AZN arasında dəyişir.

Eyyub Kərimli bu vəziyyəti tənqid edərək bildirib ki, matəm qəfil baş verdiyindən ailələr bu qədər xərclərə hazırlıqsız yaxalanır. Onun fikrincə, mərhumun ruhuna savab qazandırmaq üçün bu vəsaitin aztəminatlı tələbələrin təhsilinə və ya ağır xəstələrin müalicəsinə yönəldilməsi daha faydalı olardı.

İqtisadçı əlavə edib ki, mərasim evlərində təqdim olunan yeməklərin maya dəyəri 20 AZN-dən çox olmasa da, hər mərasimdən 2-3 min AZN, ay ərzində isə 40-60 min AZN arası gəlir əldə edilir.

E.Kərimli həmçinin dövlətə çağırış edərək bildirib ki, böyük qəbirstanlıqlar yaradılmalı və vətəndaşlara ödənişsiz dəfn şəraiti təmin olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31