Biz indi onlardan 100 il qabaqdayıq

(Üzeyir bəy Hacıbəylinin 140 illiyinə altıncı yazı)

"Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək, arvad kimi gərək dustaq alaçığının içində oturasan. Dövlət dəxi haradan olsun, pul haradan olsun? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur! ..."

Salam olsun, çox dəyərli oxucum! Üzeyir bəy Hacıbəylinin 140 illiyinə həsr etdiyim altıncı yazını ölməz komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını qoymuş  Mirzə Fətəli Axundovun "Sərgüzəşti - mərdi - xəsis (Hacı Qara)" komediyasından Heydər bəyin monoloqu ilə başlamağım heç də təsadüfi deyil. Ötən yazımızın sonunda məlumat verdiyimiz kimi bu yazımızda Üzeyir bəyin komediyalarından söhbət açacağıq.

Komediya adətən müəyyən bir idealı təsdiq və təbliğ edir. Lakin o, bunu bilavasitə deyil, bu ideala zidd və mane olan həyat təzahürlərinə, xarakterlərinə gülmək vasitəsilə edir. Belə təzahür və xarakterlərin məcmusu kimi doğulmuş tipləri ədəbiyyatımızda ilk dəfə Mirzə Fətəli Axundov və onun ardınca da Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə satirik gülüş atəşinə tutmuşlar. Əvvəlki yazılarımda da qeyd etdiyim kimi ən maraqlısı odur ki, bizim əsasən dahi bəstəkar kimi tanıdığımız Üzeyir bəy Hacıbəyli yuxarıda adlarını sadaladığım böyük ədiblərimizin sırasında ölməz komediya ustası kimi öz yerini tutmağı bacarmışdır. Ona bu şöhrəti böyük ustalıqla yaratdığı Rüstəm bəy və Məşədi İbad surətləri gətirdi, sonsuza qədər ölməzlik qazandırdı. Akademik Mirzə İbrahimov 1985-ci ildə Bakı şəhərində nəşr olunmuş "Üzeyir Hacıbəyov" (Seçilmiş əsərləri) kitabına yazdığı "Böyük bəstəkar və yazıçı" adlı giriş məqaləsində bu barədə belə yazırdı: "Üzeyir Hacıbəyov (Üzeyir bəy Hacıbəyli Z.U) eyni zamanda görkəmli bir ədib idi. Onun ədəbi yaradıcılığı iki istiqamətdə davam etmişdir: o həm çoxlu dərin məzmunlu satirik felyetonlar, publisisit əsərlər yazmış, həm də opera və operettaların ədəbi mətnini yaratmışdır.

Üzeyir Hacıbəyov (Üzeyir bəy Hacıbəyli- Z.U.) dünya opera sənətində elə nadir sənətkarlardandır ki, musiqi yaradıcılığında da, ədəbi yaradıcılıqda da parlaq istedad nümayiş etdirmişdir. "Koroğlu"dan başqa (bu əsərin liberettosu Heydər ismayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır) bütün opera və operettalarının mətnini o özü yazmışdır. Üzeyir Hacıbəyovun liberettoları humanist mənasına və bədii keyfiyyətinə görə sərbəst dram əsərləri kimi yaşayır. "Ər və arvad" (bu əsər barədə birinci yazımda məlumat vermişdim), "O olmasın, bu olsun", "Arşın mal alan", Əsli və Kərəm" dərin insani duyğuları ifadə edən, dolğun ictimai tiplər yaradan gözəl səhnə əsərləridir..."

Əvvəlki yazılarımızda miniatürlər, satirik hekayələr və ya səhnəciklərdən bəhs edərkən bu məsələyə toxunmuşduq. Görkəmli sənətkarın musiqisi kimi dramları da xalq yaradıcılığı ilə, xalq ədəbiyyatı ilə, klassik ənənələrlə sıx bağlıdır. Bu bağlılıq əsərlərin mövzu və tip seçimlərində, səciyyəsində, süjet quruluşunda, bədii dilində aydın şəkildə özünü göstərir. Üzeyir bəyin dramları janr xüsusiyyətləri cəhətdən əsasən iki ruhdadır. Belə demək mümkünsə onları iki qrupa bölmək olar. Onlardan bir qismi  klassik və xalq ədəbiyyatının məhəbbət, ya qəhrəmanlıq motivləri əsasında yazılmış ciddi dramlar, bir qismi də  süjeti xalqın gündəlik həyatından götürülmüş komik əsərləridir. Söhbətimizin mövzusu  komediyalar  olduğuna görə bu yazımda görkəmli ədibin  birinci qism - ciddi dram əsərlərinin siyahısına daxil olan "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm", "Harun və Leyla" kimi əsərlərini sadəcə adını çəkməklə xatırladıb, mətləbə keçid almaq istəyirəm.

Görkəmli ədibin miniatürləri, satirik hekayələri, səhnəcikləri haqqında qeyd etdiyimiz bütün xüsusiyyətlər eynilə onun komediyalarına da aiddir. Bu xüsusiyyətlər burada səhnəyə və komediya janrına uyğun daha qabarıq şəkildə istifadə olunur.

Üzeyir bəy bir qayda olaraq zamanla səsləşən mövzulu komediyalar yaradıb.

Onun komediyalarında həm vəziyyətlər, həm də obrazlar səhnə üçün maraqlı və özünəməxsus tərzdə işlənib. Demək olar ki, görkəmli dramaturq (dahi bəstəkar, böyük ədib Üzeyir bəyi şəstlə "görkəmli dramaturq" adlandırmaqdan çəkinmirəm) yaratdığı bütün səhnə əsərlərində səhnə xarakterləri yaratmağı bacarıb. Üzeyir bəy öz yaratdığı surətləri - həyat verib ölməzlik qazandırdığı obrazlarını gözlənilməz vəziyyətlərə salaraq, mürəkkəb süjet xətlərindən keçirərək şərh və inkişaf etdirməyə çalışır. Və bu vəzifənin öhdəsindən böyük ustalıqla gəlir. Onun komediyalarında adətən bir neçə süjet xətti parallel inkişaf edərək, sonda vahid nəticə ilə tamamlanır. Maraqlıdır ki, məhz bu xüsusiyyəti biz Əbdürrəhim bəyin də irili-xırdalı bütün əsərlərində görürük. Dovrün tələbləri və janrın xüsusiyyətləri, ədəbi mühit barədə uzun-uzadı girişdən sonra konkret olaraq görkəmli dramaturqun komediyalarına ayrı-ayrılıqda nəzər salsaq yaxşı olar.

Yuxarıda qeyd etdiyim kimi birinci yazımda "Ər və arvad" komediyasına toxunmuş, mövzunun aktuallığını nəzərə alaraq komediyadan kiçik bir parçanı olduğu kimi təqdim etmişdim.

"Ər və arvad" komediyasında Üzeyir bəy həyatı yaxşı müşahidə etdiyini, canlı ictimai tiplər yarada bildiyini, yığcam və dinamik süjet qurmağı bacardığını və şirin, məlahətli, ifadəli xalq dilindən istifadənin üstünlüyünü sübut edir. Bu ilk musiqili Azərbaycan komediyasında iştirak edənlərin (surətlər - obrazlar) çoxu fərdi xüsusiyyətləri, mənliyi olan canlı ictimai tiplər - gündəlik həyatımızda addımbaşı rastlaşdığımız fəal ünsürlərdir. Bu və digər əsərləri ilə tamı-tamına 100 ilin ötəsindən boylanan böyük sənətkar zamanın fövqündə dayandığını dünya durduqca yaşayacağını yaratdığı hər bir tipin (surətin, obrazın) dililə hər kəlmədə, hər cümlədə, hər monoloqda bizə çatdırır.

Konkret olaraq, "Ər və arvad"ın qəhrəmanları; qadın düşkünü, məsləksiz, əqidəsiz, Mərcan bəy və ondan heç bir nailiyyətdə geri qalmayan Kərbəlayı Qubad köhnəliyi, geriliyi təmsil edən kütbeyin, dargörüşlü adamlardır. Onlara qarşı qoyulmuş Minnət xanım, Gülpəri və Səfi isə açıq gözlü, zirək və ağıllıdır.İkincilər elə hərəkət edirlər ki, birincilər öz qazdıqları quyuya düşür və sonda axmaq vəziyyətdə qalırlar.

Birinci yazımda "Ər və arvad"da qaldırılan problemlərin aktuallığından söhbət açmışdım. Onu əlavə etmək istəyirəm ki, soydaşlarının gündəlik həyatını, ehtiyaclarını daim diqqət mərkəzində saxlayan Üzeyir bəy cəmiyyətin yaşam tərzini olduğu kimi əks etdirən, zamanla səsləşən əsərlər yaratmağın faydasını praktiki olaraq gördükdən sonra bu işə böyük həvəslə davam etmiş və nəticədə "Ər və arvadın" həmən ardınca 1910-cu ildə "O olmasın, bu olsun" komediyasını yaratdı.

"Arşın mal alan" və "O olmasın, bu olsun" komediyaları mavi ekranlardan təkcə Azərbaycan oxucusuna, dinləyicisinə, tamaşaçısına deyil, əksər dünya xalqlarının mədəni kütləsinə yaxşı tanışdır. Bu baxımdan və ya bu istünlüyü, məşhurluğu nəzərə alaraq təfərrüata varmadan hər iki komediya haqqında qısa ümumi məlumat verməklə kifayətlənəcəm.

Beləliklə 1910-cu ildə qələmə alınmış "O olmasın, bu olsun" 1911-ci ildə səhnə həyatı qazanmaqla dar oxucu dairəsindən geniş tamaşaçı auditoriyasına çıxdı. Və tezliklə məşhurlaşdı. Bu komediya təkcə Üzeyir bəy Hacıbəylinin yaradıcılığında deyil, bütün Azərbaycan ədəbiyyatında ən yaxşı komediyalardan biri olmaqla, həm məzmunu, ideyasının dərinliyi, ifşaçılıq qüvvəsi cəhətdən, həm də bədii keyfiyyətləri ilə klassik səviyyəyə qalxır. Görkəmli ədib zəmanəsi (zəmanəmiz) üçün səciyyəvi olan yenilikçi və geridə qalmış qüvvələr arasında gedən mübarizəni dramatik konfliktin mərkəzinə qoymuşdur. Əsərdə Rüstəm bəy, Məşədi İbad, Həsənqulu bəy, Həsən bəy, Rza bəy, qoçu Əsgər kimiləri köhnəliyi (geridə qalmışlığı) təmsil edirlər. Yenilikçi ruh isə gənc tələbə Sərvər və Rüstəm bəyin qızı Gülnaz xanım surətlərində cəmlənmişdir.

Burada diqqəti maraqlı bir neçə məqama yönəltmək istəyirəm. Görkəmli ədib  nicatın və sonda parlaq qələbənin təhsillə, elmlə, zirəkliklə bağlı olduğunu gənc tələbə Sərvərin timsalında böyük ustalıqla göstərmişdir. O eyni zamanda "Ər və arvad"da olduğu kimi burada da qadını, qızı ön plana çıxartmış, sanki, uşaqlıq yaddaşında dərin iz buraxmış Xurşidbanu Natəvan qeyrətli, onun kimi mətin, dəyanətli, ağıllı və cəsur Azərbaycan xanımı obrazını (obrazlarını) yaratmışdır (ədib bu tendensiyanı "Arşın mal alan"da da uğurla davam etdirmişdir).

Beləliklə, "O olmasın, bu olsun"da Üzeyir bəy əxlaqsızlığı, mədəniyyətsizliyi (Rüstəm bəy, Məşədi İbad timsalında) satirik gülüş hədəfinə çevirir, lağa qoyur (bəlkə də için-için, acı-acı  ağlayır), ələ salır və onların çürük mahiyyətini açıb göstərir. Komediyada mədəniyyəti zahiri dəbdəbə kimi anlayanlar (Rza bəy, Həsənqulu bəy, Həsən bəy kimilərin timsalında) da gülünc vəziyyətdə təsvir olunur və addımbaşı öz dilləri ilə tənqid olunurlar.

"O olmasın, bu olsun"unun  1956-cı digər görkəmli dramaturq Sabit Rəhmanın (Sabit Rəhman da yaradıcılığa 1926-cı ildə "Molla Nəsrəddin" jurnalında "Şeyx Samit" imzası ilə dərc olunmuş kiçik bir felyetonla başlamış və qısa bir zaman ərzində özünü yazıçı-dramaturq kimi təsdiq edərək məşhurlaşmışdır) ssenari müəllifliyilə ekranlaşdırılması bu gün də onu gündəmdə saxlayan dünyaca məşhur bir həyat qazandırdı. Günümüzdə dünyanın təxminə 70-ə yaxın dilinə tərcümə olunmuş "O olmasın, bu olsun" dünya mədəniyyət hadisələri, incəsənət inciləri içərisində öz şərəfli yerini tutmaqda və qorumaqda davam edir.

1913-1914-cü illərdə Moskvada və Peterburqda oxuyarkən Üzeyir bəy "Arşın mal alan"ı (1913) qələmə alır. Əksər ədəbiyyat tənqidçilərinin yekdil fikrinə görə bu əsər görkəmli ədibin şah əsəridir. Köhnə əxlaq normalarına qarşı çevrilmiş azad sevgi əsərin əsas qayəsini təşkil edir. "Arşın mal alan" tiplərin seçilməsi, fərdiləşdirilməsi və qarşılıqlı münasibəti cəhətdən olduqca yaxşı düşünülmüş, lakonik və təbii inkişaf edən süjetə malikdir. Əsas bədii gücünü sadə və şən xalq həyatından, ruhundan alan əsərdə bəşəri keyfiyyətlər güclüdür. Heç təsadüfi deyil ki, əsasən Soltan bəy, Gülçöhrə, Əsgər və arada söhbətlərə (vəziyyətlərə) şirinlik qatan Vəli, Tellinin iştirakı ilə ortaya qoyulmuş, bu gün də sevilən həyat dramından ibarət olan "Arşın mal alan" komediyası (filmi - 1945 və 1965) dünya mədəniyyət incisi olaraq 80-ə yaxın dilə tərcümə olunmuşdur. Bu fakt (nailiyyət) olduqca qürurverici bir nəticədir. Üzeyir bəy Hacıbəyli dühasının təcəssümü, ölməzliyinin bariz nümunəsidir. Bəyin məqamı hər zaman uca olub və olacaqdır!

Çox dəyərli oxucum, əsərin xüsusilə film variantında çox məşhurluğunu nəzərə alaraq təfərrüata varmadan burda söhbətimi yekunlaşdırıram.

Son olaraq onu qeyd etmək istəyirəm ki,  Üzeyir bəy  Hacıbəylinin zəngin və rəngarəng ədəbi irsi içərisində özünəməxsus yeri olan komediyaları xüsusi çəkisiyə malikdir. Ələxsus "O olmasın, bu olsun" və "Arşın mal alan" bir buket halında əsl şedevr, mədəniyyət hadisəsi, incəsənət incisidir.

Sələf-xələf məsələsində Mirzə Fətəli ənənələrini ugurla davam etdirən Üzeyir bəyin həm müasiri həm də demək olar ki, layiqli xələfi rolunda çıxış etmiş Sabit Rəhmanın davamçısı kimdir? Və ya kim olacaq?! Bax b usual məni ciddi düşündürür.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Növbəti sayımızda felyetonlar haqqında olacaq "yeddinci yazı"nı oxumağı unutmayın. Hələlik.

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31