Sadə ölümlər, təmtəraqlı qəbirlər – Yas və qəbir mədəniyyətinə yeni baxış
19:43 Sosialİnsan həyatı bir yol kimidir - başlanğıcı var, sonu da. Bu yolun son dayanacağı isə ölümdür. Bütün dinlər, mədəniyyətlər və ənənələr ölümə xüsusi münasibət bəsləyib. Ancaq bu münasibət zamana, cəmiyyətin dəyərlərinə, iqtisadi imkanlara və psixoloji ehtiyaclara görə dəyişə bilər. Müasir dövrdə isə, Azərbaycanda ölüm və onun ətrafında yaranan mərasimlər, qəbiristanlıq mədəniyyəti və davranış formaları artıq sadə bir vida prosesi yox, bəzən maddi güc nümayişinə, bəzən də sosial təzyiq alətinə çevrilib.
Ənənəvi qəbiristanlıqların məqsədi sadə idi - ölən insanlara əbədi istirahət məkanı yaratmaq. Qəbir üstündə bir dua, bir Qurani-Kərim oxunması, sadə bir başdaşı... Bu yetərli sayılırdı. Amma bu gün xüsusilə paytaxt və iri şəhərlərdə qəbiristanlıqlar başqa bir görkəm alıb. Artıq bu məkanlarda təmtəraq, zənginlik, rəqabət gözə dəyir. Bəzi qəbiristanlıqlar "elitar" anlayışı ilə satılır - yüksək vəzifəli şəxslər, imkanlı ailələr bu məkanlarda böyük və bahalı qəbirlər düzəltdirir, hündür hasarlar çəkilir, mərmər və qranitdən istifadə olunur, hətta bəzi qəbirlərin üzərinə mərhumun heykəli belə qoyulur.
Bir qəbirin tikintisinə çəkilən xərclər bəzən bir ailənin illik gəlirini belə keçir. 3-5 min manatdan başlayıb, 30-40 min manata qədər çıxan qəbir dizaynları var. İctimai baxışlar, "el içində ayıb olmasın" psixologiyası ailələri bu cür sərfəli olmayan xərclərə sövq edir. Bu isə sosial bərabərsizlikləri daha da dərinləşdirir - hətta ölümdən sonra belə insanlar "statusa görə" ayrılır.
Yas mərasimləri: İbadət, yoxsa israf?
Azərbaycanda yas mərasimləri hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bu, bir tərəfdən mərhumun xatirəsinə hörmət, digər tərəfdən isə onun ailəsinə dəstək məqsədi daşıyır. Lakin zaman keçdikcə bu məqsədin üstündə artıq təmtəraq, yarış və israfçılıq təbəqəsi yaranıb. 3, 7, 40 mərasimləri, il dönümü, matəm süfrələri və s. artıq bir çox ailələr üçün maddi yükə çevrilib. Sadə insanlar belə "adətə əməl etmək" məcburiyyətində qalaraq kredit götürür, borca düşür. Qohumların, qonşuların gözündə "ayıb olmasın" deyə bəzi ailələr bir illik dolanışığını bu mərasimlərə xərcləyir. Qonaqlara təqdim olunan yeməklər, tutulan çadırlar, verilən hədiyyələr bəzən öz məqsədindən çıxaraq yarışa çevrilir. Və bu mərasimlərin ruhani və mənəvi tərəfi - dua, mərhumun savabı üçün edilən işlər - ikinci plana keçir. Halbuki dinimizə görə, ölən insan üçün ediləcək ən gözəl şeylərdən biri ona dua etmək, onun adından xeyirxah əməllər görməkdir - yoxsa israf və dəbdəbə deyil.
Din nə deyir?
İslam dinində qəbir ziyarəti təşviq olunur. Peyğəmbər (s) deyirdi: "Qəbir ziyarəti edin ki, axirəti xatırlayarsınız." Amma bu ziyarət təvazökarlıqla, mənəvi dəyər daşıyan formada olmalıdır. Qəbirlərə bəzək-düzək vurmaq, yüksək abidələr ucaltmaq, israfçılıq etmək İslamın əsas prinsipləri ilə uyğun deyil. Dini alimlər dəfələrlə qeyd ediblər ki, ölü üçün deyil, daha çox dirilər üçün bu israfçılıq edilir. Bu, həm də dini niyyətin təhrifinə səbəb olur. Ölənə dua etmək əvəzinə, onun məzarı üzərində pul gücünü nümayiş etdirmək İslamın sadəlik prinsipinə ziddir.
Son illərdə bir sıra bölgələrdə bu sahədə dəyişikliklər müşahidə olunur. Tovuz, Qazax, Zaqatala, Balakən, Şəki kimi rayonlarda yerli ağsaqqallar, icmalar və din xadimlərinin təşəbbüsü ilə yas mərasimləri sadələşdirilir. Qərarlar qəbul edilir ki, artıq 3 və 7 mərasimləri keçirilməsin, təmtəraqlı süfrələr qurulmasın. Bunun əvəzində cümə günləri Quran oxunsun, ailəyə mənəvi dəstək verilsin. Belə nümunələr maarifləndirmənin təsirli olduğunu göstərir. Eyni zamanda bəzi bölgələrdə qəbir yerlərinin satılması, baha başa gəlməsi kimi hallara qarşı da ictimai reaksiyalar artır. İnsanlar tələb edirlər ki, dövlət bu məsələyə nəzarət etsin, qəbir yerlərinin tənzimlənməsi üçün vahid mexanizm yaradılsın.
Bu məsələni yalnız dini və iqtisadi baxımdan yox, psixoloji aspektdən də qiymətləndirmək vacibdir. İnsanlar bəzən yas mərasimləri və qəbir tikintisini mərhuma sevgilərinin ifadəsi kimi görürlər. "O mənim üçün çox dəyərli idi, ona görə ən yaxşısını etməliyəm" - bu fikirlər ailələri bəzən real imkanlarını aşmağa məcbur edir. Burada həm cəmiyyətin gözləntiləri, həm də fərdi vicdan məsələsi üst-üstə düşür. Lakin psixoloqlar qeyd edir ki, ölüm acısını daha sağlam şəkildə yaşamaq üçün simvolik deyil, mənəvi addımlar daha təsirli olur. Mərhuma layiqli övlad olmaq, onun ruhuna dua etmək, onun xatirəsini davam etdirmək - bu, həm də psixoloji şəfanın yoludur.
"Çox təəssüf ki, son 20 ildə qəbiristanlıqlarımızda cəmiyyətin böyük bir hissəsi tərəfindən qəbirlərə xüsusi bəzəklər verilməsi və dəbdəbəli qəbirlərin artması acınacaqlı bir haldır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında ilahiyyatçı Fazil Əhməd deyib. İlahiyyatçı bildirib ki, bu qədər Quran ayələri, bu qədər hədislər, ruhanilərin və ilahiyyatçıların maarifləndirici sözləri və maarifləndirmə işlərinə baxmayaraq, insanlar bu mövzuya məhəl qoymurlar: "Qonşudan geri qalma" prinsipi ilə hər il bu halların şahidi oluruq. Quran-i Kərimdə də bu mövzuya xüsusi toxunulub. Təkasur surəsinin ilk ayələri məhz bu barədədir. Ayədə buyurulur ki, aranızdakı rəqabət və paxıllıq o qədər artdı ki, hətta qəbirlərdə belə bir-birinizlə bəhsə girdiniz. Yəni, insanlar arasında olan rəqabət və üstünlük iddiası hətta qəbirüstü abidələrdə də özünü göstərdi. Quran bu mövzunu 1400 il əvvəl qaldırıb. Keçmişdə də bu mövzu aktual olub, amma indi elə bir hal alıb ki, doğrudan da acınacaqlıdır. Bir övlad sağlığında valideynini incitdiyi, ona doğru-düzgün qulluq etmədiyi halda, valideyninə lazımi diqqəti göstərmədiyi halda, həmin övlad valideyn dünyasını dəyişdikdən sonra onun qəbrinə olduqca dəbdəbəli başdaşı düzəltdirir. Bu zaman adama təəccüb qalır: "Sağlığında valideyninə diqqət etməyən sən, indi niyə bu qədər dəbdəbəli qəbir daşı sifariş verirsən?" Bu, əsasən insanların bir-birinə göstərmək istəyi ilə bağlıdır. Bu, nə valideyn sevgisindən irəli gəlir, nə də dinin hər hansı hökmüdür. Əksinə, İslam dini həmişə bunun əleyhinə maarifləndirmə işləri aparıb. Məhəmməd Peyğəmbərdən tutmuş indiki dövrə qədər İslam maarifi kitablarında, hədislərdə və Quranda bu mövzu qabardılıb ki, insanlar bir-birini başqalarından üstün tutmağa çalışmasınlar. Bu, bir növ təkəbbürdür və təkəbbür insanı cəhənnəmə aparır. Amma yenə də insanlar bir-birindən üstün görünmək üçün bu hallara yol verirlər. İndi artıq qəbiristanlıqlara daxil olanda rəngli şəkillər belə görürük. Bu da bir növ bəhsəbəs xarakteri daşıyır".
İlahiyyatçının sözlərinə görə, burada həm də qəbirdaşı hazırlayan şirkətlərin rolu böyükdür: "Onlar çoxsaylı çeşidlər təqdim edərək, gələn müştərilərdə daha dəbdəbəli seçim etmə istəyi yaradırlar. Əvvəllər bir-iki növ qəbirdaşı təqdim olunurdusa, indi kataloqlar hazırlanır. Bu kataloqlarda mərmərin növü, rəngi, hündürlüyü, üzərinə əlavə edilə bilən bəzəklər göstərilir. Müəyyən qədər artıq pul ödəməklə yazılar qızılı hərflərlə yazıla bilər və s. Bu, mebel və ya məişət malları satışındakı kimi, bir kommersiya forması alıb. Bu da cəmiyyətin sifarişi ilə baş verir. Əgər Bakıda şərab evlərinin sayı çoxalıbsa, bu o deməkdir ki, tələb var. Eləcə də qəbir daşlarının dəbdəbəli hazırlanmasına tələb var ki, bu qədər çeşid ortaya çıxır. Bu tələbin artmasında həm də həmin şirkətlərin təşviqi rol oynayır. Amma yenə də əsas məsuliyyət insandadır. Savadlı, düşüncəli insan başa düşməlidir ki, ölənə nəsə çatdırmaq daşla mümkün deyil. Əksinə, dəbdəbəli daşlar israfdır. Ölülər bizdən başqa şeylər gözləyirlər. Məsələn, əgər bir qəbir daşına 20-30 min manat pul xərcləyəcəksinizsə, həmin pulu ehtiyacı olan bir ailəyə vermək daha xeyirlidir. Bu, ölən üçün də qat-qat savabdır. Çünki 30-40 min manata başa gələn dəbdəbəli bir qəbir daşı əvəzinə o pula bir ailə ev sahibi edilə bilər. Ölünün danışmaq imkanı olsaydı, deyərdi ki, bu pulu ehtiyaclı bir ailəyə verin, mənə bu yolla savab qazandırın. İllərdir biz ilahiyyatçılar istər yas məclislərində, istər konfranslarda, istər televiziyada bu mövzunu qaldırırıq. Ölənə çatan şey dəbdəbəli qəbir daşları deyil, saleh əməllərdir. Saleh övlad qoymaq, xeyirli işlər görməkdir. 100-200 ildən sonra onsuz da o mərməri ziyarət edən olmayacaq. O mərmərin qoyuluşu israfdan başqa bir şey deyil".
Fazil Əhməd bildirib ki, bəzi rayonlarda artıq yas mərasimlərində yeməklərin ləğv edilməsi, yalnız çay süfrəsi verilməsi kimi yeniliklər tətbiq olunur. Bu, sevindirici haldır. Amma yaxşı olar ki, şəhərdə də yas mərasim zallarında bu tətbiq edilsin. Çünki insanlar maddi çətinlik çəkirlər. Amma mən həmişə vurğulayıram ki, israfla mübarizə təkcə yas mərasimlərində olmamalıdır. Bu, bir tərəfli yanaşma olar. Toy mərasimlərində də süfrələr həddindən artıq doldurulur. İsrafı tənqid ediriksə, bütün mərasimlərdə - toyda da, yasda da tənqid etməliyik. Toylarda yeməklər mərasimin əvvəlindən sonuna qədər süfrəyə gətirilir, üst-üstə yeməklər düzülür. Bu da israfdır. Ona görə biz bütün israflara qarşı çıxmalıyıq. Yas mərasimlərində ölünün sahibinin maddi çətinlik çəkməsi çox acınacaqlı haldır. Ev sahibi öz ölüsünə yas saxlamaq, yasını yaşamaq əvəzinə maddi qayğılarla məşğul olur. Bəzən kreditə, borca girir ki, yası "yola versin". Biz bunu hər zaman qınayırıq və qınamaqda davam edəcəyik. Amma eyni zamanda toy israfını da qınamalıyıq.
Ölüm bərabərlikdir - ona münasibət də elə olmalıdır
Ölüm qarşısında hamı bərabərdir. Amma ölümün arxasınca gələn davranışlar bu bərabərliyi pozmamalıdır. Qəbirlər nə qədər sadə olsa, dua o qədər səmimi olar. Yas nə qədər təmtəraqsız olsa, mərhumun ruhu o qədər rahat olar. Və ailələr o qədər az yüklənmiş olar. Unutmayaq ki, biz başqalarının qəbirlərinə baxaraq yox, öz əməllərimizlə xatırlanacağıq. Daşın ağırlığı ilə yox, duaların səmimiyyəti ilə.
Səidə Ramazanova