Arıqlamaq istəyənlər niyə təhlükəli üsullara əl atır?
19:11 SosialTez nəticə arzusu, gecikmiş fəsadlar: Arıqlamağın görünməyən təhlükələri
Zəmanəmizin ən böyük paradokslarından biri də budur: insanlar sağlam olmaq üçün arıqlamaq istəyirlər, amma bəzən bu məqsədə çatmaq üçün elə yollar seçirlər ki, nəticədə sağlamlıqlarını itirirlər. Sosial şəbəkələrdə ideal bədən obrazlarının təbliği, "bir həftəyə 5 kilo" vədləri, sürətli və zəhmətsiz nəticə arzusunu daha da artırır. Və məhz bu tələsik arzular insanları qeyri-ənənəvi, elmi əsası olmayan və bəzən həyati təhlükə yaradan üsullara yönəldir. Son illərdə arıqlamaq istəyi bir ehtiyacdan çox, sosial və psixoloji təzyiqin nəticəsinə çevrilib. İnternetdə və sosial platformalarda yayılan, adətən də təsdiqlənməmiş və ya şişirdilmiş arıqlama metodları - məsələn, alma sirkəsi içmək, detoks adı altında yalnız maye qəbul etmək, dərmansız maddələrə əsaslanan "möcüzəvi pəhrizlər" - insanlar üçün cəlbedici görünür, çünki bu üsullar nəticəni tez və zəhmətsiz vəd edir. Lakin bu üsulların bir çoxunun elmi əsası yoxdur və orqanizmə ciddi zərər vura bilər. Qastroenteroloqlar, dietoloqlar və psixoloqlar uzun müddətdir xəbərdarlıq edirlər ki, sağlamlıq qısamüddətli estetik görüntülərə qurban verilməməlidir. Məsələ təkcə qidalanmada deyil. Bu, həm də bir düşüncə tərzidir. Arıqlamağın yalnız fiziki deyil, həm də psixoloji tərəfi var. İnsanlar öz bədənini sevmədən, özünü olduğu kimi qəbul etmədən bu yola çıxanda, nəticə yalnız çəkidə yox, ruhda da iz buraxır. Sağlamlıq uğrunda mübarizə aparmaq əvəzinə, görünüş uğrunda mübarizəyə çevrilən bu proses, təəssüf ki, bəzən acı sonluqlar doğurur.
Mövzu ilə bağlı dietoloq Reyhan Cabbarlı Olaylar.az-a açıqlamasında qeyd edib ki, hər kəsə uyğun tək bir diet yoxdur, qalıcı nəticə üçün fərdi sağlamlıq vəziyyətinə uyğun menyu hazırlanmalıdır:
"Bu cür arıqladıcı adı altında satılan dərmanlar, içkilər insan sağlamlığı üçün böyük risk təşkil edir. Əslində zərər çəkənlərin sayı yüzlərlə hətta minlərlədir, sadəcə çox zaman səbəbsiz ani ölüm olaraq adlandırılır. Bunun isə səbəbi ani çox kilo itirdikdə yağ qədər əzələ kütləmizi də itirməyimizdir. Ürək əzələdən ibarət bir orqandır, bu səbəblə plansız ani kilo vermək infarkt riskini artırır. Təbii ki, bu vasitələri qəbul edən hər kəs arıqlamır, elə bizim klinikanın reanimasiyasına son 2 ildə 10-dan çox arıqlama vasitələri qəbuluna bağlı mədə-bağırsaq qanaması diaqnozu ilə xəstə yatırılıb. Ölüm ilə nəticələnməyən hadisələr gündəmə gəlmir, amma bu vasitələrdən qəbul edib sağlamlığından olan insanlar çoxdur. Hər kəsə uyğun olacaq bir diet növü yoxdur. Çünki hər kəsin fərqli səbəblərə bağlı kilo problemi ola bilər. Amma ən çox universal olaraq yanaşılan və araşdırmaların çoxunda da müsbət nəticə görən diet növü Akdeniz dieti dediyimiz; xolesterollu qidaların az, tərəvəzlərin və paxlalıların çox olduğu diet növüdür. Amma qalıcı nəticə görmək istəyirsinizsə, sizin həyat fəaliyyətiniz, ağız dadınıza, kilonuza və sağlamlıq vəziyyətinizə uyğun hesablanmış menyulardan istifadə etməlisiniz. Əslində az vaxtda çox kilo vermək anlayışını insanlara sosial media və reklam xarakterli paylaşımlar yada salır. Məntiqli olaraq düşünülsə, bir insanın ildə 10-20 kilo arıqlamasının nə qədər çətin və riskli olduğunu görərlər. Sadəcə reklam edilən məhsullar və edən insanlar çox yanıldıcı ola bilir. Mən həmişə bu vasitələrə inanan insanlara bu sualı verirəm: "İnkişaf etmiş ölkələrin də ən böyük sağlamlıq problemi obezitedir. Bu qədər obeziteyə bağlı yaranmış xəstəliklərə dövlət sığortadan pul ayırmaqdansa, hamıya bir arıqlama çayı və ya dərmanı verib niyə qurtulmur?" Bəzən isə təbiidir deyə, türkəçarə dediyimiz bitki mənşəyi qidaları evlərində hazırlayıb arıqlamaq istəyənləri görürük. Çoxu nəticə görmür, bəziləri hipoglisemiya və ya təzyiq problemi yaşayırlar. Bəziləri isə uzun müddət davam edəcək bağırsaq problemlərinin təməlini qoyurlar. Artıq kilolu olma, yəni obezite bir xəstəlikdir. Bunun səbəbi araşdırılmalıdır. Obezite tək başına yaranan bir şey deyil, bu zaman tiroid hormonları, insulin, xolesterol, kilo almağa səbəb olan bəzi vitamin və mineral dəyərləri yoxlanmalıdır. Nəticəyə əsasən, lazımı qida əlavələri, dərmanlar və diet yazılır. Fiziki aktivlik tək arıqlama üçün yox, sağlam orqanizm üçün vacibdir. Günlük minimum 9000 addım atmaq ürək-damar xəstəlikləri riskinizi azaldır. Eyni zamanda piylənmənin də qarşısını alır. Fiziki aktivlik nə qədər yüksək olarsa, günlük yandırdığınız enerji miqdarı da artar. Fiziki aktivlik seçimi də şəxsin səhhətinə və həyat fəaliyyətinə görə seçilməlidir".
Bədənə fiziki yüklənmə qədər düşüncəyə də yük düşür. Arıqlama prosesi yalnız pəhriz və qidalanma ilə məhdudlaşmır - bu, insanın öz bədəni ilə münasibətindən, daxili motivasiyalarından və psixoloji durumundan da birbaşa asılıdır. Məhz bu səbəbdən məsələyə psixoloji tərəfdən də yanaşmaq vacibdir. Görəsən, insanları təhlükəli yollarla arıqlamağa sövq edən əsas psixoloji səbəblər nələrdir?
Psixoloq Sibel Piriyeva Olaylar.az-a açıqlama verib:
"Arıqlamaq istəyən insanları psixoloji olaraq analiz etsək, ilk növbədə psixoloji motivasiyadan danışmaq lazımdır. Çünki psixoloji motivasiya xanımlarda bəylərə nisbətən daha çox estetik səbəblərlə bağlı olur. Yəni, daha gözəl görünmək, bəyənilmək, zərif və cazibədar olmaq kimi istəklər ön plandadır. Bu da özünə inamı artırır. Digər motivasiya isə sağlamlıqla bağlı olur. Bu, həm bəylərdə, həm də xanımlarda müşahidə olunur. Məsələn, təzyiq, şəkər, nəfəs darlığı kimi problemlərin qarşısını almaq üçün arıqlamaq istəyi yaranır. Bundan başqa, sosial motivasiya da var ki, bu da hər iki cinsdə müşahidə olunur. Ətrafdan gələn tənqidlərdən qurtulmaq, daha çox bəyənilmək, münasibət qurmaq arzusu insanları arıqlamağa sövq edir. İndi isə arıqlamaq istəyən insanları iki qrupa bölə bilərik: sağlam düşüncə ilə arıqlamaq istəyənlər və qeyri-sağlam düşüncə ilə arıqlamaq istəyənlər.
Qeyri-sağlam düşüncə ilə arıqlamaq istəyən insanlarda ilk olaraq özündən narazılıq hiss olunur. Bu, ən çox mükəmməlliyyətçilik xüsusiyyətinə malik insanlarda rast gəlinir. Bu insanlarda "daha yaxşı ola bilərəm", "daha gözəl görünə bilərəm", "daha incə olmalıyam" kimi fikirlər olur və bu düşüncələrlə özlərini daim tənqid edirlər. Bu hal elmi dildə perfeksionizm adlanır. Sosial şəbəkələrdə ideal bədən quruluşlarının təqdim olunması, fotoşopdan istifadə, estetik cərrahiyyənin yayılması da bu düşüncələri gücləndirir. İnsanlar sosial şəbəkədə gördükləri bədənləri özləri ilə müqayisə etməyə başlayırlar. Bu müqayisə duyğusu bizə uşaqlıqdan aşılanıb, çünki uşaqlıqda daim yaşıdları ilə və ya daha yaxşılarla müqayisə olunmuşuq. Avropa və Şərq mədəniyyətlərini müqayisə etsək, Şərqdə daha çox müqayisəyə yer verilir. Məsələn, Koreyada plastik əməliyyatlar daha çox yayılıb, nəinki Fransada. Sosial şəbəkələrdəki "ideal" bədənlə öz bədənini müqayisə edən insanlar kəskin şəkildə özlərini tənqid edir, bədənlərindən narazı qalırlar, güzgüdən qaçırlar, başqaları ilə özlərini müqayisə edirlər və nəticədə özlərini bəyənmirlər. Bu zaman emosional aclıq yaranır. Türk ədəbiyyatında "duygusal açlık" adlandırılan bu hal Azərbaycan dilində emosional aclıq kimi tərcümə olunur. Fiziki aclıqla emosional aclıq arasındakı fərqi başa düşmək vacibdir. Emosional aclıq stres, aqressiya, darıxmaq və narahatlıq kimi hallarda yaranır və bu duyğular yemək vasitəsilə bastırılır. Qeyri-sağlam düşüncəli şəkildə arıqlamaq istəyən insanlar emosional aclığın fərqində olmurlar. Onlara bu barədə fərqindəlik qazandırmaq lazımdır. Davranış formalarına baxsaq, görərik ki, bu insanlar daim pəhrizə başlayır, sonra yarımçıq saxlayırlar. Niyə? Çünki arıqlamaq istəyinə çox yüksək motivasiya ilə başlayırlar, idman geyimləri alırlar, dietik qidalar seçirlər, alış-veriş edirlər. "Bu gündən başlayıram" deyə çox həyəcanla başlayırlar, amma bir müddət sonra ruh halları zəifləyir, yorulurlar və motivasiyaları tükənir. Cəmiyyət isə bunu iradəsizlik kimi qiymətləndirir. Burada əsas məsələ odur ki, bu insanlar özlərini birdən-birə bir çox şeydən məhrum edirlər. Yemirlər, yemirlər, yemirlər və bir anda çox yeyib, sonra da vicdan əzabı çəkirlər.
Digər yanlışlardan biri də motivasiyanı əvvəlcədən axtarmaqdır. Halbuki, motivasiya hərəkətlə yaranır. Yəni "əvvəl motivasiya gəlsin, sonra başlayım" düşüncəsi səhvdir. Əksinə, idman etdikcə, hərəkət etdikcə motivasiya yaranır. Bundan əlavə, insanlar ətrafdan psixoloji dəstək gözləyirlər. "Arıqlamısan", "daha gözəlsən" kimi komplimentlər almaq istəyirlər. Qeyri-sağlam düşüncə ilə arıqlayan insanlar qəfl şəkildə pəhrizə başlayır, dərmanlardan, çəki itirən sirkəli su və ya qatıq əsaslı qidalardan istifadə edirlər. Bu üsullar çəki azaldır, amma daha sonra ciddi fəsadlar yaradır. Niyə buna ehtiyac duyurlar? Bu insanlar ətrafdakı həyatlarını idarə edə bilmədikdə , məsələn, iş həyatında, evlilikdə, dost münasibətlərində - ən rahat idarə edə bildikləri şey bədənləri olur. Bu səbəbdən bədən üzərində nəzarət qurmağa çalışırlar. Bəzən xanımlarda və bəylərdə ağır bir hadisədən sonra - məsələn, qəfil saç kəsdirmək, sürətli arıqlamaq, kökəlmək kimi davranışlar müşahidə olunur. Bu dəyişikliklər vasitəsilə daxili narahatlığı azaltmağa çalışırlar. Amma fərqində olmalıdırlar ki, problem harada yaranıbsa, orada həll olunmalıdır. Həyatında yaranmış bir problemi bədən üzərində həll etməyə çalışmaq sağlam yol deyil. Psixoloji baxımdan arıqlamağın riskləri də var. Çünki arıqlamağa başlayan insan qida rasionundan karbohidratları və şəkəri çıxardıqda, xoşbəxtlik hormonları azalır. Bu da depressiyaya, özündən narazılığa səbəb olur. Nəticədə, yemək pozuntuları yaranır. Bu insanlar qəfildən çox yeyir, sonra yediklərini çıxarmağa çalışır - qusma ilə, ya da bağırsaq təmizləyici dərmanlarla. Yemək pozuntuları arasında bulimiya və tıxanırcasına yemək davranışları müşahidə olunur. Bu yediklərini də qusma və ya nəcis yolu ilə çıxarmağa üstünlük verirlər. Onlar davamlı olaraq özlərini yetərsiz hiss edirlər. Arıqlayırlar, amma yenə də məmnun deyillər. Sağlam arıqlamaq istəyən insanlar isə fərqli düşüncəyə sahib olurlar. Onlar arıqlamağı cəza kimi deyil, özünə sevgi kimi görürlər. Qeyri-sağlam düşüncədə olanlar özlərinə cəza verirmiş kimi davranırlar. "İndiyə qədər yemisən, indi yemə", "hərəkətsiz olmusan, indi idmanla özünü cəzalandır" - bu, səhv yanaşmadır. Arıqlama prosesi insanın özünə qayğı göstərməsidir, cəza deyil. Bu insanlar kiçik məqsədlərlə başlamalıdır. Sağlam qidalanma planları olmalıdır, monotondan uzaq, balanslı olmalıdır. İdman ilk həftələrdə 2-3 saat yox, 30-40 dəqiqə olmalıdır. Emosional və fiziki aclıq arasındakı fərqi bilməlidirlər. Motivasiya hərəkətlə yaranır, əvvəl motivasiya gözlənilməməlidir. Hər uğura görə özünü təbrik etmək lazımdır. Bir kilo verdin - təbrik et. Bugün idman etdin - özünü təbrik et. Qidalanma rejiminə əməl etdin - təbrik et. Bu cür özünə müsbət yanaşaraq motivasiyanı stabil saxlamaq mümkündür".
Arıqlamaq istəyi təbiidir - sağlam bədən, yüngül hərəkət, rahat nəfəs almaq hər bir insanın haqqıdır. Lakin bu istək, əgər sosial təzyiqin, özünəinam əksikliyinin və ya süni gözəllik standartlarının məhsuludursa, insanı sağlamlıqdan uzaqlaşdıran təhlükəli bir yarışa çevirilə bilər. Ən acınacaqlısı isə odur ki, bu yarışın sonunda qalib gəlmək əvəzinə, bəzən sağlamlıq itirilir, psixoloji zərbələr alınır. Sağlam arıqlama - təkcə az yemək və çox hərəkət etmək deyil. Bu, həm də özünü olduğu kimi qəbul etmək, dəyişmək istəyirsənsə, bunu düzgün üsullarla və bədəninə sevgi ilə etmək deməkdir. Sürətli nəticələrə deyil, davamlı dəyişikliklərə yönəlmək; reklamlara deyil, mütəxəssislərə qulaq asmaq, "ideal bədən"ə deyil, öz ideal sağlamlığına çatmaq - bu yolun əsas göstəriciləri olmalıdır.
Zeynəb Mustafazadə