Təbiətə dönüş: Kənd həyatı romantikası reallığa çevrilirmi?

Son illər həm ölkəmizdə, həm də dünyada bir tendensiya müşahidə olunur: şəhər həyatından yorulan insanlar kəndə - doğma bölgələrinə qayıtmaq haqqında düşünürlər. Bəziləri bu qərarı artıq verib və rayonda həyat qurmağa başlayıb. Bəs bu dəyişiklik real ehtiyacların diktəsi ilə baş verir, yoxsa bu, sosial mediada "sadə həyat" romantikasının yaratdığı illüziyanın təsiridir?

Hər iki hal mövcuddur. Amma istənilən halda, bu dönüş prosesinə yalnız fərdi qərar kimi yox, həm də sosial, iqtisadi, ekoloji və mədəni bir hadisə kimi baxmaq lazımdır.

Son illər böyük şəhərlərdə, xüsusilə də Bakıda həyatın bahalaşması, kirayə qiymətlərinin kəskin artması, nəqliyyatın tıxacı, iş saatlarının uzanması və psixoloji yorğunluq bir çox insanları alternativ axtarışına sövq edib. Şəhərdə kirayədə yaşayıb günə 8-10 saat işləyən insan anlayır ki, qazandığı, bəzən yalnız yaşamağa bəs edir. Üstəlik, qazandığını da şəhər xərcləri "udub aparır". Halbuki rayonlarda torpaq sahəsi, həyət-baca, təmiz hava və kənd təsərrüfatı ilə məşğul olmaq imkanı insanlara daha sabit və sakit bir həyat təklif edir. Bir çoxları artıq şəhərdə "işçi" olmaqdan yorulub, özünəməxsus həyat qurmaq istəyir. Bu, yalnız iqtisadi rahatlıq deyil, həm də mənəvi sakitlik ehtiyacıdır.

Kənd həyatı, daha doğrusu, şəhərin səs-küyündən uzaq, təbiətlə iç-içə yaşamaq düşüncəsi uzun müddətdir ki, bir növ "psixoloji qurtuluş" forması kimi təqdim olunur. Sosial şəbəkələrdə "slow life" (yavaş həyat), "self-sufficiency" (özünü təminetmə), "escape the city" (şəhərdən qaçış) kimi məzmunlar artdıqca insanlar düşünməyə başlayırlar: "Bəlkə, həqiqətən də, həyat sadəlikdədir?"

Kəndə köçmək təkcə maddi deyil, həm də psixoloji qərardır. Bir çoxları ailə bağlarını möhkəmləndirmək, övladlarını daha sakit, təbii mühitdə böyütmək, öz daxili rahatlıqlarını tapmaq üçün bu qərarı verir. Bu qərarın arxasında bəzən şəhərdəki süni münasibətlərdən qaçış, bəzən də "mən kiməm?" sualına cavab axtarışı dayanır.

Ətraf mühitin qorunması günümüzün qlobal çağırışlarındandır. Şəhər həyatının ekoloji yükü böyükdür: avtomobil tıxacları, betonlaşma, hava və səs çirkliliyi, tullantıların düzgün idarə olunmaması, su ehtiyatlarının israfı və sair. Rayonlara köç isə bu mənada daha davamlı, ekoloji cəhətdən sabit həyat forması təklif edir. Kənddə yaşayan insanlar təbii resurslardan daha səmərəli istifadə edir - yerli məhsullar istehlak olunur, əkin-biçin aparılır, su və elektrik sərfi daha nizamlıdır. Hətta bəziləri alternativ enerji mənbələrinə - günəş panellərinə, yağış sularının toplanmasına və s. yönəlir. Təbiət qoynunda yaşamaq insanları istər-istəməz təbiətə daha diqqətli yanaşmağa məcbur edir. Beləcə, kənd həyatına dönüş təkcə fərdi yox, həm də planetin gələcəyi baxımından əhəmiyyət daşıyır.

Bütün bu deyilənlərə baxmayaraq, kəndə dönüş heç də hər kəs üçün asan olmur. Kənd həyatı öz çətinliklərini də özü ilə gətirir. İnfrastrukturun zəif olması, səhiyyə və təhsil xidmətlərinin məhdudluğu, internetin keyfiyyətsizliyi, iş imkanlarının azlığı, dövlət dəstəyinin yetərsizliyi - bunlar real problemlərdir. Bir çox gənclər kəndə köçmək ideyasını dəstəkləsələr də, real mühitlə qarşılaşanda ruhdan düşürlər. Torpağa sahib olub onu becərmək, ailəni təmin etmək, şərait yaratmaq üçün gərəkli bacarıq və resurslar hər kəsdə olmaya bilər. Əlavə olaraq, kənddə yaşayan bəzi insanlar, xüsusilə də yaşlı nəsil, yeni gələnləri "xarici element" kimi görür, bəzən mentalitet fərqləri üzündən konfliktlər yaranır. Bu isə sosial adaptasiyanı çətinləşdirir.

Bəzi sosial media səhifələri və "influencer"lər kənd həyatını elə romantik formada təqdim edir ki, sanki hər şey tərtəmiz, sakit və qüsursuzdur. Halbuki real kənd həyatı səhər 6-da torpaq işlərinə başlamaq, heyvan saxlamaq, fasiləsiz əməklə dolanmaq, sosial təcrid riski - bütün bunlar əsl hazırlıq və ruh yüksəkliyi tələb edir. Bəzən bu romantik təsvirlər insanlarda yanlış gözləntilər yaradır. Kənddə bir-iki gün istirahət etmək ilə orada uzunmüddətli yaşamaq arasında böyük fərq var.

Müstəqil Həmkarlar Birliyinin həmtəsisçi, sosioloq Əhməd Rəhmanov mövzu ilə bağlı  Olaylar.az-a açıqlama verib. Sosioloq bildirib ki, rayon əhalisi şəhərə o vaxt köç etməyə başladı ki, artıq bölgələrdə iş yerləri azaldı. Kənd təsərrüfatı sovxoz və kolxozları bağlandı, onların torpaqları imkanlı şəxslər, əsasən də dövlət strukturlarında çalışan məmurlar arasında bölüşdürüldü. Elə bu mərhələdən sonra insanlar şəhərə üz tutmağa başladılar: "Əslində, rayon sakini yaxşı anlayır ki, Bakıda yaşamaq daha çox xərc tələb edir. Əgər şəhərdə onun minimal ehtiyaclarını qarşılamaq üçün ayda, tutaq ki, 1000 manat lazımdırsa, rayonda, öz evində yaşayaraq, 500-600 manatla da dolana bilər. Çünki rayonda həm evi, həm həyəti var - işdən sonra həyətində toyuq-cücəsini, mal-qarasını saxlayır və bu da onun ehtiyaclarının bir hissəsini qarşılayır. Amma şərait onu məcbur etdi ki, rayondan köçüb şəhərə gəlsin. Bu, düşünülmüş bir proses idi. Çünki ölkədə idarəetməyə can atan bəzi məmurlar üçün ucuz işçi qüvvəsi lazım idi. Vaxtilə Bakıda bir usta qapı qoymaq üçün 100 manat alırdısa, rayonlardan gələn ucuz işçi qüvvəsi həmin işi daha ucuz qiymətə görməyə başladı və beləliklə, bazarda rəqabət yarandı. Bunun nəticəsində Bakıda işləyən fəhlənin də əməyinin dəyəri aşağı düşdü. Əgər əvvəllər 100 manatlıq işin 20 manatı materiala, qalanı işçiyə qalırdısa, indi həmin adam yalnız çörək pulunu qazanır. Söhbət sadə insanlardan gedir - dolanışıq üçün Bakıya üz tutanlardan. Bununla yanaşı, təbii ki, "avantüraya uyan" insanlar da hər zaman olub və olacaq. Elə şəxslər var ki, rayonda yaşaya-yaşaya Bakıda yaşamaq üçün, şəhər həyatı görmək üçün hər şeyini riskə atır. Bu tendensiya sovet dövründə də var idi - insanlar bayram günlərində və ya tətil zamanı Bakıya gəzməyə gəlirdilər. Bu gün də bu davam edir. Amma bu, sırf mədəniyyət axtarışı deyil. Əksinə, sadəcə maraq onları şəhərə gətirir.

Azərbaycanda bu gün demək olar ki, hər cür şərait var - istirahət mərkəzlərimiz də çoxdur. Amma əlinə bir az əlavə pulu düşən adam xaricə, məsələn, Türkiyəyə dincəlməyə gedir. Bunu da "mədəniyyət axtarışı" kimi yox, maraq və istək kimi dəyərləndirmək lazımdır. Əsas səbəb isə şəhərə gələnlərin mədəniyyət dalınca yox, iş dalınca gəlməsidir. Kim deyirsə ki, şəhərə mədəniyyət üçün gəlib, bu, reallığı əks etdirmir. Həmin insanları şəhərə gətirən səbəb sadəcə maraq və dolanışıq ehtiyacıdır".

Sosioloq qeyd edib ki, indi isə şəhərdən rayona köç məsələsi gündəmdədir: "Bu gün insanların şəhərdən rayona köçməsi, əsasən, iqtisadi səbəblərlə bağlıdır. Amma təəssüf ki, artıq kənd mədəniyyəti də əvvəlki kimi qalmayıb. İndi hansı kəndə, hansı rayona getsən, yerli camaat deyir ki, heyvan saxlamağa yer tapmırıq. Çünki imkanlı şəxslər, əsasən də məmurlar geniş torpaq sahələrini hasara alıblar. Gəlib deyirlər ki, "bura filankəsin yeridir, girmək olmaz". Şəhərdən rayona qayıdanların da səbəbləri müxtəlifdir. Bəziləri nostalji hisslərlə, maraqla gedir: "Doğma kəndimdir, görüm orada nə baş verir". Bəziləri isə sırf iqtisadi baxımdan gedir. Düşünür ki, Bakıda günəmuzd işləyirəm, güclə dolanıram. Gedim rayona, bəlkə dövlət tərəfindən müəyyən dəstək olar, öz həyətim, evim olar. Necə ki, 30-40 il əvvəl insanlar kənddəki imkanlarını satıb Bakıya gəldilər. İndi də bir çoxları şəhərdə yaşamağın çətinliyini görüb, geriyə - kəndə ümidlə üz tutur. O zaman necə ki, insanlar Bakıya çörək dalınca gəldilərsə, bu gün də eyni ümidlə kəndə qayıdanlar var düşünürlər ki, orada həyat daha münasib olacaq. Mən də istərdim ki, kənd təsərrüfatı Belorusiyadakı kimi inkişaf etdirilsin. Kəndlərdə təsərrüfatlar yaradılsın ki, insanlar orada rahat şəkildə işləyə, ailəsini dolandıra bilsin. Təəssüf ki, bu gün sosial şəbəkələrə və bölgələrə baxanda görürük ki, rayon camaatı şikayətlənir: "Filankəsin plantasiyasında 10 manatlıq gündəlik əmək haqqı ilə işləyirik". Günün istisində, ağır şəraitdə işləyən insanlar var - 7-8 manata. Bu real vəziyyətdir.mOna görə də mən düşünürəm ki, dövlətin marağında olmalıdır ki, insanlar kəndə qayıtsın. Bəli, şəhərdə qalan əhali ucuz işçi qüvvəsidir, amma eyni zamanda dövlət üçün sosial yükdür. Çünki o insanlar işləyə bilməyəndə sosial yardımlara müraciət edirlər. Onların məktəb, səhiyyə, infrastruktur və digər ehtiyacları yaranır. Bu gün Bakıətrafı qəsəbələrdə baxırsan ki, kanalizasiya işləməyib, su problemi var və s. Amma bütün bunlara baxmayaraq, insanlar orada yaşamağa məcbur qalırlar. Əgər rayonlarda normal yaşayış və iş şəraiti yaradılsa, əhali təbii ki, çörək dalınca gəldiyi şəhəri tərk edib öz torpağına, vətəninə dönər".

Mövzu ilə bağlı "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli də suallarımızı cavablandırıb. Ekoloq bildirib ki, bizim rayonlara kütləvi şəkildə köç yoxdur. Əgər böyük şəhərlərdən - məsələn, Bakıdan, Sumqayıtdan və ya Gəncədən hansısa miqrasiya varsa da, bu köç edən insanlar daha çox şəhər mədəniyyətini özü ilə gətirir. Mən düşünmürəm ki, onlar şəhərdən nəyisə mənfi mənada götürüb rayonlara tətbiq edirlər. Əksinə, ən azı ətraf mühitin qorunmasına töhfə verə bilərlər. Köçkünlük istər şəhərdən, istərsə də kənddən olsun, fərq etməz, bu hallar ümumilikdə mədəniyyət və təhsil problemi ilə bağlıdır. Yəni, əgər bizim dərsliklərimizdə, tədris proqramlarımızda bu məsələlərə yer verilməsə, maarifləndirmə aparılmasa, bu problemlərin həlli mümkün deyil. Təkcə fərdi təşəbbüslərlə də nəticə əldə etmək çətindir. Əvvəlcə ibtidai siniflərdə, uşaq bağçalarında bu mövzular öyrədilməlidir. Əhali televiziya, mətbuat və sosial media vasitəsilə maarifləndirilməlidir. Bu işdə hökumətin rolu vacibdir. Çünki bələdiyyələrin geniş səlahiyyəti, maliyyə və inzibati gücü yoxdur. Ona görə də bu sahədə əsas yük yerli icra hakimiyyətlərinin üzərinə düşür. Məsələn, bir nəfər rayona köçür və özbaşına ev tikərək tullantıları ətrafa atırsa, bu artıq absurdu xatırladır. Halbuki ölkəmizin Konstitusiyası var, qanunlar var və regionlar da həmin qanunlara uyğun şəkildə idarə olunur. İstər yerli idarəetmədə olan şəxslər, istərsə də müvafiq qurumlar həmin qanunlara uyğun şəkildə əhalinin davranışlarına nəzarət etməyə borcludurlar. 

Hazırda yalnız işğaldan azad edilmiş ərazilərə planlı və nəzarətli şəkildə köçürülmə həyata keçirilir. Bu proses də dövlətin ciddi nəzarəti altında baş verdiyinə görə ətraf mühitin çirklənməsi faktlarına rast gəlinmir. Əgər belə hallar baş verərsə, yenə də yerli icra hakimiyyətləri bu məsələlərin qarşısını almağa çalışmalıdırlar.

Ekoloq qeyd edib ki, təbiət qoynunda yaşamaq çox yaxşıdır. Amma bu yaşam tərzi təşviq olunarkən regionların yüksək səviyyədə inkişafı təmin edilməlidir. Regionların iqtisadiyyatı güclənməli, əhali sosial təminat baxımından təmin olunmalıdır ki, insanlar rayonda rahat və mədəni şəkildə yaşaya bilsinlər. Və belə olduqda, insanlar yaşadıqları yerə mədəniyyət apararlar, əksinə deyil.

Rayon həyatına dönüş təkcə keçmişə qayıdış deyil. Əksinə, bu, gələcəyin yaşama forması ola bilər - daha davamlı, daha mənəvi, daha ekoloji. Amma bunun baş verməsi üçün yalnız insan istəyinin olması yetməz. Dövlət dəstəyi, sosial hazırlıq, ekoloji düşüncə və praktiki strategiyalar bu prosesi real, dayanıqlı və faydalı hala gətirə bilər. Unutmayaq ki, torpağa dönmək təkcə kəndə köçmək deyil, həm də insanın öz köklərinə, öz mənəvi və mədəni kimliyinə qayıtmasıdır. Əgər bu dönüş düzgün istiqamətdə təşviq olunarsa, o zaman təkcə bir fərdin deyil, cəmiyyətin və təbiətin xeyrinə olacaq. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31