Sertifikasiyada yüksək bal toplayanların sayı niyə bu qədər azdır? - Ekspert AÇIQLADI

Elm və Təhsil Nazirliyi bildirir ki, bu il keçirilmiş kimya fənni üzrə sertifikasiya imtahanında 2500-dən bir qədər artıq müəllim iştirak edib və onların orta balı 40-dan yuxarı olub. Hətta ən çətin sual hesab edilən tapşırığa belə iştirakçıların 17 faizindən çoxu düzgün cavab verib. Rəsmi açıqlamaya görə, müəllimlərin 85 faizi minimal keçid balını toplayıb, 350 nəfər isə 51-60 bal aralığında nəticə göstərib.

Bəs müəllimlərin bəziləri niyə hələ də narazıdırlar? 

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov fikirlərini bölüşüb:

"Bunlar ilk baxışdan uğurlu nəticə kimi görünə bilər. Amma təhlil etdikdə görürük ki, bu imtahanlar kimya fənni üzrə ciddi metodoloji uyğunsuzluqlarla müşahidə olunub və digər fənlərlə müqayisədə qeyri-bərabər şərtlərlə keçirilib. 

Məsələn, birinci mərhələdə iştirak edənlərin təxminən 15 faizi, yəni 400-ə yaxın müəllim kəsilib. Əvvəlki təcrübələrə əsasən demək olar ki, bu müəllimlərin ən yaxşı halda 100-dən bir qədər artığı ikinci mərhələdə 30+ bal toplaya biləcək. Bu isə o deməkdir ki, ümumi kəsilənlərin sayı 10 faizdən də çox olacaq. Amma yekun rəsmi rəqəmlərə görə sertifikatlaşmanı keçməyənlərin nisbəti 5 faiz civarındadır. Bu statistik uyğunsuzluq bir daha sübut edir ki, kimya üzrə testlərin çətinlik səviyyəsi digər fənlərlə müqayisədə xeyli yüksək olub.
Əlavə olaraq, 51 və daha yüksək bal toplayan müəllimlərin ümumi sayının 350 nəfər, yəni 15 faizdən az olması da bu fikri gücləndirir".

Ekspert qeyd edib ki, 2023 və 2024-cü illərdə rus dili, Azərbaycan dili və ədəbiyyatı istisna olmaqla, digər fənlər üzrə bu göstərici orta hesabla 30-35 faiz olub. Yəni kimya fənnindən yüksək bal toplayanların nisbəti az qala yarıbayarı aşağıdır. Bu isə test tapşırıqlarının çətin tərtib olunmasını və sualların normativ ölçmə meyarlarına uyğun qurulmadığını göstərən real sübutdur:

"Sosial şəbəkələrdə yayılan "suallar sızdırılıb" və ya "suallar səhvdir" iddiaları elmi əsas daşımaya bilər. Nazirlik də haqlı olaraq bu kimi şayiələri rədd edir. Amma bu, imtahanın obyektiv keçirildiyi və bərabər imkanların qorunduğu anlamına gəlmir. Əgər eyni fənn üzrə minlərlə müəllimin 35 faiz maaş artımı hüququndan məhrum qalmasına səbəb qeyri-bərabər struktura malik test tapşırıqları və yanlış çətinlik səviyyəsidirsə, bu artıq sistemli peşəkarlıq problemi deməkdir.

Regionlarda 6-12 saat dərs deyərək ailəsini dolandırmağa çalışan müəllimin sertifikasiya imtahanında 2-3 sual ucbatından "keçid balından" məhrum edilməsi və nəticədə əməkhaqqı artımını itirməsi - bu sosial ədalətsizlikdir. Bu həm də sertifikasiya mexanizmini hazırlayan və tətbiq edən qurumların psixometrik bacarıqlarının, kurikulum savadının və ölçmə-etibarlılıq biliklərinin yetərli olmadığını göstərən real göstəricidir.
Bu bir daha sübut edir ki, testdə "sual səhv deyil" deməklə problem həll olunmur. Problem onun təlim proqramına uyğunluğu, ölçmə gücü, ayırdetmə qabiliyyəti və ədalətli çətinlik dərəcəsidir. Bunlar isə sadəcə "orta bal" və "ən çətin suala verilən cavab faizi" ilə əsaslandırıla bilməz".

Qeyd edək ki, sertifikasiya qiymətləndirməsi müəllimləri sıradan çıxarmaq üçün yox, onların inkişafına yönəlməlidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31