Zərərli asılılıqlardan necə qurtulaq?

Şübhəsiz ki, bir çoxumuzun həyatımızda özümüzə zərərli olduğunu bildiyimiz, lakin imtina edə bilməyəcəyimiz vərdişlərimiz var. İlk ağıla gələnlər siqaret, alkoqol və ya maddə asılılığı (marixuana, kokain, heroin, LSD kimi narkotiklər/stimulantlar) olsa da, gündəlik həyatımızı araşdırdığımız zaman bunlar sayca dəyişə bilər. Məsələn, nizamlı və balanslı pəhriz yerinə daimi və yaxud həddindən artıq yemək yemək, saatlarla televizor qarşısında oturmaq, saatlarla telefonla danışmaq, sürətli avtomobil sürmək və s. Əslində bunlara əlavə olaraq çoxumuzda "pis vərdişlər" olaraq təyin edə bilmədiyimiz asılılıqlar var. Məsələn, müəyyən bir insana həddən artıq bağlanmaq, bütün vaxtını eyni insanla keçirmək istəmək və o adamın yoxluğunda özünü "yarım" kimi hiss etmək və s. İş o yerə çatıb ki, bu insanlar bu əlaqənin hər iki tərəf üçün zərərli olduğunu qəbul etsələr də, itirmək qorxusundan bu vəziyyətə dözüb davam edirlər və bu həddindən artıq asılılıq zərərli vərdişə çevrilir.
Şübhəsiz ki, bir çoxumuz bu zərərli vərdişlərə zövq verdiyi üçün başladıq və istifadə edilən maddənin və ya edilən hərəkətin yüksək nöqtəsini daha tez-tez yaşamağa çalışdığımız üçün dozanı artıraraq davam etdiririk. Ancaq bizə başqa heç bir mənbədən alına bilməyəcəyinə inandığımız həzz verən və problemlərimizin həlli kimi görünən bu əşya və ya maddəni əldə etmək və ya bu insanla birlikdə olmaq o qədər enerji, vaxt və güc sərf edir ki, həyatımızın mərkəzinə çevrilir və ilk həzz hissi fiziki və ruhi zərər verən bir asılılıq ilə əvəzlənir. 
Vərdişlərin təməlində olan həzz hissi bəzi məsuliyyətlərdən və duyğulardan qaçmaq imkanı ilə müşayiət olunur. Bütün bu vərdişlər və asılılıqlar qısa müddətdə insana bir növ qazanc gətirə bilər. Məsələn, insanlar televizora baxaraq və ya saatlarla telefonla danışaraq işini və məsuliyyətlərini təxirə salıb, qısa müddətə də olsa onların yaratdığı qayğılardan uzaqlaşa bilər, ya da tək qalmamaq və bütün ehtiyaclarını ondan asanlıqla qarşılamaq üçün hər gün müəyyən bir insanla vaxt keçirə bilər. Uzunmüddətli perspektivdə qiymətləndirildikdə, bütün bunların böyük itkilərə səbəb olduğu danılmaz bir həqiqətdir.
Önəmli olan, enerji və həzz hisslərini yaşamaq mövzusunda tutumlu olmaq və nəzarəti itirməməkdir. Bəs burada "tutumlu olmaq" dedikdə nə nəzərdə tuturuq? Hnası anlarda təhlükə hiss etməyə başlayırıq? 
"Alkoqol" və ya "maddə asılılığı"nı nəzərdən keçirək: Bildiyimiz kimi, aşağı dozada qəbul edilən spirt və nikotin ilkin olaraq mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərir. Ancaq spirtin dozası artırıldıqda insanda depressiya hissi yaşanır, siqaret çəkənlərin başlanğıcda stimullaşdırıldığını iddia etdikləri bəzi qabiliyyətlər (diqqəti cəmləmə qabiliyyəti) miqdarı artırıldıqda isə uyuşmağa başlayır. Spirt və ya hər hansı digər maddənin istifadəsində çatıla biləcək ən təhlükəli məqam isə bu vərdişin tədricən fiziki asılılığa çevrilməsidir. İnsan istehlak etdiyi spirt və ya maddənin dozasını tədricən artırdıqca, alkoqol və ya zərərli maddələrin orqanizmin istehsal etdiyi təbii maddələrin yerini tutduğundan və orqanizmdə bu maddələrin əmələ gəlməsinə mane olduğundan xəbərsiz olur. Beləliklə, bədənin təbii tarazlığı pozulur. Bir şəxs bu maddəni qəbul etmədikdə, müəyyən çəkilmə təsirləri yaşayır və istifadə etdiyi spirt, nikotin və ya digər maddələrə ehtiyac duyur. Qısacası, o insanın artıq öz gücü və potensialı alkoqol və ya narkotik stimulyatorlarla əvəzlənib.
Alkoqol və narkomaniyanın "fiziki" asılılığa çevrilməsi kimi, "insan"a aludə olan insan öz potensialından və imkanlarından sərbəst istifadə etmək əvəzinə, öz şəxsi qabiliyyətinin, gücünün yetərli olmadığını düşünərək davamlı olaraq başqasının vasitəsilə ehtiyaclarını ödəməyə çalışır, buna görə də zaman keçdikcə öz bacarıqları inkişaf edə bilmir və sönükləşir. 
Digər bir asılılıq növü "qida asılılığı"dır. Bəzi insanlar bəzi narahat düşüncələrindən və ya məsuliyyətlərindən qaçmaq və onlardan uzaqlaşmanın rahatlığını yaşamaq üçün tez-tez həddindən artıq yeməyə və ya qəlyanaltılara müraciət edə bilərlər. Ancaq bir müddət sonra sürətlə alınan çəki insanın sağlamlığını təhdid etməyə başlayacaq, ürək, böyrək xəstəlikləri və müxtəlif əməliyyatlar riskini artıracaq, artıq çəkidən qurtulmaq üçün çəkilən çətinliklər insan üçün ikinci bir narahatlıq mənbəyinə çevriləcək.
Baxırıq ki, bəzi istifadələrdə "ölçü" aşıldığında insan geri qayıtması çətin olan nöqtələrə gedə bilir və ilkin qazanclar böyük itkilərlə əvəzlənir. İnsan öz-özünə bağladığı "az yeyərəm", "az içərəm", "özümü idarə edəcəm" kimi müqavilələrə necə əməl edə bilər?
Özümüzlə bağladığımız əhdlərə əməl edə bilmək üçün biz inanmalıyıq ki, "mötədillik" "artıq"dan daha təsirlidir və hissləri uyuşmadan daha çox stimullaşdırır. Əslində bəzi üsullardan istifadə etməklə bu vərdişləri çox gec olmadan aradan qaldırmaq mümkündür. İnsanlar öyrənmə potensialına malik canlılar olduqları üçün öyrənmə yolu ilə vərdiş əldə edə və eyni şəkildə öyrəndikləri davranışı dəyişdirməyi öyrənə bilərlər. İstifadə edilə bilən üsullar öz üzərində nəzarəti yenidən öyrənmək və inkişaf etdirmək məqsədi daşıyır.

Məsələn, bir vərdişi nəyin "gücləndirdiyini" müəyyən etmək və bu gücləndiriciləri aradan qaldırmaq, qarşısını almaq və ya təxirə salmaq:

Bu üsulu "insan" asılılığı çərçivəsində nəzərdən keçirə bilərik. Asılı münasibət qurmağa meylli olan insanlar, seçdikləri insanın ehtiyaclarını ödəmək qabiliyyətinə diqqət yetirirlər və digər şəxsiyyət xüsusiyyətlərinə məhəl qoymurlar. Buna görə də, ilk növbədə, insan hansı ehtiyaca sahib olduğunu və digər insanın hansı funksiyasından asılılıq yaratdığını araşdırıb müəyyən etməlidir. Məsələn, əgər insan öz hüquqlarını axtarmaqda və özünü müdafiə etməkdə özünü qeyri-adekvat hiss edirsə, o, bu vəzifəni yerinə yetirmək üçün başqasından asılılıq yarada bilər. Burada "möhkəmləndirici" özünü müdafiə edə bilməyəndə onu müdafiə edən şəxsdir. Birlikdə olduğu insanın öhdəsinə götürdüyü bu iş onun üçün savabdır, çünki o, özünü rahat və əmin-amanlıqda hiss edir, özünümüdafiə hərəkətinin yaratdığı çətinlik və narahatçılıqdan azad olur və bu şəxsdən asılılığını gücləndirir. Bu tip asılılığı zəiflətmək üçün insan özünü qorumaq və müdafiə etməkdə çətinlik çəkdiyi situasiyalarda birlikdə olduğu insanla müqavilə bağlaya bilər. 

Müxtəlif üsulları sınayaraq eyni mükafatı almağa çalışmaq:
Bu üsulu "alkoqol" asılılığı baxımından qiymətləndirə bilərik. Məsələn, stresli dərs günündən sonra istirahət etmək və yaşayış yerinə qayıtmaq üçün az miqdarda spirtli içki qəbul etmək vərdişini formalaşdıran insan hər gün içdiyi spirtli içkinin miqdarını artıraraq, dostları və qohumları arasında iğtişaşlar yaradır. Əslində onun məqsədi və eyni zamanda mükafatı gün ərzində yaşadığı stresli hadisələrdən xilas olmaq, dincəlmək, əylənmək olsa da, özünə və yaxınlarına zərər verəcək üsul seçərək bunu etməyə çalışır. Bununla belə, eyni mükafatı "içmək" əvəzinə idman fəaliyyətinə başlamaqla əldə etmək olar. Xüsusilə komanda şəklində idman etmək özünü dərslərin, qiymətlərin və gündəlik hadisələrin təsirlərindən uzaq tutmağa kömək edəcək sağlam mübarizə üsuludur.

Zərərli vərdişlərimizi təhrik edən işarələrin təsirlərini idarə etmək, aradan qaldırmaq və azaltmaq:
Bu üsulu "siqaret aludəliyi" baxımından qiymətləndirə bilərik. Məsələn, səhhətindən narahat olduğu üçün siqareti tərgitmək istəyən insan yaşadığı yerdən, hətta avtomobilindən siqaret çəkməyi xatırladan bütün xatırlatmaları (külqabları, kibrit və alışqanlar, əlavə siqaret qutuları) silməklə başlaya bilər. Daha sonra ən çox siqaret çəkdiyi yerləri müəyyən edərək, o yerlərdən uzaq qala bilər. Yeməkdən sonra siqaret çəkmək qaçılmazdırsa, o dəqiqələrdə uzun gəzə bilər. Özünüzlə bir qutu siqaret götürmək əvəzinə, stresli olduğunuz zaman çeynəmək üçün saqqız götürə bilərsiniz. Bütün bunlar siqaret çəkmək istəyini aktivləşdirən işarələri idarə etmək üçündür. Siqareti tərgitmə prosesində insanların istifadə edə biləcəyi digər təsirli üsul siqaretin şərtləndirildiyi mühitlərin sayını tədricən azaltmaqdır. 

Bütün bu üsullar sizin özünüz tətbiq edə biləcəyiniz və vərdişdən əl çəkmək istədiyiniz zaman sizə kömək edəcəyini düşündüyümüz üsullardır. Lakin bu proqramların həyata keçirilməsi səbir tələb edir. Bu üsulları ən yaxşı şəkildə tətbiq etməyə çalışsanız da müvəffəqiyyətli olmadığınızı düşünürsünüzsə, bir mütəxəssisdən yardım almanızda fayda var.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31