İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilin yekunları ilə bağlı mətbuat konfransı keçirir
17 Dekabr 2024 11:10 Sosialİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçirir.
Olaylar xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı çıxış edib.
O qeyd edib ki, vətəndaşlar artıq göndəriş aldığı təqdirdə istədiyi özəl xəstəxanaya müraciət edə bilər. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.
"179 özəl tibb müəssisəsi ilə müqavilə mövcuddur. Xidmətlərin sayı ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyon olub. Bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı da artırılaraq 179-a çatıb. Özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyat sayı 30%, göndəriş sayı isə 12% artaraq müvafiq olaraq 167 mini və 304 mini keçib. Bu göstəricilər sığorta çərçivəsində özəl xəstəxanalarda da tibbi xidmətlərə əlçatanlığın təmin edildiyini göstərir", - sədr əlavə edib.
Agentlik sədri əlavə edib ki, 2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42%-ni təşkil edir. Sığortahaqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib.
"2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşən ödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub.
Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Sözügedən kateqoriya üzrə 1 pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki, bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir", - sədr qeyd edib.
Zaur Əliyev onu da vurğulayıb ki, 2024-cü ilin 11 ayı ərzində 248,6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub.
"Tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub.
Ümumilikdə əhalinin 52 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir",- deyə o əlavə edib.
Eyni zamanda agentlik sədri əlavə edib ki, ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq.
"Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub:
Məlumat üçün bildirim ki, "Tibbi sığorta haqqında" qanun Milli Məclisdə 3-cü oxunuşdan keçmişdir. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısı başlanılacaqdır", - sədr vurğulayıb.