Zibillənmiş ətraf mühit, ya təmiz gələcək? Seçim bizimdir!
25 Oktyabr 2024 20:14 SosialBir neçə dəqiqəlik təsəvvür edin: yol kənarı ilə sakitcə gedirsiniz. Birdən hansısa avtomobildən yolun ortasına kağız parçası, plastik qab, ya da daha iyrənc bir şey - siqaret kötüyü atılır. Hə, əksər avtomobil sürücüləri artıq küçələri böyük bir zibil qutusu olaraq görürlər...
Bir az daha irəliləyirsiniz. Bu dəfə binanın altından keçirsiniz. İnanın ki, həmin anda başınıza hər an zibil düşə, çirkli su tökülə bilər. Niyə uzağa gedək ki? 2 gün öncə bunu Hüseyn Cavid prospektindən keçərkən şəxsən yaşamışam. Əminəm ki, əskəriyyətiniz də yaşayıb. Bunu təsadüf nəticəsində baş verəcək bir hadisə olaraq qəbul etməyin, çünki belə deyil. Kimsə təsadüf nəticəsində bir vedrə çirkli suyu balkonundan aşağı tökməz. Bu, sadəcə bir çox insanın artıq düşüncəsiz şəkildə davrandığı, ətrafdakıları nəzərə almadan hərəkət etdiyinin göstəricisidir.
Bəs ictimai nəqliyyatdakı vəziyyət? Oturacaqların kənarında və ya döşəmədə kiminsə qoyub getdiyi plastik su qabı, hətta bəlkə də kiminsə özüylə götürüb atmağa ərindiyi yemək qalıqları. Şəxsən bu hala avtobuslarda daha çox rast gəlmişəm. Nəzərə alsaq ki, avtobus yerüstü nəqliyyat vasitəsidir və demək olar ki, hər dayanacaqda zibil qabı var, o zaman bunu necə adlandıraq? Sanki "zibili aparmağa ehtiyac yoxdur, onsuz da kimsə təmizləyəcək" düşüncəsi hökm sürür. Hər dəfə bu səhnə ilə qarşılaşanda, təmiz bir cəmiyyətdə yaşamaq arzusu bir az daha sönür. Amma bu, sadəcə bir nəfərin davranışı deyil; bu, cəmiyyətin böyük bir hissəsinin kollektiv məsuliyyətsizliyidir.
Bu mənzərə, təəssüf ki, təkcə yol kənarında və ictimai nəqliyyatda deyil, hər yerdə qarşımıza çıxır. Parkda oturursunuz, kənarda gözəl mənzərə, uşaqlar oynayır, amma bir az daha diqqətlə baxsanız, otların arasında gizlənmiş plastik paketləri, siqaret külqabı kimi istifadə edilən skamyaları görürsünüz. Sanki hər kəs zibili, arxasında qoyduğu çirkinlikləri görməzlikdən gəlir və bu məkanların təmizlik işçiləri tərəfindən yox ediləcəyini gözləyir. Amma niyə? Axı insan öz atdığı zibili götürməkdən bu qədər acizdirmi? Hər gün eyni məkanları ziyarət edən biri üçün niyə təmizlik şəxsi məsuliyyət kimi qəbul edilmir? Bəlkə də, düşünürlər ki, bu, yalnız "kimlərinsə" işidir, amma heç o "kimlərsə" də bu yükü daşımağa məcbur deyil. Yoxsa, bu, bir mədəniyyət problemi, özəl və ictimai məkanları bir-birindən ayırmağı bacarmamaqdır? İnsanı öz evində belə davrana bilməz axı! Heç kim evinin içində zibili yerə atıb təmizlik xidmətinin gəlib onu götürəcəyini gözləməz. Bəs niyə küçədə, parkda, ictimai yerlərdə bunu edirlər? Bu cür düşüncəsizlik haradan qaynaqlanır? Bir anlıq durub düşünək: zibilimizi yerə atmaqdansa niyə öz əlimizlə zibil qabına atmaq bu qədər çətin görünür?
Elə bilirsiniz, bu hallar təkcə Bakı ilə yekunlaşır? Şəhərin tıxaclı küçələrindən tutmuş, kəndlərin arxa yollarına qədər, ətraf mühitin pozulması yalnız bir bölgə ilə məhdudlaşmır. Bir neçə ay öncə sosial media şəbəkələrində qarşıma çıxan bir video məni lap çox incitdi. Videoda Laçın yolundakı dolayda bulaq suyu tullantılarla dolub. Videonu çəkən şəxs, insanların maşınlarını saxlayaraq piknik etdiklərini, bu gözəl məkanı zibilxanaya çevirdiklərini bildirirdi.
Biz o müqəddəs torpaqların bizə geri qayıtması üçün nə qədər gözləmişik, neçə can qurban vermişik? Bu torpaqlarda bizim tarixi izimiz, mədəniyyətimiz, varlığımız var. Dövlət, bu torpaqları cənnətə çevirmək üçün səylə çalışır, bütün gücümüz və potensialımız o ərazilərin nümunəvi bərpasına yönəlib. Lakin, bəzi insanlar, bu dəyərli torpaqları da zibilxanaya çevirmək fikrindədirlər. Onların bu davranışı, yalnız ekosistemimizi deyil, eyni zamanda bizim millət olaraq dəyərlərimizi də təhqir edir.
Bu yalnız Laçın yolunda baş vermir. Eyni düşüncəsiz, bivec yanaşma Xəzər sahillərindəki çimərliklərdə, dağlarımızda, meşələrimizdə və istirahət zonalarımızda da müşahidə olunur. İnsanlar, bu cür yerlərdə rahatlamaq, təbiətlə bir arada olmaq əvəzinə, sadəcə olaraq, özlərinə məxsus zibil atmağı üstün tuturlar.
Bunlar bəlkə də kiməsə adi görünə bilər, amma bu adi bir hal deyil, əksinə dərinə gedən problemin göstəricisidir. İctimai yerlərdə zibil atmaq, etik qaydaların pozulması və mədəniyyətə olan biganəliyin təzahürüdür. Təəssüf ki, bu hal təkcə küçə zibillənməsi ilə bitmir. Bu davranışla biz ətrafımıza və cəmiyyətimizə necə laqeyd yanaşdığımızı, ictimai mülkiyyətə hörmətsizliyimizi göstəririk.
Bir çoxumuz zibil tullamağın nəticələri barədə düşünmürük. Təbii ki, "bir su butulkası və ya siqaret kötüyü şəhəri məhv etməyəcək" deyə düşünürsünüz. Bəs sizcə, o tullantılar 1 su butulkası, 1 siqaret kötüyü ilə yekunlaşır? Hər kəs bu düşüncəni müdafiə edib hərəkət etsin, zibil yığınına çevrilən yerdə necə yaşayacaqsınız? Bəlkə də məhz bu, problemin kökündə duran əsas məsələdir: biz ictimai mülkiyyəti özümüzə aid hesab etmirik. Bir çox insan "Bu, mənim deyil, niyə qayğısına qalmalıyam?" düşüncəsi ilə hərəkət edir. Halbuki şəhərlərimiz bizim evlərimiz qədər dəyərlidir və onları qorumaq, təmiz saxlamaq hər birimizin borcudur.
Bəzi ölkələrdə isə zibil atmaq həqiqətən böyük məsuliyyət tələb edir. Hamınız yəqin ki, Sinqapurun necə təmiz olduğunu eşitmisiniz. Sinqapur zibil atma məsələsində dünyada ən sərt cərimə və cəza tətbiq edən ölkələrdən biridir. Bu cəzalara ətraf mühitin təmizliyini qorumaq və yüksək ictimai nizam-intizamı təmin etmək məqsədi ilə çox ciddi yanaşılır. Əgər bir nəfər Sinqapurda ilk dəfə zibil atarsa (siqaret, çöp, kağız parçaları kimi kiçik əşyalar daxil), onu 300-1000 Sinqapur dolları (təxminən 220-730 ABŞ dolları) məbləğində cərimə gözləyir. Cəzanın məbləği atılan zibilin miqdarına və yerinə görə dəyişə bilər. Təkrar zibil atanlar üçün cəza daha da ağırlaşdırılır. İkinci dəfə və ya daha çox pozuntu halında cərimə məbləği 2000 Sinqapur dollarına qədər artırıla bilər (təxminən 1500 ABŞ dolları). Üstəlik, belə hallarda təmizlik işlərinə könüllü cəlb olunmaq (community service) da məcburidir. Bu könüllü işlərə zibili təmizləmək daxildir və bu zaman pozuntu edən şəxslər xüsusi gödəkçələr geyinirlər, bu da bir növ ictimai utanc tədbiri kimi qəbul olunur. Əgər siqaret külü və ya izmariti kimi kiçik zibilləri yerə atan biri tutulsa, cəzası 300 Sinqapur dollarından başlayır və təkrar hallarda 2000 dollara qədər yüksələ bilər. Bu, kiçik zibillərə qarşı belə nə qədər ciddi yanaşıldığını göstərir. Sinqapurda təkcə zibil atmaq deyil, ictimai tualetlərdən istifadə zamanı təmizliyə diqqət yetirməmək də cəzalandırılır. Tualetdən sonra suyun çəkilməməsinə görə 150 Sinqapur dolları (təxminən 110 ABŞ dolları) cərimə tətbiq olunur.
Yəqin bunu da eşitmisiniz ki, saqqız istifadəsi Sinqapurda uzun illərdir qadağandır, çünki onun qalıqları ətraf mühitə zərər vurur. Saqqız satışı və istifadəsi məhdudlaşdırılıb və onu zibil kimi yerə atmaq böyük cərimələrlə nəticələnir. Zibilə görə cərimələrdə bu da nəzərə alınır.
Sinqapuru dünyanın ən təmiz şəhərlərindən birinə çevirən bu sərt tədbirlərdir. Bu cəzalarla təkcə fiziki təmizlik təmin edilmir, həm də insanların davranışlarını dəyişdirmək, onlara məsuliyyət hissini aşılamaq hədəflənir. Artıq bu ölkədə insanlar başa düşüblər ki, təmizlik təkcə dövlətin yox, hər bir vətəndaşın üzərinə düşən bir məsuliyyətdir. Hər kəs cəmiyyətin bir hissəsi olduğunu hiss edir, ona görə də ictimai yerlərə hörmət edir. Bizim də belə bir mədəniyyətə ehtiyacımız var. Küçələrdə zibillərin təmizlənməsini yalnız bələdiyyələrdən gözləmək, əslində məsuliyyətdən qaçmaqdır. Hər bir insan küçəyə atdığı zibillə həm şəhərinə, həm də ətrafına olan hörmətini göstərir. İndi deyəcəksiniz ki, buna görə bizdə də cərimə tətbiq olunsun? Niyə də yox? Maşını olmayan biri yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrdən narahat ola bilər? Yox. Onda zibili aid olduğu zibil qabına atırıqsa, niyə cərimədən narahat olaq?
Təbii ki, sadəcə cərimələrlə də məsələni həll etmək mümkün deyil. Zibilləməyə görə cərimələr olmalı, amma əsas diqqət maarifləndirməyə yönəlməlidir. İnsanlara erkən yaşdan təmizlik və ətraf mühitin qorunması dəyərləri aşılanmalıdır. Təsəvvür edin ki, uşaqlar hələ məktəb yaşında ictimai yerlərə zibil atmağın yolverilməz olduğunu öyrənir və böyüyəndə bu prinsiplə yaşayırlar. Bizim gələcəyimiz uşaqlardır, onlara bu vərdişləri aşılayaraq gələcəyimiz üçün təmiz cəmiyyətin təməlini atmış olacağıq. Təmizlik, etik davranışlar həyat tərzinə çevrilir. Amma təəssüf ki, bu dəyərlər hələ də bizə tam aşılanmayıb və nə qədər ki, küçələrdə zibil atılır, biz təhsil və maarifləndirmə sahəsində böyük işlər görməliyik.
Cəmiyyətdəki bu yanlış düşüncə kökündən dəyişməlidir: "Onsuz da süpürgəçilər var, küçəni təmizləyənlər var". Bu cür bəhanələr, insanları öz məsuliyyətlərindən uzaqlaşdıraraq, bizə dərin bir cəmiyyət mədəniyyəti problemini göstərir. Zibilləmək kiçik bir davranış kimi görünə bilər, lakin onun arxasında böyük bir məsuliyyətsizlik dayanır.
Cəmiyyət olaraq, biz "onsuz da var" düşüncəsi ilə özümüzü aldatmamalıyıq. Bu, yalnız şəxsi etinasızlığın nəticəsi deyil; eyni zamanda, cəmiyyətin dəyərlərini, insanın özünə və başqalarına olan münasibətini də zədələyir. Hər atılan zibil parçası, yalnız küçənin deyil, eyni zamanda cəmiyyətin vicdanının zibillənməsinə səbəb olur.
Yalnız fərdlərin deyil, kollektiv məsuliyyətimizin olduğunu unutmamalıyıq. Biz, yalnız öz mühitimizə deyil, həm də bir-birimizə qarşı da məsuliyyət daşıyırıq. Çirklənmiş bir şəhər, zibil dolu bir mühit təkcə fiziki mənzərəmizi deyil, eyni zamanda mədəniyyətimizi də korlayır. Əgər biz bu məsuliyyəti üzərimizə götürməsək, gözəl bir gələcəkdən danışmaq nə dərəcədə mümkündür?
Cəmiyyətin bu məsələyə qarşı göstərdiyi biganəlik, düşündürücü bir vəziyyət yaradır. Zibilləmə, təkcə şəxsi bir seçim deyil, eyni zamanda cəmiyyətin necə formalaşdığını əks etdirən bir göstəricidir. İndiki dövrdə, təmizlik mədəniyyətinin formalaşması üçün hər kəsin aktiv iştirak etməsi vacibdir.
Sizdən xahiş edirəm, anlayın ki, zibillərin atıldığı yerin yalnız bir küçə deyil, həm də cəmiyyətimizin gələcəyidir. Yaşadığımız cəmiyyət isə bizim evimizdir, evimizi qoruyaq!
Qiymət Mahir