2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində "Yaşıl iqtisadiyyat və davamlı inkişaf" mövzusunda tədbir keçirilib

Oktyabrın 18-də Bakı şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində "Yaşıl iqtisadiyyat və davamlı inkişaf" mövzusunda tədbir keçirilib. 

Olaylar.az "Cebheinfo.az"-a istinadən xəbər verir ki, tədbirdə  "Dendrologiya bağı" publik hüquqi şəxsin əməkdaşı, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, "Dendrologiya Bağı" publik hüquqi şəxsin şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Qasımov iştirak ediblər. 

"Yaşıl Dünya" EMİB sədri Elman Cəfərli dünya miqyasında qlobal iqlim dəyişikliyinin fəsadları ilə ciddi mübarizə aparıldığını bildirib.

Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəfdar çıxmış 198 dövlət atmosferdə karbon emissiyasının azaldılması ilə bağlı nəhəng layihələrin icrasına başlayıb:

"İnsan fəaliyyətinin nəticəsində meydana gəlmiş qlobal istiləşmə böyük təbii fəlakətlərə yol açır. Daşqınlar, torpaq sürüşmələri, uqçunlar, zəlzələlər artıb. Torpaqlar şoranlaşır, meşələr məhv olur. Əhalinin artması, sənayeləşmə və şəhərlərin böyüməsi hava kirliliyini artırır. İndi dünyanı düşündürən əsas məsələ odur ki, gələcək nəsillərə yaşanması mümkün olan bir planet qoyub gedə biləcəyik, ya yox".

Elman Cəfərli deyib ki, atmosfer çirkliliyini azalmaq üçün bir sıra təkliflər irəli sürülüb: 

"Atmosferdə istixana effekti yaradan qazların miqdarını azaltmaq üçün ilk növbədə iqtisadiyyat yenidən qurulmalı, ənənəvi yanacaq növlərindən: neft, qaz, daş kömürdən tədricən imtina edilməli, yaşıl enerjiyə keçilməlidir. Son illər bu istiqamətdə ölkəmizdə böyük işlər görülüb. Bakıda regionun ən böyük günəş enerjisi stansiya yaradılıb.

Ölkənin müxtəlif bölgələrində bərpa olunan enerji növləri inkişaf etdirilir. Bakıda və digər iri şəhərlərdə nəqliyyat infrastrukturu yenidən qurulur və yaşıl texnologiyalara əsaslanır".

"Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova şagirdlərə bu il ölkənizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası haqqında məlumat verib. 

O bildirib ki, COP tədbirlərinin keçirilməsində məqsəd hava kirliyiliyinə qarşı mübarizə yollarını axtarıb tapmaq, yeni təşəbbüslərlə çıxış etmək, qabaqcıl təcrübələri təşviq etməkdir:

"Dünyada ekoloji çirklilik o həddə çatıb ki, artıq alimlər həyəcan siqnalı çalırlar. Sənaye müəssisələrinin fəaliyyəti, daxiliyanma mühərrikləri ilə işləyən avtomobillərin çoxalması atmosferdə karbon, metan, azot kimi qazların miqdarı artıb. 

Yaşıl enerjiyə, yaşıl nəqliyyata keçid günümüzün əsas tələbidir. Bu gün yaşından, mövqeyindən asılı olmayaraq hər kəs ətraf mühitin mühafizəsi işinə, yaşıllıqların salınması aksiyalarına dəstək verməlidir".

Ekoloq məktəbliləri ağacəkmə aksiyalarına qoşulmağa, canlı aləmə düşmən münasibət bəsləyən, ağacları kəsən, budaqları qıran, sahibsiz küçə heyvanlarına əziyyət verən insanlara qarşı mübarizə aparmağa çağırıb.

"Dendrologiya Bağı" publik hüquqi şəxsin şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Qasımov çıxışında bildirib ki, qlobal iqlim fəsadlarına qarşı mübarizə dövründə bioloji müxtəlifliyin qorunması vacib amillərdəndir:

"Planetimiz təbii sərvətlərlə zəngindir. Lakin təbii sərvətlər tükənməz deyil. Təbii sərvətlərin qorunması və onlardan davamlı istifadə çağımızın  ən vacib çağırışlarından biridir". 

Bioloq alimin sözlərinə görə, son zamanlar insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb, bir çox fauna növləri isə məhv olub, bəzilərinin sayı kəskin azalıb. 

A.Qasımov Ermənistanın işğal dövründə Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terror siyasətindən danışıb. Bildirib ki, 30 il davam edən ekosid nəticəsində Azərbaycanın bir sıra çayları ağır kimyəvi maddələrlə çirkləndirilib, ölkəmizin flora və faunasına ciddi ziyan vurulub. 

A.Qasımov məktəbliləri canlı aləmə qayğı ilə yanaşmağa çağırıb:

"Hər bir insan həyatı boyu 10-a qədər ağac əkməli, ona qulluq etməli, böyütməlidir. Unutmayın: ağaclar nəfəsimizdir. Budaqları qırmayın, bunu edən yoldaşlarınıza mane olun. Ağacəkmə aksiyalarına gedin, məişət tullantılarını hara gəldi atanlara irad tutun. Bu sizin vətəndaşlıq mövqeyiniz olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31