Onlar da cəmiyyətin bir parçasıdır
28 İyun 2024 15:00 SosialSabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin qonağı oldum. Müsahibimiz məktəbin direktoru Gülnarə Abdullayevadır:
-İnternat məktəbi xüsusi məktəb kimi 1961-ci ildə Azərbaycanın bütün bölgələrindən sindromlu autizm, əqli geriliyi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılıb. Hətta o vaxtı burda valideynlər üçün yataqxana da var idi. İşə 35 uşaqla başlayıblar. 2003-cü ildə belə qərara gəliblər ki, ətraf qəsəbələrdə olan aztəminatlı ailələr üçün burada pilot məktəb açılsın. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ümumtəhsil siniflərin uşaqları ayrı-ayrı binalarda dərs keçir və dövlət onları geyiminlə, yeməklə təmin edir. Həmin uşaqlar günü uzadılmış tərbiyəçilik saatına qalırlar. Ümumtəhsil siniflərin uşaqları dərsdən sonra yenidən qayıdırlar, tərbiyəçi müəllimlərlə ev tapşırıqların edirlər. Saat üç, dörd, beş evlərinə gedirlər. Burada tədris 6 gündür. 1-ci sinifdən 11-ci sinfə kimi tədris mövcuddur. Gözəl göstəricilərimiz var. Bu il bizim buraxılış imtahanlarımızda 43 şagirdimizdən üçü 250 baldan yüksək nəticə əldə edib və demək olar ki, 30-a yaxın şagirdimiz ali məktəblərə və kolleclərə daxil olublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da tədbirlərdə iştirak edirlər. Bizim gözəl emalatxanalarımız var. 2014-cü ildə İnternatın adı dəyişdi: 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi. Təhsil Nazirliyi 2015-ci ildə də təmirə başladı. O zaman 600 uşaq var idi, bu gün isə təmirdən sonra 1804 uşağımız var. 2005-ci ildə də Günərzi Qayğı Mərkəzi yaradıldı. 3-5 yaşlı uşaqlar səhər saat səkkizində gəlir, axşam saat səkkizdə gedirlər. Valideynləri işləyən uşaqlar üçün yaradılıb. Burada onlar geyimlə yox, yalnız yeməklə təmin olunurlar və büsbütün dövlət himayəsindədirlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız məktəbə əqli geriliyi, qavrama qabiliyyətləri aşağı olduğuna görə komissiyanın qərarı ilə 10, 12 yaşında gəlirlər. O uşaqlar üçün 5-ci sinifdən sonra burada emalatxanalar var: mozaika, keramika, dulusçuluq, xalçaçılıq, rəsm, tikiş, taxta oyma və s. Həmin emalatxanalarda biz o uşaqlara sənət öyrədirik və onların təhsili 10 illik təhsildir. 10-cu sinifdə sırf əməklə məşğul olurlar və 5-ci sinifdən 9-cu sinifə qədər öyrəndikləri daha da təkminləşdirirlər. 10-cu sinifdə isə artıq bir usta kimi onların gözəl əl işləri sərgilərə çıxarılır, müsabiqələrdə iştirak edirlər, mükafatlar qazanırlar. Bizim çox gözəl böyük layihələrimizdən biri də təbiətin dostları dərnəyimizdir. 2017-ci ildə Mehriban xanım bizim məktəbdə təmirdən sonra açılışda oldu. Biz də elə həmin ilin təmirində yuxarıda uşaqların əsərlərini sərgiləyə biləcəyimiz art studiya yaratdıq. Həmçinin burada əqli geriliyi olan uşaqların kiçik motorikalarını inkişaf etdirmək emalatxanalar düzəldildi, orada usta müəllimlərlə işləməyə başladılar. Tez-tez xarici qonaqlarımız olur. İsrail səfirliyindən, Türkiyə səfirliyindən qonaqlarımız gəlirlər, uşaqları ziyarət edirlər. Sahəmiz çox böyükdü, 2017-ci il təmirdən sonra təbiətin dostları dərnəyilə bugünkü günə qədər 860 meyvə ağacı əkmişik və artıq meyvə ağacları böyüyüb. Uşaqlar özləri onların bəhrələrini yığırlar, qışa hazırlıq görürük. Bilgəh qəsəbəsi öz zəfəranı ilə məşhurdur. Biz belə qərara gəldik ki, burda zəfəran əkək. Zəfəran toxumu aldıq və uşaqlarla onu təmizlədik. Biologiya müəlliməmiz Tutxanım müəllimə ilə birlikdə çox böyük həvəslə uşaqlarımız o zəfəranı əkdilər, ozləri ona qulluq elədilər, sonra özləri yığdılar. Bu xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız üçün çox vacibdir, onlar torpaqda işləməyi çox sevirlər. Həm zəhmətə alışırlar, həm bilirlər ki, bu vətən bizimdir, bu torpaq bizimdir, bu internatın həyəti bizimdir, biz burda yaşayırıq. Biz bu ağaclara qulluq etməliyik. İki mindən çox gül kollarımız var. Həmçinin çoxlu zeytun ağaclarımız var.

Hətta bir biologiya müəlliməmiz. zeytunu kimyəvi maddələrlə yox, küldə yatızdırır və biz o zeytundan da uşaqlarımıza yedizdiririk. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqların ay ərzində kimin ad günüdürsə, ayın axırıncı həftəsində həmin uşaqların ad gününü qeyd edirik. Necə ki, evdə valideynlər öz uşaqlarının ad gününü plovuyla, kababıyla, şamıyla qeyd edirlər, biz də qaydada yeməkxananı bəzəyirik və həmin gün o uşaqların ad günlərini hədiyyələrlə qeyd edirik. Bu da onları çox sevindirir. Bilirsiniz, bu uşaqlara onların cəmiyyətə lazım olduqlarını aşılamaq lazımdır. Yəni onlar da bu cəmiyyətin bir parçasıdırlar və onu hiss etməlidirlər. Mən 2014-cü ildə bura təyin olunmazdan öncə elə Bilgəhdə reabilitasiya mərkəzində işləyirdim. O mərkəz 150-180 nəfərlik idi. Bura təyin olundum və Nardaranda, Maştağada, Bilgəhdə, harada xüsusi qayğıya ehtiyacı olan uşaqlar varsa, onları təhsilə cəlb eləyək deyə evləri gəzdim. Bizim mentalitetimizdə belə bir şey var və çox təəssüf olsun ki, hələ də bu davam eləyir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarımızı gizlədirik, onları evlərə qapadırıq. Hətta qohumları da bilməsin ki, bizim uşağımızda nəsə xəstəlik var. Amma evlərə getdim və o valideynlərlə danışdım ki, bu uşaqları bax belə evdə qapatmaqla siz çox böyük günah edirsiniz. Onların içində kəm ağıllılığı olan var, aqressiyası olan var. Axı o uşaqdan başqa evdə başqa uşaqlar da var? Məsələn, o uşaq evdəki digər uşağın hətta dərslə məşğul olmasına belə mane olur. Onun kitabını cırır, dəftərini cırır, qışqırır, evdə hər şeyi dağıdır və s. Bu isə evdəki uşaqlarda da fəsadlar yaradır. Amma burda burda defektologiya kursu keçmiş müəllimlər, loqopedlər, psixoloqlar o uşaqlarla yetərincə, hətta könüllü olaraq, qəsdən də sonra qalıb məşğul olurlar. İnanın ki, o uşaqlardda 70 -80 faiz dəyişikliklər əmələ gəlir. Mən açıq danışacam. Valideynin elə imkanı yoxdur ki, uşağı götürsün, harasa gəzməyə aparsın. Amma biz burda dövlət tərəfindən təmin olunuruq, onları tamaşalara, konsertlərə aparırıq. Yəni onlar hər zaman cəmiyyət içində olurlar, özlərinə qapanmırlar. Mən o vaxtı gələndə xüsusi qayğıya ehtiyacı olan 75 uşaq idi, bu gün isə 250 uşaqdır. Çünki evlərdən bura cəlb etdik, hətta burdan artıq evə getmək istəmirlər. Ən böyük sirr budur ki, texnologiya dərslərində biz çalışırıq ki, onlar bir yerdə olsunlar. O uşaqların tədrisi sadələşdirilmişdir. Onların proqramları onların qavraya biləcəyi qədərdir. Məsələn, fizika dərsi, kimya dərsi yoxdur. Sadəcə humanitar fənləri keçirlər: tarix, ədəbiyyat sinif. Təbii ki, olduğu kimi ibtidai sinif də öz yerində. Texnologiya dərsləri daha çoxdur. Əl bacarıqları həm də onların beyinlərini işlədir.
Həqiqətən dövlətimiz də çox gözəl şərait yaradıb. Uşaqlar festivallarda iştirak edir. Bizim xalça naxışlarını geyimlərimizə qatdığımız "özü tik, özün geyin" layihəmiz oldu. Nənələrimizin o xırda-xırda parçalardan tikdiyi quramaları biz geyimlərimizə daşıdıq və çox gözəl də göründü. Mən sinif-sinif gəzirdim, musiqi dərslərində otururdum. Görürdüm ki, bu qeyri-adi istedadı olan uşaqlarımız var. Hətta himni oxuyanda mən uşaqlara fikir verirdim ki, hansı daha düzgün oxuyur, kimin musiqi duyumu nə cürdür və bu yolla uşaqları seçdim. Həm xoru yaratdıq, həm də mən uşaqların valideynlərini çağırdım ki, sizin uşağınızın çox gözəl musiqi duyumu var, gəlin bunu biz musiqi məktəblərinə təhsil almağa göndərək. Həmin uşaqlara arayış verdim ki, aztəminatlı ailələrin uşaqlarıdır, yəni onlar üçün təhsil ödənişsiz olsun. Dünən bizim iki pianoçu qızımız beynəlxalq festivalda iştirak etdi. Həmçinin skripkada, tarda ifa edən, nağara çalan, dəf çalan, muğam oxuyan uşaqlarımız, gözəl rəssamlarımız var. COP29-a qoşulmuşuq və bu layihəmiz də bir il çəkəcək. Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında 100 şagirdimiz iştirak edib. Dənizkənarı sahili sentyabr ayında 100 nəfər uşaqla təmizləyəcəyik. Ayın birindən düşərgə olacaq. Çimərliyə, muzeylərə, gəzintilərə, rayonlara gedirik. Artıq 6-cı gün mən uşaqlardan soruşuram ki, sabah nə yemək istəyərdiniz? Məsələn uşaqlar deyir ki, paytaxt salatı, ya mimoza. Deyirəm ki, özünüz bişirəcəksiz. Bu onlar üçün çox maraqlı olur, özləri bişirdikləri bir şeyi yeyirlər. Qış aylarında biz bazar günləri xəngəl, qutab, düşbərə bişiririk. Bunları həm xüsusi qayğıya ehtiyacı olan, həm normal uşaqlarımız birləşərək edir. Bəzən valideynlər gəlir ki, mən uşağı aparmaq istəmirəm. Çünki mənim evdə belə şəraitim yoxdur. Həqiqətən də elə olur. Amma dövlət valideynlərə uşaqlarını gəlib görmək, aparmaq üçün ayda 50 manat pul da ayırır, Yəni dövlətimiz də onu da edir. Elə valideyn var ki, burada üç uşağı var, uşaqlara görə 150 manat olan müavinət alır.

28 may 2024-cü il tarixində TİSA -Azərbaycan Beynəlxalq Məktəbinin rəhbər və müəllim heyəti internat məktəbimizin qonağı oldular. Məktəbimizin həyətyanı sahəsində salınmış Xocalı Bağını, zəfəran və çiyələk sahəsini gəzib, xüsusi qayğıya ehtiyacı olan şagirdlərimizin təhsil aldığı, peşə öyrəndikləri emalatxanaları - filoqrafiya (izonit), taxta oyma, dulusçuluq, xalçaçılıq, qurama, təkəldüz, mozayka-keramika otaqlarını gəzib, məktəbimizlə yaxından tanış olduqdan sonra qərara gəldilərki, növbəti dəfə TİSA məktəbinin şagirləridə internat məktəbimizin qonağı olsunlar.
2015-ci ildə qeyri-adi istedadları olan uşaqlarımız üçün animator Elçin Hami Axundova müraciət etdik ki, gəlib onlara animasiya filmləri çəkməyi öyrətsin. Çox gözəl nəticələr əldə etdik. Bugünkü gün bizim filmlərimiz xarici ölkələrdə nümayiş olunur, hətta uşaqlarımız mükafatlandırılırlar. Uşaqlar ssenarini özləri yazır, özləri səsləndirir.
Zeynəb Rzayeva



