Şagirdlərə motivasiya üçün hədə-qorxu gəlməyi seçən müəllimlər əslində onların diqqətinin bölünməsinə səbəb olurlar

İnsan sosial varlıqdır. Bu səbəbdən sevincimizi, kədərimizi, qayğılarımızı yaxınlarımızla bölüşmək istəyirik. Çətin həyat hadisələri qarşısında yaxın ailəmizin və dostlarımızın təsiri danılmazdır. Lakin sosial dəstək anlayışı təkcə bu münasibətləri əhatə etmir. Əslində, sosial dəstək sözün əsl mənasında başqaları tərəfindən qayğı göstərildiyini hiss etmək və ya yaşamaq, onlara qayğı göstərmək və sosial mühitin bir hissəsi olmaq deməkdir. 

İmtahan dövrləri uşaqlar üçün gözlədiyimizdən çox daha çətin ola bilər. Bu dövrlərdə təlaş və narahatlıq yaşayan tələbələrin və ya şagirdlərin qarşılaşdığı tək problem imtahanın özü deyil. 

İmtahan həyəcanı təhsil mühitlərində müvəffəqiyyət səviyyəsini aşağı salan ən mühüm amillərdən sayılır. Bu narahatlığa səbəb olan proseslər araşdırıldıqda, yeniyetmə və gənclərin qarşılanmamış qayğıları üzə çıxır. Məsələn, nə etsə də özünü müvəffəqiyyətli və bacarıqlı hiss edə bilməyən bir uşaq üçün bu ehtiyac davamlı olaraq gündəmə gələ və imtahan əsnasında ağlında "mən heç bir səhv etməməliyəm" düşüncəsi yarana bilər. Bu isə insanın özünü tənqidlə məşğul olmasına səbəb ola bilər. Buna görə də uşaq bu zaman imtahana tam diqqət yetirə bilmir və zəif nəticə göstərir. Bunun nəticəsində isə valideynlər və müəllimlər açıq və ya dolayısı ilə zəif nəticə göstərən uşaqların biliksiz, bacarıqsız olduğuna inanırlar.

Psixoloq Ülkər Məmmədli bildirir ki, valideynləri və müəllimləri tərəfindən tez-tez günahlandırılan, tənqid edilən və nailiyyətlərinə görə az təqdir edilən uşaqlarda özünüb yetərsiz, bacarıqsız olduğuna dair inam yaranda bilər: 

"İmtahan narahatlığı imtahan əsnasında öyrənilən məlumatın effektiv istifadə edilməsinə mane olan və müvəffəqiyyətin azalmasına səbəb olan sıx narahatlıq olaraq təyin olunur. Fərdin imtahana yüklədiyi mənalar, imtahanla bağlı zehnində yaradılan görüntü, imtahan sonrası vəziyyətə istinadlar, imtahandan sonra əldə ediləcək qazanclara verilən önəm imtahan həyəcanının formalaşmasında olduqca təsirli olur. 

Qeyri-adekvatlıq qavrayışı uşağın gələcəkdə qarşılaşacaqları ilə bağlı narahatlığına səbəb ola bilər. Məsələn, imtahandan kəsirlərsə, zəif nəticə göstərərsə, başına nə gələcəyini düşünməklə məşğul olan və özünü qorxudan tələbə və ya şagird bütün diqqətini imtahana cəmləyib əsl potensialını ortaya qoya bilmir. Yəni şagirdləri motivasiya etmək üçün hədə-qorxu ilə hərəkət etməyi seçən valideynlər və müəllimlər əslində şagirdlərinin diqqətinin bölünməsinə səbəb olurlar. Tələbəni dəstəkləmək və həvəsləndirmək əvəzinə, uğursuzluğa qarşı təhdidedici və cəzalandırıcı münasibət, ona psixoloji cəhətdən mənfi təsir göstərir və bu da onun akademik göstəricilərində özünü əks etdirir. 

Bəzi uşaqlar valideynlərinin onlara dedikləri sözlərdən özlərinə mesajlar alırlar və bir müddət sonra belə uşaq böyüklərdən eşitdiyi tənqidləri də özünə deməyə başlayır. Çünkii o uşaq daim qeyri-adekvat və ya qüsurlu, bacarıqsız kimi mühakimə edilməli olduğunu öyrənib. Ona görə də elə düşünür ki, imtahan zamanı daim narahat olmalı və özünü mühakimə etməlidir, əks halda böyük uğursuzluqla üzləşəcək. Bütün bunları düşünərkən isə uşaq uğursuzluq yaşayacağına inana bilər və bu zaman o, diqqətinin bir hissəsini daim özünü yoxlamağa, tənqid etməyə həsr edəcək, bütün fikrini imtahana cəmləyə bilməyəcək. Özünü qeyri-kafi hesab edən tələbələrin imtahan narahatlığı dərslərdən yayınmaq kimi də özünü göstərə bilir. Onsuz da nə qədər çalışsa da, kifayət qədər bacarıqlı, bilikli olmadığı üçün uğur qazana bilməyəcəyinə inanan tələbə və ya şagird uğursuz olduğunu dərk etməyin acısını duymamaq və uğursuzluq narahatlığını şüurundan kənarda saxlamaq üçün dərsdən yayına bilir. 

Bundan əlavə, qeyri-kamillik və qeyri-adekvatlıq qavrayışı tələbələrdə uğur və tərəqqi ilə bağlı narahatlıqların yaranmasına səbəb ola bilər. Gələcəkdə qarşılaşacaqları ilə bağlı kifayət qədər bilikli və ya bacarıqlı hiss etməyən və çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün mövcud resurslarına etibar etməyən uşaqlqr, bilmədən uğura aparan yollarını sabote edə bilərlər. Məsələn, oxuyarkən və ya imtahan zamanı diqqətlərini mövzuya yönəltməyə çalışarkən, narahatlıq doğuran fikirlər və gələcəyə dair mənfi gözləntilərlə diqqətlərini yayındıra və beləliklə də bilmədən performanslarına ciddi təsir göstərə bilərlər. Uğurlu olarsa yaşayacaqlarının öhdəsindən gələ bilməyəcəklərinə gizli inanan bu uşaqlar şüursuzca irəli getməkdənsə, özlərini dayandırmağa çalışırlar. Tənqidi yanaşmanın digər mənfi nəticəsi isə şagirdin öz dərdlərini böyüklərə açmaqdan çəkinməsidir. Çünki, o, düşünür ki, öz problemlərini böyüklərə danışarsa, onu mühakimə edəcəklər, məsxərəyə qoyacaqlar və ya alçaldılacaqlar. Bütün bunlar olmasa belə, ətrafın verdiyi nəsihətlərdən sıxılacağına inanan bir uşaq ətrafa açılmaq istəmir və sıxıntısını öz içində yaşamağa davam edir. Buna görə də böyüklər şagirdləri empatiyaya təşviq etməlidirlər, onları düzgün dinləmək, hisslərini başa düşmək və tənqid etmədən onlara dəstək olmaq lazımdır. Onların öz həqiqətlərini təlqin etməkdən çəkinmək vacibdir. Məsələn, "həyəcanlanacaq bir şey yoxdur, narahat olmağa ehtiyac yoxdur", "biz səni olduğun kimi də qəbul edirik" və s. kimi ifadələr uşağın rahatlanmağına və özünü yaxşı hiss etməsinə səbəb olacaq. 

Qısacası, imtahan ərəfəsində gərəksiz və mənasız olan bu basqı uşaqlara əlavə təzyiq yaratmaqdan başqa bir məqsədə xidmət edə bilməz. Digər tərəfdən, böyüklərin nəsihət vermədən, tənqid etmədən şagirdləri, tələbələri dinləmələri və hisslərini müşayiət etmələri problemləri paylaşmağı asanlaşdıra bilər. Bu qəbuledici yanaşma standartları və gözləntiləri çox yüksək müəyyən edən valideynlərə və ya müəllimlərə meydan oxuya bilər. Yəni, belə deyim, uşaqları nə çox sıxmaq, nə də çox rahat buraxmaq düzgün deyil. Çox rahatladıcı məsləhət aldıqları zaman da onlar özlərinə son dərəcə yüksək akademik məqsədlər qoya bilərlər. Uğurlu və səriştəli olduqları məqamları az qiymətləndirib, görməməzlikdən gəldikləri halda, zəif olduqları məqamları şişirdib özlərini tənqid edə bilirlər. Bu vəziyyət onların yaxşı tərəflərini mənimsəməsinə mane ola və getdikcə daha çox pis hiss etmələrinə səbəb ola bilər. Ona görə də sonrakı mərhələdə daha çox gərginlik və narahatlıq ola bilir. Xüsusilə həddindən artıq mükəmməllikçi mühitlərdə böyüyən uşaqlar, bütün varlığının uğurdan asılı olduğunu öyrəndikləri üçün mükəmməl olmağa çalışırlar. Əgər uğur qazana bilmirlərsə, elə düşünürlər ki, onların mövcud olmaq hüququ yoxdur. Bu zaman səhv etmək narahatlığı o qədər yüksək ola bilir ki, şagird özü ilə çaxnaşma vəziyyətində ilişib qalır və fikrini cəmləyə bilmədiyi üçün əsl potensialını ortaya qoya bilmir. 

İmtahanın ailə üçün nə demək olduğu və onların imtahana münasibəti, yanaşmaları önəmlidir. Ailələr tez-tez öz narahatlıqlarını uşaqlarına çatdırırlar. Onlar üçün uşaqdan böyük gözləntilərin olması, təfərrüatlarla həddindən artıq məşğul olması, imtahanı bir vasitə deyil, məqsəd kimi görmələri çox vacibdir. Ailələr öz sərhədlərini bilməlidirlər. Güvən və məsuliyyət, qayğı və müsbət rəy verməlidir. İmtahanla bağlı söhbətlərdə diqqətli davranmalı, realist olmalı, uşaqlarını həmyaşıdları ilə müqayisə etməkdən çəkinməlidirlər. Hissləri və düşüncələri bölüşmək və empatiya olduqca vacibdir. İmtahanı böyütməmək, onu ölüm-dirim məsələsinə çevirməmək, həvəsləndirici hərəkətlər etmək daha məqsədəuyğundur. Uşaqları qeyd-şərtsiz sevmək lazımdır. Ailə üzvləri uyğun örnək olmalı, uyğun ailə mühiti təmin etməli və problemlərin həlli üçün uyğun davranışlar inkişaf etdirməlidir. 

Nəticə olaraq, uşaqlar nə olursa olsun rədd edilməyəcəklərinə, hər şəraitdə qəbul olunduqlarına, sevildiklərinə və təqdir olunduqlarına inanmalıdırlar. Hər bir uşaq qeyd-şərtsiz sevilməli, qəbul edilməli və qiymətləndirilməlidir, təkcə akademik uğurları üçün deyil, həm də bütün varlığı üçün. Əgər onlar bu baxımdan özlərini təhlükəsiz hiss edə bilsələr, bəyənilməmək, rədd edilmək və ya cəzalandırılmaqdan narahat olmağa ehtiyac qalmayacaq və onların diqqətlərini imtahanla bağlı məsələlərə yönəltmək daha asan olacaq". 

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31