Təhlükənin adı “şüşə”, ”patı”, “nəşə”
21 İyun 2024 18:40 SosialCəmiyyət üçün böyük bir bəla və ciddi sosial, iqtisadi və sağlamlıq problemlərinə səbəb olub qlobal bir problemə çevrilən narkomaniya, insanın narkotik maddələrə fiziki və psixoloji asılılıq vəziyyətidir. Bu asılılıq şəxsin gündəlik həyatına, sağlamlığına və sosial fəaliyyətinə ciddi şəkildə təsir göstərir. Narkotik maddələr beyində kimyəvi dəyişikliklərə səbəb olaraq eyforiyaya (yüksək əhval-ruhiyyə) və digər xoş hallara səbəb olur, lakin zaman keçdikcə bu maddələrə tələbat artır və şəxsin onlardan istifadə etmədən normal fəaliyyət göstərməsi çətinləşir.
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalov narkomaniya və narkotik vasitələrdən istifadə ilə bağlı suallarımızı cavabladı:

-Emil bəy, Azərbaycanda gənclər arasında narkomaniyaya meylliliyin artmasının ilkin səbəbləri hansılardır?
-İlkin səbəbləri senzurasız internet, senzurasız sosial şəbəkələr və yeniyetmələrin qoyulan qanunlara qarşı çıxmasıdır. İnanırsınız, təlim keçdiyim bəzi yeniyetmələr həqiqətən elə bilirlər ki, avtoritetlər, oğru dünyasında olan hörmətli adamlar narkotikdən istifadə etdikdən sonra hörmətli olub. Əsas məsələ bu gün gənclərin sosial şəbəkələrdən götürdüklərindən, bu barədə məlumatsız olmalarından irəli gəlir.
-"Adları gizlin qalmalıdır, "şüşə", "patı" və s. dedikcə cəmiyyətə bu vasitələri daha çox yayırıq" fikri ilə razılaşırsınızmı?
-Xeyr. Nəyin adı nədirsə, elə də bildirilməlidir. Uşaqlara elə çöldəki təhlükənin dilində məlumat vermək lazımdır. Heç kəs heç kəsə çöldə metamfetamin təklif etməyəcək. Təhlükənin adı "şüşə", "patı", "nəşə"dir və belə də tanınmalıdır.
-Sizcə narkotikə qarşı aparılan mübarizə hansı səviyyədədir?
-Ümumiyyətlə, polis və digər aidiyyatı qurumların narkotiklə apardığı mübarizə postsovet ölkələrində ən güclü mübarizədir. Məsələn, Gürcüstanda 2022-ci ildə 131 nəfər narkotacir tutulmuşdur. Bizdə isə bu say 5000-dən yuxarını təşkil edirdi. Bunun səbəbi isə İranla sərhəd olmağımızdır. Çünki dünyanın yarısını xaosa salan, narkotik yayan dövlət İrandır.
-Metadon proqramı nədir?
-Narkoman bir neçə istifadədən sonra mütləq şəkildə asılı vəziyyətə düşür. Ağrıları səbəbindən isə yenə mütləq şəkildə yenidən istifadəyə ehtiyac duyur və oğurluq, cinayət və s. bir yolla pul tapıb malı əldə edir. Metadon proqramı isə Qlobal Fondun və Səhiyyə Nazirliyinin maliyyələşdirdiyi zərərin azaldılması layihəsindədir. Orada psixoloq və narkoloq var. Metadonun verilmə səbəbi isə birinci növbədə şprisdən istifadə etməsin deyədir. 2,5 qramlıq şprislərdən istifadə etdikcə damar itir və məcbur olub 1 qramlıq şprislərə keçir. Bunlar narkoman şprisi adlanır və apteklər həmin şprisləri onlara satmır. Əldə edə bilmədiklərimə görə bir-birlərinin şprislərindən istifadə edirlər və yoluxucu xəstəliklərə tutulurlar. Şprisdən istifadə etməmək üçün Qlobal Fondun və Səhiyyə Nazirliyinin zərərin azaldılması proqramında olan tibbi metadonu içirlər. Ağrıları nisbətən azalır və getdikcə bu vəziyyətdən çıxa bilirlər. Hazırda Azərbaycanda metadon proqramı ilə işləyən 11 QHT var. Bu sayı mütləq şəkildə minimum 50-yə çatdırmaq lazımdır. Hər regionda, hər bölgədə minimum 50 nəfər çalışarsa, narkomaniyanın qarşısını qismən almış olacağıq.
-Müsahibələrinizdə "polis öz öhdəsinə düşəni edir" kimi açıqlamalar vermisiniz. Ümumiyyətlə, bu məsələdə öhdəlik ən çox kimin boynundadır? Fəsadları ilə bağlı cəmiyyəti maarifləndirmək bizim tərəfimizdən yetərli addım sayılırmı?
-Bəli, polisin işi ancaq həmin narkomanı tutub məhkəməyə təhvil verməkdir. Adətən deyirlər ki, "polis tutdu, iki günə də buraxdı". Bu belə deyil. Məhkəməyə verildikdən sonra ya cərimələnə, ya 15-60 sutka verə bilər və yaxud müalicəyə göndərilə bilər. Bu məsələ ən çox cəmiyyətin, əsasən də məktəb psixoloqlarının boynundadır. Təlim keçərkən məktəb psixoloqlarının 50 faizinin bu işi bilmədiyinin şahidi oldum. Hətta dedilər ki, bu sahədən xəbərimiz olsa idi, məktəblərdə 300,400 manat yerinə narkomanlar üçün psixoloq kimi bir saatı 50 manata işləyərdik. Məktəbdə həmin simptomlarla qarşılaşan psixoloqların hara, necə müraciət etmələrini bilməsi əhəmiyyətlidir. Əsas məsələ bununla bağlı aparılan təlimlərə fikir verməkdir. Əksər hallarda tədbirlərdə səsi çıxmayacaq, tədbiri korlamayacaq uşaqlar yığılır. Yəni, tədbirlərin 50 faizi hesabat vermək üçün keçirilir. Uşaqlara nə olacağı onları maraqlandırmır.
-Bu gün müalicənin təsirsiz ötüşməsi halları ilə hansı tezlikdə qarşılaşırıq?
-Heç kəs müalicə olunmur, hamı detoks olunur. Burada iki cür müalicə var: fiziki və psixoloji. Əsas çətinliyin 70 faizi psixolojidir.
-Narkoloji dispanserlərin sayının azlıq təşkil etməsi və bu problemin həll yolu kimi təklifləriniz varmı?
-Bəli, bu böyük bir problemdir. Amma burada narkodispanserlərin özünün nəzdində reabilitasiya da olmalıdır. Bunlar demək olar ki, çox zəif işləyir və bu səbəbdən narkoman müalicədən sonra yenidən qayıdır. Bu dəfə pullu reabilitasiya mərkəzlərinə getməyə məcbur olur. Burada bir ayı 1000 manatdan başlayır. Getməyə də hər kəsin imkanı çatmır. Narkomanlar arasında dünya çempionu da var, həyatında böyük səhv etmiş, ailəli, uşaqlı adamlar da var. Bəli, hələ ki, mənliyini itirməmiş və cəmiyyətə yenidən qaytarılması mümkün olan narkomanlara dəstək verilməlidir.
-Narkotik satışı ilə məşğul olan şəxsləri gözləyən cəzalar bariqalar üçün narahatlıq doğurmurmu? Narkotik vasitələrin əldə olunması "əlçatanlaşıb"?
-Xeyr, doğurmur. Çünki onların 90 faizi narkomandır və sağlam, şüurlu insanlar deyillər. Onlara sadəcə öz dillərində "dərman"-yəni narkotik lazımdır. Bu səbəbdən onları heç nə qorxutmur və onu əldə etmək üçün hər yola gedirlər. Ona qalsa, İranda, digər müsəlman ölkələrində ölüm cəzası var, ancaq ən çox narkotik elə oralardadır. Bunu cəza ilə həll etmək olmur. Məktəbdən başlayaraq yeniyetmələr, senzuralı internet, QHT-lər, psixoloqlar, müəllimlər, valideynlər-bu ümumilikdə cəmiyyətin problemidir. Dünyanın yarısını narkotik xaosuna salan İranla sərhəd olsaq belə, Avropanın bəzi ölkələrindən, İrandan, Türkiyədən, Dağıstandan, Həştərxandan, Çeçenistandan, Gürcüstandan qat-qat yaxşı vəziyyətdəyik. Bütün bunlarla bağlı isə sosial şəbəkələrimdə öz araşdırmalarımla bağlı videoçarxlar mövcuddur.
"Əlçatanlaşma"ya gəldikdə isə, xeyr, bu əvvəl belə idi. Ermənilərin əli ilə iranlılar işğal olunmuş torpaqlarda əkin-biçin, mini fabriklər yaradılsa da, torpaqlarımız bu gün bizdədir və bunlar ləğv olunub.
Zeynəb Rzayeva