Azərbaycanda bu imkanlar yaradılacaq - TƏBİB direktoru
20 Dekabr 2023 13:32 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bir çox xarici ölkələrdən Azərbaycana səyahət edən şəxslər var. Tibbi turizmin ölkədə inkişafı ilə bağlı bir çox xarici dövlətlərlə əməkdaşlıq etmək üçün ilkin planlar hazırlanıb, müzakirələr gedib. Bir çox ölkələrin turizm şirkətləri və qurumları ilə danışıqlar olub.
Olaylar.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
"İstəyirik ki, vətəndaşlar tibbi xidmət üçün əvvəl xarici ölkələrə müraciət edirdilərsə, artıq Azərbaycanda bu imkanlar yaradılacaq. İlk növbədə tibbi turizm xidmətini Yeni Klinika üzərindən həyata keçirməyi düşünürük. Çünki bu tibb müəssisəsi həm şərait, həm təchizat, həm də tibbi xidmətin göstərilməsi baxımından uyğundur. Gələn il üçün nəticələri görəcəyik.
Həmçinin gələn ildən xaricdə olan həkimlərimizin çox hissəsi Azərbaycan səhiyyəsində xidmətini davam etdirəcək",- deyə o əlavə edib.
Qeyd edək ki, TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbiri keçirilir.
Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Səhiyyə naziri cənab Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili cənab Əhliman Əmiraslanov və digər rəsmilər iştirak edir.