Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Media Savadlılığı” həftəsi çərçivəsində “Media Savadlılığı” konfransı keçirilib və “medialiteracy.media.gov.az” portalı təqdim olunub - YENİLƏNİB
20 Dekabr 2023 12:55 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
20 dekabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Media Savadlılığı" həftəsi çərçivəsində 500 gəncin iştirakı ilə "Media Savadlılığı" konfransı keçirilib.
Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyən etmək üçün düzgün bacarıqların inkişaf etdirilməsinin həm milli media məkanının inkişafı, həm də ölkə üzrə uzunmüddətli sosial-mədəni inkişafın təşviqi üçün başlıca amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, müşahidə ediən informasiya bolluğu, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması, media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl addımların atılmasını tələb edir.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev dünya əhalisinin böyük bir hissəsinin media savadlılığı ilə bağlı fundamental bilik və bacarıqlara malik olmadığını, onlayn mühitdə təhlükəsiz şəkildə naviqasiya qabiliyyətinin məhdud olması səbəbindən belə əhali qruplarının, xüsusilə gənclərin mediada yer alan müxtəlif məlumatların mənfi təsirlərinə məruz qalma riskinin kifayət qədər yüksək olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb..
Sonra Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova "Media Savadlılığı" platformasının - "medialiteracy.media.gov.az"ın təqdimatını edib.
Daha sonra Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi Rəhbərliyinin müavini Feyza Gizligider "İzlədiklərinizin İzi Qalar" mövzusunda çıxış edib.
Konfrans çərçivəsində "Rəqəmsal dövrdə gənclər və media savadlılığı" mövzusunda panel sessiyası keçirilib. Panel sessiyasına moderatorluq edən Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova bildirib ki, Agentliyin fəaliyyət istiqamətində həm də Media Savadlılığının təhsildə tətbiqi məsələləri öz əksini tapmışdır. O, sosial media istifadəçisi olan gəncin saxta xəbərlərin təsirinə düşməməli və istənilən kontentə tənqidi yanaşma sərgiləməli olduğunun, faktı və vizual materialları yoxlayan proqramlardan da məlumatlı olmasının önəmindən danışıb.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov öz çıxışında dezinformasiyanın sürətlə yayılmasının birbaşa gənclər üçün təhlükə mənbəyi hesab edilə biləcəyini qeyd edib, bu halın onların inkişafına, maariflənməsinə, təhlükəsizliyinə təsiri və onun aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədər və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxışında rəqəmsal dövrdə media savadlılığının tədrisdə tətbiqinin aktuallığından, nazirliyin media savadlılığı istiqamətində gördüyü işlər, onun ayrıca fənn olaraq orta məktəb proqramına salınması və ümumiyyətlə, bu sahədə perspektiv layihələr haqqında danışıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bölmə rəisi Murad Babayev isə kiberhücum, kibertəhlükəsizlik terminləri, ümumiyyətlə gənclərin sosial media alətlərindən istifadəsi məsələlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, media savadlılığının artırılması istiqamətində tədbirlərin məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir. Konfransın sonunda "Media Savadlılığı" mövzusunda keçirilən onlayn sorğuda qalib olanlar mükafatlandırılıb.
***
12:55
Medianın İnkişafı Agentliyi tərəfindən "Media savadlılığı" adlı konfrans keçirilib.
Olaylar.az xəbər verir ki, konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev, eləcə də ölkəmizdə fəaliyyət göstərən media subyekti rəhbərləri, media mənsubları və bir sıra dövlət orqanlarının könüllüləri iştirak edib.
Açılış nitqində ölkəmizdə həyata keçirilən media islahatlarının həm peşəkar mediaya dəstək, həm də sağlam media mühitini yaratmağa xidmət etdiyini deyən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin cari müddətə qədər gənclər üçün media savadlılığı mövzusunda bölgələrimizdə bir sıra maarifləndirici tədbirlər keçirdiyinə diqqət çəkib.
"Eləcə də bu müddət ərzində Avropadan ixtisaslaşmış ekspertlərin də iştirakı ilə müxtəlif seminarlar təşkil edilib", - o deyib.
Əhməd İsmayılov hazırkı qlobal informasiya dövründə dezinformasiya hallarının çoxalması məsələsinə toxunub: "Bu da, öz növbəsində, media savadlılığı istiqamətində bu kimi tədbirlərin, maarifləndirmə işlərinin vacibliyini ehtiva edir. İnanırıq ki, media savadlılığı insanların yeni media mühitinin zərərli tərəflərindən qorunmasına ən yaxşı formada təsir göstərəcək".
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev isə sosial şəbəkə vahidlərinin artması fonunda mümkün kiberhücumlar barəsində maarifləndirmə işlərinin vacibliyi barədə danışıb.
"Biz dövlət xidməti olaraq, mütəmadi şəkildə dövlət orqanlarının informasiya sistemində monitorinqlər edir, onların təhlükəsizliyi istiqamətində qiymətləndirmələr aparırıq. Bu baxımdan, cari il ərzində 1 milyon 400 mindən çox zərərli elektron poçtun dövlət orqanları və əməkdaşlarına göndərilməsinin qarşısının alındığını deyə bilərəm", - Xidmət rəisi vurğulayıb.
Çıxışlar bitdikdən sonra "Media savadlılığı"na dair platformanın təqdimatı olub.
Medianın İnkişafı Agentliyinin "Media dəstək layihələri və strateji planlaşdırma" şöbəsinin müdiri Ləman İsgəndərova veb-sayt platformasının ümumilikdə 5 bölmə və 10 altbölmədən ibarət olduğunu qeyd edib.
Təqdimatdan sonra Türkiyə Radio və Televiziya Ali Şurasının İnsan Resursları və Təhsil İdarəsi rəhbərinin müavini Feyza Gizlogider "İzədiklərimizin izi qalar" mövzusunda geniş mühazirə ilə çıxış edib.
Konfrans panel sessiya ilə öz işini davam etdirib.


















