ONDAN ÖYRƏNƏK
13 Dekabr 2023 10:45 SosialKönül Aydın Nəhmətova
filologiya,üzrə fəlsəfə doktoru
(Heydər Əliyevin liderlik məktəbi haqqında esse)
Yəqin, hər kəsə tanış mənzərədir: şagirdlər, yeniyetmələr, gənclər yaratdıqları məhsulları təqdim edirlər, üzündə ifadə olmayan, əli arxasında çarpazlanmış bir təhsil rəhbəri və ya prosesi maliyyələşdirən, yaxud digər bir əlaqəli şəxs rəsmiyyətini bir zərrə pozmadan təqdimatçıların qarşısında dayanıb. Bu halda mövzunu şərh etmək üçün səmimiyyət, motivasiya, stimullaşdırma - dilimizdə hər cür belə "gəlişigözəl" sözlərdən istifadə etmək mümkündürmü?
Təlimdə, tərbiyədə - insan yetişdirmədə önəmli məsələlərdən biri öyrətmə, inkişafetdirmə, dəyərləndirmə prosesində öyrədənlərin və digər iştirakçıların həmin zaman çərçivəsində gerçək tərəf müqabili olmasıdır. Elmi dillə desək, dissossiasiya vəziyyətində olmamasıdır. Yaşından asılı olmayaraq hər kəs qarşısındakını hiss edir və fəaliyyətin gerçəkliyini də məhz bu daxili mübadilə şərtləndirir.
Müasir təhsil idarəçilərində çatışmayan cəhətlərdən biri prosesdə emosional iştiraklarının zəif olmasıdır. Məktəblərə gedirlər: məmur sifətilə. Tədbirlərdə dinləyici, natiq qismində çıxış edirlər: ünsiyyət yox, ruh yox, emosiya yox, sanki qarşısında bir "texnika" durub. Hələ sönmüş sifətlərdən danışmıram. Bu ünsiyyət, iştirak, səmimiyyət çatışmazlığı elə anındaca öyrənənlər auditoriyasının da entuziazmını öldürür.
Halbuki tariximizdə parlaq kommunikasiya nümunələri çoxdur.
Canlı, inkişafetdirici kommunikasiyadan danışanda Onu xatırlamamaq olmur. Bəzən Heydər Əliyevin uşaqlarla, yeniyetmələrlə, qısa müddətli də olsa, görüş fraqmentləri qarşıma çıxır. Onları izləmədən keçə bilmirəm. Bilirsinizmi, diqqətimi hər şeydən çox nə çəkir? Məqamın o qədər iştirakçısı kimi görünür ki, sanki bir ölkənin prezidentinin bu anda uşaqlardan başqa bir qayğısı yoxdur. Müəllim o şəxsdir ki, ondan öyrənirlər. Lider bu anda müəllim kimi çıxış edir, ondan ilhamlanırlar.
İdarəçilər "liderlər məktəbinin məzunu" olmalıdırlar. O məktəblərin ən öyrədicilərindən biri Heydər Əliyevin liderlik məktəbi idi. Tövsiyə edirəm ki, bütün təhsil idarəçiləri hərdən açıb o videolara sona qədər baxsınlar. Bəlkə, donumuz açılar, səmimiyyətimiz, heç olmasa, üzümüzə qayıdar.