İndiki mahnılar sabun köpüyü kimidir-Elçin İsmayılov- ÖZƏL

Bayağı  mahnılar bu gün klassik  musiqilərindən çox dinlənilir, hətta kiçikdən böyüyə dillər əzbərinə çevirilir. Amma əksər insan qulaq asdığı, hətta əzbər bildiyi mahnıların sözlərinə fikir vermir. "Sənlə hər şey başqadır, hər an eşqlə, aşkladır." Bu cümləyə neçə nəfər həqiqətən diqqət edib? "Eşq" sözü varkən, nəyə lazımdır ki, yanında "aşk" işlədək?  Axı bu göz görə-görə bizim gözəl, axıcı dilimizi yükləməkdir. Yeri gələndə "çalışaq öz dilimizdə danışaq" deyənlər, bu cür mahnıların televiziya, radiolarda və s. səsləndirilməsinə göz yumur. 
 Məsələyə  münasibət  bildirən  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov  Olaylar.az-a  deyib ki, vaxt var  idi,  hər kəsi televiziya verilişlərinə, radioya buraxmazdılar:  "Buraxarkən də eksperimental şəkildə 1, ya 2 dəfə bu adamın oxumağına camaat qulaq asardı və mütəxəssislərin rəyi ilə orda bu adama ehtiyac olardı, ya olmazdı. Bizim musiqimizin Qızıl fondu vardı. Ən məşhur musiqi nümunələrini o fondda saxlayardılar. Bilmirəm, indi o fond durur, ya durmur. Söz düşəndə deyərdilər ki, filankəsin filan mahnısı Qızıl fonddadır. Bizim musiqimizə o dərəcədə böyük, məsuliyyətli münasibət var idi. Hər yerindən duran bəstəkar olmazdı, mahnı mətni yazmazdı. Ona görə də, həmin o mahnılar bu gün də oxunur. Hər dəfə oxunanada, onlar təzədən həyat qazanırlar, çünki səviyyə var, keyfiyyət var. Amma indi  sabun köpüyü kimi mahnılar yaranır, çıxır kimsə oxuyur. Səhərisi gün görürsən ki, yaddan çıxır gedir. Milyon mahnı olubsa, heç 2-si yaddaşlarda qalmır. Sovet dövründə oxunan mahnıların demək olar ki, hamısı indi bizim yadımızdadır. Qardaş ölkələrdə də o mahnılara müraciət edirlər. Məsələn, Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda. Çünki, niyə? Keyfiyyət var. Bəstəkarlar İttifaqının üzvü olmayan, professional bəstəkarlıq təhsili almayan elə böyük sənətkarlar var idi ki, məsələn, Ələkbər Tağıyev. Bu adamın özünü təsdiq etməsinə illər lazım oldu ki, qəbul etsinlər ki, o bəstəkardır. Elələri var ki, mahnılar bu gün yaşayır, amma adlarını  heç kim bilmir. Professional bəstəkar deyildi deyə, adı çəkilmirdi. Musiqi mətnlərinə bu gün də münasibət olmalıdır. Yoxsa ki, "maç-maç, quc-quc darıxmışam". Nə bilim, adamın lap əti tökülür. Belə şeylər çoxdur, biz nə vaxt televiziyanı, radionu açsaq, bu cür əttökən "musiqi" nümunələrinə rast gələ bilərik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31