Yusifin qəhrəmanlıq dastanı...

Şanlı Azərbaycan Ordusu Qarabağda  həyatda keçirdiyi lokal antiterror tədbirləri zamanı yağı düşmənin bütün arzularını ürəyində qoydu. Müqəddəs Qarabağı tam erməni dığalardan təmizlənməsi  uğrunda gedən  döyüşlərdə Vətənin qeyrətini hər şeydən üstün tutaraq, bu yolda canını qurban verib şəhidlik zirvəsinə ucalan  qəhrəman oğullarımız da oldu. Belə Vətən sevdalılarından bir də 1983-cü ildə Lənkəran rayonu, Veravul kəndində dünyaya göz açan şəhid gizir Yusif Məmmədrza oğlu Xəlilovdur.

Doğma Azərbaycana, xalqına böyük sevgisi olan Yusif  Xəlilov 18 il ordumuzda xidmət edib. Vətənini göz-bəbəyi kimi qoruyub,  məqamı gələndə, hətta onun yolunda canından keçməyi özünə şərəf bilib.   2016-ci ilin Aprel döyüşlərində iştirak edib, ağır yaralanıb. Sağaldıqdan sonra tank komandiri kimi  Vətəninin keşiyində durub. Lokal antiterror  əməliyyatına qoşulan igid döyüşçü son damla  qanına qədər vuruşaraq  əbədiyyətə qovuşub. Doğulub boya-başa çatdığı Veravul kəndində torpağa tapşırılıb.

Şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan, milyonların könlünə köç etməklə qərar  tutduğu məkan əlçatmaz, ünyetməz göylər olan Yusif Xəlilovun oxuduğu  Veravul kənd məktəbində xatirə lövhəsinin açılış mərasimi keçirildi. Şəhidin həyat yoldaşı, məktəbdə təhsil alan övladları  mərasimində iştirak etdilər. Qəhrəmanın sinif rəhbəri və müəllimi olmuş Ayaz Nəhmətov onunla məktəb həyatı haqqında xatirələrini böyük qürurla dilə gətirdi.

Məktəbdə  Yusif Xəlilov adına sinif otağı fəaliyyət göstərir. Mərasim zamanı sinif otağına  baş çəkildi və şagirdlərlə Vətənin müqəddəsliyi haqqında söhbət aparıldı. Məktəbin tarix müəllimi Hikmət Məmmədov və Yusifin həyat yoldaşı Gülnar xanım onun Vətənə olan halal sevgisindən, 18 ildə  hərbidə qazandığı  uğurlardan söz açdılar. Həmçinin şəhidin həyat yoldaşı  xatirə lövhəsini təmənnasız hazırladığı üçün usta Mahir Quliyevə minnətdarlığını bildirdi.

Sonda məktəblilərin ifasında doğma Vətənə, onun ölməz şəhid övladlarını həsr olunmuş şerlər səslənildi.

Bəli, doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq ömrünü ona sərf edən Yusif kimi mərd oğlanlar heç zaman unudulmur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31