Uşaqlara sosial media təhlükəsi – Bu təhlükədən neçə qorunaq?
24 Noyabr 2023 11:47 SosialMüsahibimiz "Neuro Academy" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyevadır.
- Nuriyyə xanım, müasir dövrdə demək olar ki, hər azyaşlının əlində telefon görmək mümkündür. Bir çox valideyn üzərinə düşən öhdəlikləri smartfonlara, kompyuterlərə həvalə edir. Sizcə kiçik yaşlardan uşaqların telefon istifadəsinə icazə onların psixologiyasına necə təsir göstərir?
-Çox doğru vurğuladınız. Son dövrlərdə təəssüf ki, telefon, planşetlər demək olar ki, hər ailədə, hər ailə üzvündə var. Məktəbli uşaqların belə özünə məxsus telefonları var. Əlbəttə ki, bu qətiyyən doğru deyil. Əslində bir çox valideyn işlərini rahat görmək, ictimai yerlərdə uşağı sakitləşdirmək üçün çarəni telefon verməkdə görür. Düşünmək lazımdır ki, bu bir çox fəsadlar törədə bilər. Ən böyük fəsadlardan biri körpələrdə özünü göstərir. Nə qədər erkən yaşlardan texnoloji vasitələr uşağa verilərsə, bir o qədər təhlükə artır. Ümumiyyətlə, 3 yaşına qədər uşaqlar televizor, telefon və s. kimi texnoloji yeniliklərlə tanış olmamalıdırlar. Əks halda bu, uşaqlarda nitq gecikməsinə, nitqin məhdudlaşmasına, ünsiyyət bacarıqlarının zəifləməsinə gətirib çıxarır. Həmçinin bu onlarda davranış problemləri, aqressiya yaradır.
-Sizcə, sosial media platformaları uşaqların şəxsiyyətinin formalaşmasına daha çox mənfi, ya müsbət təsir edir?
-Əslində sosial mediadan doğru şəkildə istifadə olunduğu halda onun faydalarını dana bilmərik. Bir çox insanlar, müəllimlər, pedaqoqlar, siyasətçilər, müxtəlif sahə insanları nümunəvi şəkildə sosial media platformalarından istifadə edir. Təkcə mənfi cəhətləri vurğulamaq doğru deyil. Uşaqların, yeniyetmələrin, gənclərin kimləri izləyib, özlərinə nümunə götürmələri burda əsas faktordur. Müsbət davranışları təbliğ edən insanları izləyənlər bundan ancaq fayda görərlər. Yox, əksinə, mənfi davranışlarını, həyat tərzlərini sosial mediada nümayiş etdirən birini izləyən yeniyetmə onu doğru bilib özünə qəhrəman seçəcək və hərəkətlərini təqlid edəcək. Hətta bir müddət sonra geyim tərzini belə ona uyğunlaşdırıb, özünü o cür formalaşdıracaq.
-Uşaqlar üçün internetdə məzmun seçimində hansı prinsipləri izləmək vacibdir?
-Burada mütləq uşağın yaşı nəzərə alınmalıdır. Bir daha vurğulayım ki, internetin yaxşı cəhətlərini dana bilmərik. Bu gün internet bizim üçün informasiyanın əlçatanlılığını artırır. Çox gözəl, inkişafetdirici fəaliyyətlər, tapşırıqlar, saytlar var ki, bunlardan validenlər və uşaqlar faydalana bilərlər. Əgər valideynlər məlumatlı olub, uşaqlarının inkişafını izləyib, yaşlarına uyğun kontent seçərsə bu, inkişaf üçün faydalı olar. Məzmun seçiminə gəldikdə, uşağın yaşını və maraqlarını ön planda tutaraq, valideyn nəzarəti altında uşaqları maarifləndirici oyunlara, fəaliyyətlərə yönləndirmək mümkündür.
-İnternetdəki platformalar azyaşlıların sosial bacarıqlarında geriləməyə səbəb ola bilərmi?
-Təəssüf ki, uşaqların assosial olub ünsiyyətdən qaçmalarının bir səbəbi də bu texnoloji vasitələrdir. Hətta hal-hazırda adi bir yığıncaqda belə uşaqlar hansısa maraqlı bir internet oyununun müzakirəsində birləşirlər. Gəlin 10-15 il öncəyə nəzər salaq. Onda uşaqlar daha çox zehni, sosial və fiziki bacarıqları inkişaf etdirən oyunlara həvəsli idilər. Həmin nəslin uşaqları daha sosial idilər. Dövrümüzdə isə artıq uşaqların sosial bacarıqlarının məhdudlaşdığını müşahidə edirik. Çünki uşaqların söhbəti, dostluqları yalnız onlayn formada, sosial platformalar üzərindən aparılır. Ünsiyyət bir tələbatdır. Kiminləsə söhbət etmək, dərdini bölüşmək, məsləhətləşmək ünsiyyətin bir hissəsidir. Bu proses də canlı həyata keçmədiyi tədqirdə uşaqlar assosiallaşır. Çünki sosial mediadakı ünsiyyət canlı ünsiyyəti əvəzləyə bilmir.
-İnstagram tətbiqi yaşı 18-dən aşağı övladı olan valideynlər üçün "Nəzarət" bölməsi yaradıb. Sizcə bu bölmədən istifadə nə dərəcədədir?
-Baxmayaraq ki, mən uşaq və yeniyetmələrlə sıx əlaqədə olan mütəxəssisəm, amma bununla bağlı hər hansı valideyn bu bölmədən istifadə etdiyini bildirməyib. Hətta biz bununla bağlı suallar belə ünvanlayırıq. Cavabında isə xəbərləri belə olmadıqlarını söyləyirlər. Bir çox valideyn soruşur: "Nuriyyə xanım, bu qədər nəzarət etmək doğrudurmu? Onun şəxsi həyatına çox müdaxilə etmiş oluruq, bu narazılığına səbəb olmazmı?" Mən deyərdim ki, çox az valideyn İnstagramın bu özəlliyindən istifadə edir. Hətta "YouTube" və başqa platformalarda yaş məhdudiyyəti kateqoriyası var. Valideynlər bu haqda çoxdan məlumatlı olsalar belə, demək olar ki, istifadə etmirlər. Çox təəssüf ki, az və nadir valideyn bundan istifadə edir.
-Valideynlərin azyaşlı övladlarının internetə çıxışına laqeyd yanaşmasına səbəb özlərinin də internetə düşkünlüyü ola bilərmi?
-Bu olduqca həssas mövzudur. İlk olaraq gəlin etiraf edək ki, bu gün hər 2 valideyn daha çox əmək sərf edir. Maddi təminat üçün valideynlərin çalışması günün sonunda onların uşaqları ilə vaxt keçirə bilməməyinə gətirib çıxarır. "Gün ərzində çox yoruluram", "Ancaq dərsləri ilə məşğul ola bilirəm" kimi səbəbləri ön plana çəkirlər. Əlbəttə ki, valideynlik asan bir vəzifə deyil, hətta ən önəmli vəzifədir. Hansı ki, onlar övlad dünyaya gətirməzdən öncə gələcəkdəki öhdəliklərini nəzərə almalıdırlar. Yorğun olmaları, çox çalışmaları, fiziki güc sərf etmələri öz öhdəliklərindən kənara çıxmaları üçün səbəb olmamalıdır. Bir çox valideyn isə səbirsiz olub, uşağın kaprizlərinə dözə bilmədiklərini telefon və planşetlə məşğul olmalarına icazə verdiklərini bildirirlər. Günlərini yorğun keçirdikləri üçün, müzakirəyə belə girmək istəmədiklərini vurğulayırlar. Digər bir səbəb bu gün valideynlərin də telefon, planşet, kompyuter kimi vasitələrdən aslılığıdır. Belə halda valideyn uşağa narazılığını bildirdikdə, uşaq özünümüdafiəyə keçir. "Axı sənin də əlində telefon var", " Sən özün də işdən gələndən telefonla məşğulsan", "Sən də yemək yeyəndə telefona baxırsan" kimi ifadələrlə öz valideynlərinə irad bildirirlər.
-Uşaqların internetdəki maraqlı məzmunlara yönəlməsi üçün hansı tədbirlər görülməlidir?
- Söhbət azyaşlıdan gedirsə, birinci növbədə onlara baxan şəxsin - ana, ata, nənə, dayə və s. kimdirsə, həmin şəxs yetəri qədər məlumatlı olması çox vacibdir. Müddəti nəzərə alaraq müəyyən şeylərə icazə vermək olar. Bayaq qeyd etdiyimiz kimi, uşaqların inkişafını dəstəkləyən kifayət qədər kontent var. Uşaqlara fayda verəcək oyunlara, tətbiqlərə, səhifələrə yönləndirmək lazımdır. Misal olaraq, "YouTube" tətbiqində xüsusi bacarıqlarını inkişaf etdirən, dərin məlumatlar əldə edə biləcəkləri müxtəlif məzmunlu videolar mövcuddur. Bunlar heyvanlar aləmi, plannetlər, ölkələr haqqında və s. ola bilər.
-Düzgün şəkildə yönləndirilmədikdə, uşaqlar hansı təhlükə ilə üzləşə bilərlər?
-Düzgün şəkildə yönləndirilmədikdə əlbəttə ki, bir sıra təhlükələr meydana çıxa bilər. Bir çoxumuz müşahidə edirik, platformalarda hər hansı bir səhifəni açdığımızda növbəti təklif olunan səhifə uşağın yaşına uyğun olmayan informasiyanı əks etdirə bilər. Bu şiddət məzmunlu, aqresiyya doğura biləcək, qorxu yaradan məlumat, videolar, animasiyalar ola bilər. Təəssüf ki, platformalarda ilk səhifədən sonraki səhifələrə nəzarət çətindir. Yaşlarına uyğun olmayan reklam məqsədli müxtəlif videolar təqdim olunur. Bu halda istər cinsəl, istər dini mövzulu, istərsə də şiddət səhnələri əks olunan videoları izləyə bilərlər. Bu da uşaqlarda ciddi problemlərə gətirib çıxara bilir. Ciddi stress, gərginlik, qorxu, həyəcan pozuntusuna qədər bir sıra psixoloji problemlərlə üzləşə bilərlər.
Qiymət Mahir