“Əgər bunların qarşısı alınmasa, nə musiqimizi, nə də mədəniyyətimizi xilas edə biləcəyik”

Cəmiyyətimizdə rast gəlinən mənfi  tendensiyalardan biri də toylara çağırılan bayağı toy müğənnilərinin sayının artmasıdır. Maraqlıdır, bu nəyin əlamətidir ? Görəsən toy sahibləri niyə məhz bayağı mahnılar ifa edən müğənniləri toylarına dəvət edirlər ? Bununla bağlı televiziya tənqidçisi , filalogiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli ilə danışmışıq. 

-Qulu müəllim, bayağı toy müğənniləri nəyə görə insanların marağını daha çox cəlb edir? 

-Toy müğənnilərinin diqqəti cəlb etməsi zövq məsələsidi. Hərənin musiqi duyumu, rəng duyumu fərqlidir. Bayağı toy müğənnilərinə maraq göstərən insanların musiqi zövqü kamilləşmədiyindən onlar bu mahnıları dinləyib zövq alırlar. Belə insanları qınamaq da olmur, bəzən toyun özü qeyri- standart şəraitdə, kənar təsirlərlə olur və bir -birlərini uzun müddət görməyən insanlar bu mahnılarla emosiyalarını büruzə verməyə çalışırlar. Hər şey zövqə bağlıdır.

-Musiqi təhsili olmayan  müğənnilərin populyarlaşmasına səbəb nədir?

- Əslində populyarlaşan müğənnini populyarlaşdıran onun sənət göstəriciləri deyil. Müğənnini populyarlaşdıran auditoriyanın ona münasibətidir. Beləki, auditoriya onu qəbul edir, mahnılarını tirajlayır, paylaşır və s. Bütün bunlar həmin müğənnilərin "populyarlaşmasına" səbəb olur. Təəssüf ki, bəzən televiziya da bu məqsədə xidmət edir , yəni həmin müğənnilərin təbliğat tribunası rolunu oynayır. Və sonda bu qənaətə gəlirik ki, bu tip müğənnilərin populyarlaşmasında çox təəssüf ki, bizim auditoriya və toy müğənnisi səviyyəsində zövqü formalaşmış insanlar buna bir növ stimul verir.

- Bəs sosial media onların tanınmasında necə rol oynayır ?

-Sosial media, sosial şəbəkələr bizim bu şəbəkələrdə iştirakımız adi şəraitdə, yəni həyatda olan davranışlarımızın davamıdır. Sosial şəbəkədə çoxluğu elə o bayağı müğənniləri sevən, dinləyən insanlardı. Onlardan niyə bu mahnıya qulaq asırsınız deyə soruşmağa dəyməz, çünki cavabları " biz belə sevirik, bunlardan həzz alırıq "və sair olacaq. Həmin insanlar toya gedəndə o mahnılara oynayır, dinləyir və əylənirlər. Sosial şəbəkə həmin mahnıların birbaşa təbliğatçısı sayılır.

- Bu cür müğənnilərin artması incəsənət aləminə necə təsir edir ?

- Bizim əslində bütün söhbətimizin canı bu sualda toplanıb. Zövqsüz insanların çoxluğu, musiqi duyumu aşağı olan, yalnız belə bayağı, aşağı səviyyəli, mənasız sözlərlə ifa olunan musiqi ciddi musiqi mədəniyyətinə xeyli zərbə vurur. Bu qədər ciddi musiqi institutları, konservatoriyaları, musiqi akademiyası olmasına rəğmən, yenə də belə müğənniləri sayında artım mövcuddu. Sual verə bilərsiniz ki," bəs bunun qarşısını necə almaq olar? "Əlbəttə ki, birinci növbədə radio və televiziyalarda bu cür musiqilərin verməkdən çəkinməlidirlər. Mən maşında bəzən radioda eşidirəm belə mahnıları və çox təəssüflənirəm. İkincisi, bizdə musiqi mədəniyyətinin təbliği, ümumiyyətlə musiqi əsərlərinin təbliği arzuolunan səviyyədə deyil. İlk növbədə televiziya kanalları, verilişləri bu cür müğənniləri çağırmaqla bağlı problemi həll etməlidirlər. Bu verilişlərin hərəsinin öz məqsədləri var (bəziləri sponsor üçün, bəziləri reytinq, bəziləri isə pul qazanmaq). Əgər bunların qarşısı alınmasa, nə musiqimizi, nə musiqi mədəniyyətimizi, nə ana dilimizi, nə də ədəbi zövqümüzü xilas edə biləcəyik.

Aysun Ədalət qızı 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31