“Universitetə gir, hər şey yaxşı olacaq” fikrindən uzaq olmaq lazımdır
13 Oktyabr 2023 13:44 SosialAzər Haqverdiyev: "Türkiyə universitetlərində bu keçərli deyil"
Dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclər həmin ölkələrdə təkcə elmi fəaliyyətlə məşğul olmur, eyni zamanda ictimai işlərdə də fəallıq nümayiş etdirirlər. Ayrı-ayrı ölkələrdə tələbə gənclərimizin yaratdıqları dərnək vəı cəmiyyətlərin timsalında bunu görmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, qardaş Türkiyədə də elmi fəaliyyətlə yanaşı, ictimai fəaliyyətlə məşğul olan gənclərimiz az deyil. Belə gənclərdən biri də Azərbaycan Orta Doğu Texnik Üniversitetli (ÖDTÜ) Tələbələr və Məzunlar Dərnəyinin təsisçisi Azər Haqverdiyevdir. Onunla söhbətimizdə sözügedən qurumun yaradılması ideyası, hansı zərurətdən təsis edilməsi və digər məsələlərdən danışdıq.
-Azər bəy, Azərbaycan Orta Doğu Texnik Üniversitetli (ÖDTÜ) Tələbələr və Məzunlar Dərnəyinin yaradılması ideyası haradan qaynaqlandı və təşkilatın əsas ana xətti, qarşısına qoyduğu məqsədlər nələrdir?
-Əslində belə bir fikir, hansısa təşkilatın yaradılması ideyası 2005-ci ildə Türkiyəyə gəldiyim zamandan vardı. Lakin təşkilatın qurulmamasının əsas səbəbi tələbələrin sadəcə 4-5 ildə burada qalması və ünsiyyət qurmaq üçün çətinliklərin olması idi. Yəni tələbə gəlib başqa bir mühitə düşür, çətin bir universitet həyatı başlayır, imtahan stresi və s. də bura əlavə etsək, o zaman onların başqa bir ictimai işlərlə məşğul olması çətin olur.
Onu da qeyd edim ki, bu bir könüllülük işidir. Mənim zamanla ictimai işlərlə məşğul olmağa vaxtım və həvəsim oldu və bu fikri zamanla zənginləşdirərək bu yola girdim. Dərnəyin əsas məqsədi əsasən Azərbaycan Orta Doğu Texnik Üniversitetində (ODTÜ) təhsil alan tələbələrin həyatını asanlaşdıracaq işlər görmək, sosial həyatlarının faydalı təşkil olunmasına şərait yaratmaq, onların proyektlərinə dəstək olmaq, iş və staj imkanları yaratmaq və təhsillərinə maddi olaraq dəstək göstərməkdir. Eyni zamanda məzunlarımız ilə tələbələrimiz arasında körpü qurmaq da istəyirik. Müvvəfəqiyyətli məzunlarımızın təcrübələrindən faydalanmaq tələbələrimizin məzun olduqdan sonra ehtiyacı olduğu ən önəmli şeydir. Başqa bir məqsəd tələbələr arasında məsuliyyət, idarəçilik qabiliyyətlərinin artırılmasına şərait yaratmaqdır. Mənimlə bərabər bu dərnəyin 8 qurucusu və 15 məsul şəxs var. Oktyabrın son həftəsi seçkilərimiz olacaq.
-Bildiyimiz qədər təşkilat rəhbəri olaraq qardaş Türkiyəyə səfərə çıxdınız və orada çoxsaylı görüşlər keçirdiniz. Görüşlərdə əsas müzakirə mövzusu nələr idi?
-Demək olar ki, planlarımızın heç 90 faizini həyata keçirməmişik. Bu istiqamətdə bizə ilk dəstəyi Ankaradakı Səfirliyimiz göstərir. İlk gündən səfir Rəşad Məmmədov bizi qəbul elədi, dinlədi və çox faydalı məsləhətlər verdi. Bu gün də ən böyük dəstəyimiz Səfirliyimizdən gəlir. Əslində bu işə başlayan zaman proses çox çətin irəlləyir. Çünki biz aprel ayında Ankarada rəsmi qurulan bir qeyri-hökümət təşkilatıyıq. Gördüyümüz işləri ancaq özümüz bilirik. Ümumiyyətlə, dərnək qurmaq o qədər də çətin məsələ deyil. Lakin Türkiyədə dərnəklər qanunsuz işləri ört-basdır etmək məqsədilə qurula biləcəyi üçün bəzi önəmli qurumlar buna diqqətlə yanaşır. Bu zamanla öhdəsindən gələ biləcəyimiz keçici bir sıxıntıdır. Eyni zamanda Türkiyədə seçki sonrası demək olar ki, bizi maraqlandıran bütün qurumların rəhbərləri dəyişdi. Yenidən yazışmalara başlamışıq. Yaxın günlərdə universitetimizin rəhbərliyi də bizi qəbul edəcək. Görüşlərin əsas məqsədi tələbələrimizə dəstəklərin yaradılması və onların dünya görüşlərin artılması, bürokratik problemlərin aradan qaldırılması yönündədir.
-İctimai birlik olaraq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə işi necə qurursunuz və qardaş ölkədə bu məqsədlə ofis, yaxud nümayəndəlik açmağı düşünürsünüzmü?
-Mərkəzimiz və ofisimiz Ankaradadır. Amma bizim işimiz sahədədir. Məsələn, ofisimiz var, amma 5 ayda bir dəfə də olsun ofisə getmək imkanımız olmayıb. Çünkü bizim gördüyümüz iş lokal xarakterlidir. Ofisdə görülən işlərdən deyil. Məsələn ODTÜ özü çox böyük universitetdir. Tərkibində 20 dən çox yataqxana var və tələbələrimizin böyük əksəriyyəti oradakı yataqxanalarda və ya ora yaxın məkandakı evlərdə yaşayırlar. Kampüsdən çıxmaq özü 30 dəqiqə vaxt alır, 30 dəqiqəyə də Azərbaycanda 2 rayon dəyişə bilirsən. Mən Tərtərdən Yevlağa maşınla 30 dəqiqəyə gedirdim. Buna görə biz çalışırıq ki, tədbirlərimizi elə universitetin içində edək. Sağ olsunlar universitet rəhbərliyi də hər zaman müraciətlərimizə müsbət cavab verir. Əsas ünsiyyət vasitəsi də sosial platformalar və mesajlaşma sistemləri üzərindəndir. Azərbaycanda nümayandəlik də açmaq planımızda var. İşlərin qurulması isə daha çox tələb və təkliflə əlaqədar olur. Məsələn, bir tələbə təkliflə gəlir və biz onu həyata keçiririk. Bu semestir 10 ədəd tədbir keçirməyi planlaşdırırıq.
-Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdən söz düşmüşkən, gənclərimiz qardaş ölkəyə ali təhsil almağa gedəndə ilk olaraq əsas etibarilə nələrə diqqət etməlidirlər və onlara nə tövsiyə edərdiniz?
-Tələbələrə ən birinci tövsiyəm odur ki, istər Türkiyə olsun, istərsə də bir başqa ölkə, gedəcəkləri yer barədə bir yerdən və əlaqəli qurumlardan bilgi alsınlar. "Dostum belə deyirdi" məsələsi nəticə etibarilə ciddi problemlər yaradır. Biz bunun üçün veb səhifəmizdə məlumatlar yazmışıq, və vatsappda da paylaşırıq. Amma yenə də görürük ki, başqalarının sözüylə hərəkət edilir. Məsələn, avqustun əvvəlində qızı üçün yataqxana axtarmağa gələn bir valideyn vardı. Halbuki ODTÜ xarici tələbələri yerləşdirmək üçün müvafiq addımlar atır. Hətta 18 yaşdan kiçik qızdırsa, ona mütləq yataqxana verir. Əvvəlcə də dediyim ki, ODTÜ böyük yerdir. Xaricdə yataqxanada qalmaq ciddi vaxt itkisidir. Həmin valideyin 2 dəfə xərc çəkməli oldu. Bəzən biz gecə 2-3 ə qədər dərs oxuyuruq və o saatda Universitetin içində olmaq çox önəmlidir. İkinci tövsiyəm ailələrədir ki, övladınız artıq yeni həyata atılır, ona şans tanımaq, artıq fərdiyyət kimi imkan vermək lazımdır. Bizim ailələrimiz uşaqların üstündə çox əsirlər, səhv etməsini istəmirlər. Halbuki insanları inkişaf etdirən səhvləri üzündən çəkdikləri çətinliklərdir. Ən son tövsiyəm "universitetə gir, hər şey yaxşı olacaq" deyimi ilə bağlıdır. Bu fikirdən uzaq durmaq lazımdır. Türkiyə universitetlərində, xüsusilə də ODTÜ də bu keçərli deyil. Həyat əvvəlkindən daha çətin olacaq. Çünki sizə artıq uşaq gözüylə baxmırlar. Hətta səni özlərinə rəqib görürlər.
-İctimai birlik olaraq qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrə burs vermək barədə düşünürsünüz. Əsasən hansı kateqoriyadan olan tələbələr bundan yararlana biləcək və hansı şərtlərlə?
-Bu bizim ən öndə duran vəzifəmizdir və qurulma məqsədidir. Təbii ki, bu da bizə edilən yardımlardan asılıdır. Mən hər kəsə burs vermək istərdim, amma o qədər yardımımız yoxdur. Amma bu zamanla gördüyümüz işlərlə yaradacağımız inamla həyata keçəcəkdir. Burs deyəndə, əsasən maddiyat daha doğru desəm pul nəzərdə tutulur. Amma bu tam olaraq belə deyil. Hələ ki, 3 kateqoriyada burs fikirləşmişik. Birinci kateqoriyada yeni qazanıb imkanı zəif olan, ikinci kateqoriyada imkanı zəif olan, amma təhsilini davam etdirən və üçüncü kateqoriyada başarılı tələbələrə burs verməyi nəzərdə tuturuq.
.png)
-Bəs, Türkiyə xaric olmaqla digər xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq etməyi düşünürsünüzmü?
-Bu zamanla təbii olaraq ortaya çıxan bir əməkdaşlıq olacaq. ODTÜ tələbələri dünyanın hər yerindədirlər və onlar təhsillərini dünyanın öndə gələn universitetlərində davam etdirirlər. Əməkdaşlıqlar mənim tək başına verəcəyimiz qərar da deyil, biz ciddi mövzuları İdarə Heyətinin qərarları ilə veririk. Bu həm məzunlarımızla qərar verə biləciyimiz bir mövzudur. Buna görə xarici güvənilir qurumlarla da əməkdaşlığımız olması ehtimaldır.
Süleyman İsmayılbəyli