Qarabağ Universitetinin yaradılması bu coğrafiyanın dünyada tanıdılması baxımından əhəmiyyətlidir - ÖZƏL

"Ağdamda Qarabağ Universitetinin yaradılması Qarabağın dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Buna təkcə elm ocağı kimi baxmaq lazım deyil. Bu universitet həm də bir təbliğat tribunası, Qarabağın tanıdım layihəsi olacaq".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai birlik sədri deyib ki, Qarabağda təkcə universitet açmaqla kifayətlənməməliyik:

"Eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan gənclərin həmin ali təhsil ocağında gəlib oxumalarını təşviq etməli, həmin gənclər üçün stimullaşdırıcı xarakter daşıyan layihələr həyata keçirməliyik".

Süleyman İsmayılbəyli hesab edir ki, Qarabağ Universitetində təhsil alacaq əcnəbi tələbələrə tariximiz, dünənimiz, bu günümüz, Qarabağ, onun işğal və işğaldan sonrakı dövrü barədə ətraflı məlumatlar verilməlidir:

"Elə işləməliyik ki, gələcəkdə Qarabağ Universitetini bitirib öz ölkələrinə qayıdan əcnəbi gənclər yaşadıqları ölkələrdə bizim lobbimizə çevrilsinlər".

Süleyman İsmayılbəyli hesab edir ki, universitet üçün Ağdamın seçilməsi də xüsusi qeyd edilməlidir:

"Ağdam Qarabağın musiqi beşiyi olmaqla yanaşı, həm də bu coğrafiyanın demək olar ki, mərkəzi, kəsişmə nöqtəsidir. Bu baxımdan Qarabağ Universitetinin Ağdamda olması təqdirəlayiqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31