Həkimlərin pul tələsi- Keysəriyyə...
6 Oktyabr 2023 13:29 Sosialİnstaqram kimi sosial şəbəkələrdə məhşulaşan ginekoloqların bir çoxunun səhifəsinə diqqət yetirsək, əvvəlki illərə nisbətən Keysəriyyə əməliyyatının qat-qat çox olduğunu görərik. Buna səbəb nədən yaranır? Yediyimiz, içdiyimiz şeylərmi buna səbəb olur, yoxsa dəb halını alıb?
Texnologiyanın inkişaf etməsi səbəbindən doğuş zamanı ana və uşaq ölümləri olduqca azalıb. Bəs, əməliyyata ehtiyac niyə çoxalıb? Deməli, bu məsələ bizi düşündürməlidir. Yaxın keçmişdə təbii yolla doğuş və qeysəriyyə əməliyyatı icbari tibbi sığorta paketinə daxil edildi. Buna kim nəzarət edəcək?
Qanuna görə 2013-cü ildən bəri tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunurlar. Sosioloq Lalə Mehralı sual verir ki, indiyədək hansısa xəstəxanaya, ya da həkimə belə bir cərimə tətbiq edildiyinin şahidi olmusunuz?
Çoxlarımız belə bir qanunun var olmasından belə xəbərsiz idi. Qanunla cəzası olacaq qədər ciddi bir məsələyə nəzarət nə qədər güclüdür? Onsuz da göstərişi verən tibb işçisidirsə, bunu etmək onun üçün nə qədər çətin ola bilər?
Keysəriyyə əməliyyatının qiyməti ən azı 1000 manatdan başlayır. Hamilə qadın bunu çıxış yolu kimi görür. Əziyyətsiz, qısa zamanda başa çatacaq prosesi kim istəməz. Qısası alan razı, verən razı prinsipi işləyir. Ona görə də heç kimin bir-birindən şikayəti qalmır. Sonradan yaranacaq problemləri, təbii yolla uşaq dünyaya gətirməyin faydalarını isə həkimlər daha yaxşı bilir. Bilir, ancaq asan üsulla daha çox gəlir əldə etmək də şirnikləşdirici gəlir. Xarici ölkələrin bir çoxunda ana və uşağın həyatı üçün ölüm riski yaranmadıqca, onlar əməliyyat masasına çıxarılmır. Ölkəmizdə isə bunun üçün yalançı səbəblər yaradılır. Ortada bir qanun varsa, onu həll etmək qərarı həm də bunu icra edən şəxsə verilməməlidir. Məsələ ilə bağlı sosioloq Lalə Mehralı deyir ki, ""Qadınlar dünyaya övlad gətirərkən nəyə görə əməliyyata üstünlük verir?" Sualı çox cavabı olan sualdır. Sağlamlıq, qorxu, bədən quruluşunun pozulmaması kimi çox sayıda bəhanələr var. Bir çoxları da dünyaya gələcək övladı üçün ən yaxşı üsulun bu olduğunu düşünür. Çünki, təbii doğuş zamanı uşağın travma alması, həyatını itirməsi kimi hallarla rastlaşırlar. Elə başa düşürlər ki, qeysəriyyə ananı və körpəni ölüm, travma hallardan sığortalayır. Tamamilə, səhv düşünürlər. Keysəriyyə o zaman həyat qurtarır ki, doğuş zamanı hansısa problem qeydə alınsın, ananın təbii yolla övladını dünyaya gətirməsi mümkün olmasın. Bu halda "b" planı kimi qeysəriyyə əməliyyatı həyata keçirilə bilər. Bu zaman tibbi müdaxilə üçün qeysəriyyə ən optimal variant olur. Bu, yalnız həkim göstərişi ilə ola bilər. Sual yaranır ki, axı həkimlərin əksəriyyəti hamilə qadını birbaşa qeysəriyyəyə yönləndirir? Tamamilə, doğrudur. Təəssüf ki, bir çox həkimlər qeysəriyyəni asan qazanc üsuluna çeviriblər. Bir hamilə qadının doğuş prosesinin başlaması bəzən 3,5, hətta 12, 24 saata qədər uzana bilir. Həkimlərin çoxu həmin əziyyəti özünə vermək istəmir. Saatlarla hamilə qadınla məşğul olmaq istəmir. Bunu vaxt itkisi hesab edir. 15 dəqiqə ərzində əməliyyatı həyata keçirib, daha yüksək məbləğ əldə etmək istəyir. Bu, tamamilə həkimlərin vicdanına qalmış məsələdir. Vicdanlı həkim hamilə qadını boşuna əməliyyata yönəltməz. Vicdan isə son zamanlar ən az rast gəldiyimiz insani dəyərdir. Ona görə də bunu həkimlərin ixtiyarına buraxmaq, kobud dillə desək, ağılsızlıq olar.
Qadın bilməyə bilər. Hər kəs savadlı ola bilmir. Təcrübəsiz qadınların sayı çoxdur. İlk doğuşunda doğuş ağrıları səbəbindən həkimi, ətrafı tərəfindən, qulaqdan-qulağa dolan məlumatlarla qorxudulan qadınlar çoxdur. Həkimin həm vəzifə, həm də insani olaraq ən böyük borcu qadının qorxularının öhdəsindən gəlməsinə kömək etməkdir. Həkim ona izah etməlidir ki, hər bir canlı bu proseslərdən keçir. Bu təbiətin insana verdiyi təkamül formasıdır. Həkim qadını minimum qorxu ilə almalıdır doğuş masasına. Qadın hiss etməlidir ki, onun yanında hər an müdaxiləyə hazır həkim var. Təəssüf ki, həkimlər bu qorxuları gəlir mənbəyinə çevirib.
Bildiyimiz kimi, icbari tibbi sığorta paketinə təbii doğuş və qeysəriyyə əməliyyatı daxil edildi. Maraqlıdır ki, bu mexanizm necə işlənəcək?
Qeyd edilib ki, yalnız tibbi göstərişlər əsasında əməliyyatın sığorta daxilində icrasına icazə veriləcək. Tibbi göndərişləri elə qeysəriyyə etmək istəyən həkimlər verir. Onlar, çox asanlıqla tibbi göstəriş yaza bilirlər. Gözündə azacıq zəiflik olanı da, xırda qorxusu olanı da, təbii doğuşu əziyyət kimi görənləri də qeysəriyyəyə yönləndirirlər. Bunun mexanizmi işlənməlidir ki, tibbi sığortada boşuna qeysəriyyə əməliyyatları həyata keçirilməsin".
Digər yandan ən böyük səbəblərdən biri qeysəriyyə əməliyyatı ilə birlikdə həyata keçirilən əməliyyatlardır. Bu, sadəcə pul tələsidir. Savadlı həkim bundan sonrasının xəstə üçün yaxşı olmayacağını bilməlidir. Yenə də qadınlara iki əməliyyatı birdən etdirmək asan həm də daha ucuz gəlir. Odur ki, sağlamlıq haqqında olan məsələlərə "ucuz" ifadəsi girməməlidir. Qarın yağlarının kəsdirilməsi, estetik əməliyyatlar qeysəriyyə ilə eyni zamanda aparılmamalıdır. Demək olar ki, hər kəsin internetə çıxışı var. Belə problemlər haqqında yüzlərlə fotoşəkil tapmaq mümkündür ki, insanı fikrindən daşındırsın. Ən gec sağalan əməliyyatlardan olan qarıngərmə prosesi hamilə qadına tətbiq edilməməlidir. Xarici mütəxəssislər bunu hamiləlikdən ən az altı ay sonra məsləhət görürlər. Bədəndəki şişliklər çəkilmədən, əməliyyatdan müəyyən müddət keçmədən bunu etdirmək sonradan sizi başladığınız yerə geri qaytaracaq. Sosial şəbəkələrdə xaricdən olan ginekoloqlar, elə öz tanınmış bir neçə ginekoloqumuz da bunu etdirməyin yanlış olduğunu bağıra-bağıra deyir.
Bu həm də diş həkiminə gedib böyrəyini müalicə etdirməyə bənzəyir. Qulağa çox absurd gəlsə də, eynisini edirlər. Ginekoloqlar estetik cərrah deyil. Onlar, həmkarkarının da sahəsinə girmiş olurlar. Odur ki, məsələyə diqqət və nəzarət gücləndirilməli, vətəndaş özü bu mövzuda ayıq-sayıq olmalıdır.

Əfsanə Kamal