“Suverenlik təkcə ərazi bütövlüyü deyil, daxili işlərə müdaxiləyə icazə verməməkdir" – ÖZƏL

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında azərbaycançılıq ideologiyası, Azərbaycanın sülh quruculuğundakı təcrübəsi və ölkənin daxili işlərinə müdaxilə məsələləri ön plana çıxıb. Çıxışda milli birliyin, multikulturalizmin, müstəqil siyasətin və Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyəti vurğulanıb.

"Azərbaycanın daxili işlərinə müdaxilə ilə bağlı cənab Prezidentin verdiyi tapşırıq, əlbəttə ki, çox yerində bir addımdır. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və heç bir dövlətə də ölkəmizin daxili işlərinə müdaxilə etmək imkanı verilməməlidir. Azərbaycan dövləti bu məsələdə prinsipial mövqe ortaya qoyur. Şəxsən cənab Prezident İlham Əliyev də bu istiqamətdə öz mövqeyini nümayiş etdirir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın suverenliyi təkcə ərazi bütövlüyü ilə bağlı məsələlərdə deyil, bu kimi hallarda da qorunmalıdır. Yaxşı bilirik ki, bu kimi məsələlərdə suverenliyimizə xələl gələrsə, müdaxilələr davamlı xarakter ala bilər. Yəni, bir dəfə kiminsə ölkəmizin daxili işlərinə qarışmasına imkan verilərsə, bundan sonra hər kəs belə bir müdaxiləyə cəhd göstərə bilər. Buna görə də İlham Əliyev beynəlxalq münasibətlər sahəsində böyük təcrübəyə malik olduğu və siyasi prosesləri dərindən bildiyi üçün məhz bu cür məsələlərdə prinsipial mövqe nümayiş etdirir. Bu mövqe, fikrimcə, tamamilə ədalətli və düzgün yanaşmadır. Azərbaycan hər zaman sülh quruculuğuna sadiq qalıb və bunu danışıqlar prosesində də nümayiş etdirir. Ölkəmiz bütün dövlətlərlə etibarlı tərəfdaş kimi çıxış etməyə çalışır. Eyni zamanda, Azərbaycanda multikultural dəyərlərə də böyük önəm verilir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri və fərqli dini icmalar sülh, dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bu da Azərbaycanın zəngin multikultural ənənələrə malik olduğunu bir daha göstərir.

"Azərbaycanın öz yolu və öz məfkurəsi var. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq ideologiyası bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində daha da inkişaf edir. Öz milli ideologiyamız, şübhəsiz ki, ölkəmizin gələcək inkişafına və daha da tərəqqi etməsinə töhfə verəcəkdir", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31