Uşaqların düzgün tərbiyəsi sağlam gəncliyin formalaşması deməkdir

İstiqamət: uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Gənclərin cəmiyyətdə rolu artdıqca onların fiziki və mənəvi tərbiyəsi vacib məsələlərdən birinə çevrilir. Xüsusən, nəzərə alsaq ki, gələcəyimiz onlarla bağlıdır, o halda sağlam və idarəetmə qabiliyyətinə malik gənclərin yetişdirilməsi zərurəti yaranır. Bu baxımdan çağdaş dünyada hər bir dövlətin və cəmiyyətin gələcəyini müasir uşaqlar və gənclər təşkil etdiyindən onların fiziki və mənəvi inkişafı ön plana çəkilir. Başqa sözlə, gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Etiraf edilməlidir ki, gənclərin sağlam böyüməsi təkcə dövlətin işi deyil, elə onların yaşadığı cəmiyyət və valideyinlərin də bu məsələdə rolu danılmazdır. Başqa sözlə, dövlət, cəmiyyət və valideyin üzərinə düşən vəzifəni layiqincə icra etdikdə fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək mümkün olur. Etiraf edək ki, hazırda elm və texnikanın inkişaf etdiyi, sosial şəbəkələrin tüğyan etdiyi, narkomaniyanın geniş yayıldığı bir mühitdə sağlam nəsil yetişdirmək elə də asan məsələ deyil. Məhz sadalanan faktların özü deməyə əsas verir ki, cəmiyyətdə hər bir kəsimin üzərinə düşdüyü vəzifəyə məsuliyyətli yanaşması sağlam və vətənpərvər nəslin formalaşmasına təkan verə bilər. Bəs, gənclərin tərbiyyəsi necə təşkil olunmalıdır ki, cəmiyyət bundan fayda əldə edə bilsin? Hüquqşünas Mirzə Manafov deyib ki, müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir: "Son illər bu diqqət və qayğı daha da artıb. Məlum olduğu kimi uşaqların fiziki və mənəvi tərbiyyəsi kiçik yaşlarından diqqət mərkəızində olmalıdır. Dövlət tərəfindən yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası da məhz uşaq və gənclərin sağlam böyüməsinə hesablanıb. Əlbəttə hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onların mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Elə bu səbədən sadalanan faktorların korrdinasiyalı şəkildə inkişafı xüsusi əhəmiyyət daşıyır. Sirr deyil ki, psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi ilk olaraq ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Bu mənada ilk növbədə hər bir valideyn məsuliyəti dərk etməlidir".

Mütəxəssislər hesab edirlər ki, hər bir uşaq ilk növbədə ata-anasını ən ideal insan sayır. Əgər valideynlərdə fiziki qüsurlardan başqa hansısa çatışmazlıq olarsa, bu, uşağın psixologiyasına təsirsiz ötüşməyəcək. Məsələn, Ermənistan-Azərbaycan münaqişəsi zamanı mənfur düşmənlər tərəfindən uşaqlara qarşı edilən zorakılıq və qəddarlıq heç şübhəsiz ki, onların psixologiyasında silinməz iz qoyub. Yeri gəlmişkən xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar da az olmayıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardı. Haqqında Dövlət Komissiyasına əsir-girov götürüldüyü barədə məlumatlar daxil olmuş mülki şəxslərin 29 nəfəri uşaqlardı. Ermənistan bu uşaqların saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyə kimi məlumat vermir. Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın əsir və girovluğundan azad edilmiş mülki şəxslərin 224-nü uşaqlar təşkil edib.

Orta məktəb psixoloqu Sevinc Hüseynova qeyd edib ki, uşaq və gənclərin təhsil aldığı müəssisə və idmanla məşğul olduğu mərkəzlər də gənc nəslin düzgün tərbiyyə olunmasında mühüm rol oynayır: "Valideynlərlə olduğu kimi müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar. Sevindirici haldır ki, son illər sadalananlarla bağlı bir çox irəliləyişlər müşahidə olunur. Təhsil sistemində aparılan uğurlu islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması bunu deməyə əsas verir. Prezident İlham Əliyev 2021-ci il dekabrın 20-də "Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Bundan başqa, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin müxtəlif  şəhər və rayonunda ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu  fəaliyyətə başlayıb. Heç şübhəsiz ki, uşaqların təhsil almaları üçün yaradılan bu şərait onların fiziki və mənəvi baxımından cağlam böyüməsində müstəsna rol oynayır. Ümumilikdə qeyd edilməlidir ki, uşaq və gənclərin düzgün tərbiyə olunmasında, onların mənəvi, psixoloji cəhətdən düzgün istiqamətləndirilməsində valideyinlərin və məktəblərin rolu paralellik təşkil edir. Nəzərə almaq lazımdır ki, uşağın cəmiyyətlə ilk tanışlığı onun məktəbə qədəm qoymasından başlayır. Bununla hər bir uşaq ailədə aldığı tərbiyəni cəmiyyətə daxil edir. Bu zaman onların tərbiyyəsi elə qurulmalıdır ki, fiziki və psixoloji sağlam uşaqlar vətənə layiqli övlad kimi böyüsünlər. Onu da qeyd edək ki, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Ölkəmizdə uşaqların sağlam, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir".

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın   İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31