Ölkədə ikinci ödənişli yola çox ehtiyac var - ÖZƏL

"Yeni salınan Bakı-Quba-Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndiririk. Bunun bir çox aspektlərdə ciddi faydaları olacaqdır. Amma sərhədlər açılmasa bu yolun rentabelli fəaliyyəti sual altında qala bilər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən ödənişli yolun tikintisinə hazırda daha çox ehtiyac var:

"Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın "rahat nəfəs alması" üçün önəmli layihə olardı. Sürücülərin saatlarla tıxacda itirdikləri zaman bir yana, itirdikləri yanacağın kiçik bir hissəsi müqabilində ödəniş etməklə hər tərəfli faydalana bilərlər. Eyni zamanda layihəyə çəkilmiş xərc asanlıqla  geri dönə bilər. Sonrakı uzun illər boyu da davamlı gəlir yeri olar. Ən əsası isə bu dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ən ciddi töhfə olar". 

İqtisadçı deyib ki, ancaq ödənişsiz yollar baxımsız saxlanılmamalıdır:

"Əks halda bu ödənişli yoldan istifadə edənlərin də sayının artırılması üçün insanların haqqına girmək olar. Bu isə nə hüquqi baxımdan, nə də mənəvi baxımdan yolverilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31