Vətən sevgisi olmayanlar rəy bildirməsin...

Bəlkə də dünyada  Azərbaycan xalqı qədər müxtəlif ictimai fikrə, siyasi "biliyə", ideologiyaya sahib olan xalq yoxdur.

Yaşadığımız coğrafiya bunun ən böyük səbəblərindən biridir elə. Müxtəlif fikirlərin olması mənfi hal deyil. Ancaq  biz bu fikirləri yaraşdı-yaraşmadı, hər yerdə işlətməyi sevirik. Nəticədə həm də ciddiyə alınmırıq. Təsəvvür edin, İmagine Dragons konsertinə gedib üst geyimini çıxarması üçün pankart açan, Röyanın konsertdə göstərdiyi şounu tənqid edən, eyni zamanda tiktokda canlı yayında oynayan qazini məhərrəmlik ayı olduğu üçün qınayan adamlar eyni topluma məxsusdur. 

Minlərlə insan hər iki konsertdə iştirak edib, izləyib. Eyni zamanda yüzlərlə insan tənqid edib. İnsanımız tənqidi sevir. Ancaq  çox az hallarda bu tənqidlər yerli-yerində və birmənalı olur. Qazilərə qarşı edilən tənqidlər isə olduqca yersizdi. Ayaqlarını itirən qazi Ramal tiktokda canlı yayında sadəcə oynamaqla özünü xoşbəxt hiss edir və istəyənlər ona yardım edir. Videolara baxanda rəylərdən birinə gözüm sataşdı.

"Məhərrəmlik ayında oynamaq yaraşmaz".

Hər kəsin inancına hörmət etmək borcumuzdur. Ancaq erməni vəhşiliyinə ayaqlarını qurban verən bir gəncə bunu demək insafdan deyil. Ramal oynadıqca, kefimiz açılmalı, digərlərindən də eyni auranı görməliyik. Onun videoları bəlkə də bir çox qazidə həyat eşqini artırır. Həyat eşqi elə bir şeydir ki, pulla  almaq qeyri-mümkündür. Hərdən videolarına anası da qoşulur. Birlikdə oynayırlar. Ananın oynaya bilməsi böyük ürək istəyir. Ayaqda müharibəyə göndərdiyi gənc oğlunu bu halda xoşbəxt etməyə çalışır. Hələ əli-ayağı yerində olub  iş tapa biıməyən, heç bir işə yaramayan gənclər var. Ona görə də Ramala və onun kimi igidlərə sosial şəbəkələrdə edilən yardımlar halal xoşları olsun. Onlar Vətən qarşısında borclarını ödədikləri üçün istənilən zaman oynamaq da haqlarıdır. Onlara tiktokun dırnaqarası fenomenləri qədər diqqət ayrılmasa da, Ramal dünyada bir çox nümunəsi olan fenomenlər kimi tanınmağa başlayıb. Sadəcə bir hərəkət ilə. Oynamaq...

Dünyada sadəcə bir əl hərəkəti və ya baxışı ilə məşhurlaşan, pul qazanan fenomenlər var. Ramal onların bacardığını bacarır hazırda. Görünüşə, danışıq tərzinə, mədəniyyətə baxdıqda isə bir çox mədəniyyət "işçisinə" dərs keçə biləcəyini görürük. Efirdə sadəcə ağzına gələni danışmaqla, şou əhlinə sataşmaqla, vulqar ifadələr işlətməklə məşhurlaşan onlarla "işçi" var. Biz isə xalq olaraq bu cür gənclərə dəstək olmaqla həm onun simasında başqalarına dəstək olur, həm də borcumuzu ödəyirik. Burada heç bir ideologiya, məzhəb, siyasi bilik lazım deyil. Lazım olan tək şey Vətən sevgisidir. 

Ramal oynadıqca, bizim könlümüz açılmalıdır. Ona qol-qanad olmalı, oynayan qolunu da sındırmamalıyıq.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31