FHN-in Aviasiya dəstəsinin əməkdaşları Heydər Əliyev Mərkəzində olublar

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən şəxsi heyət üçün "Heydər Əliyev İli" çərçivəsində Bakı şəhərinin Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. "Olaylar" xəbər verir ki, Aviasiya dəstəsinin əməkdaşları Mərkəzin foyesində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotoşəkil və eksponatlarla tanış olub, "dəyirmi masa" ətrafında fikir mübadiləsi aparıblar.

Çıxış edənlər Ulu Öndərin zəngin dövlətçilik təcrübəsindən, qətiyyətli əzmi sayəsində Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə, ordu quruculuğuna, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılmasına, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə həsr edilmiş şərəfli ömür yolundan ətraflı bəhs ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin yüksələn xətlə inkişaf etdiyi, güclü dövlətə çevrildiyi iftixar hissilə dilə gətirilib. Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31