Təhsil sisteminin aydın sabahını təmin edə edəcək İnkişaf Proqramları bu sahənin tərəqqisinə yol açır

İstiqamət: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Təhsil millətin gələcəyidir. Təsadüfi demirlər ki, bir millətin gələcəyi onun təhsilindən asılıdır. Bu gün özünün inkişaf, tərəqqi dövrünü yaşayan Azərbaycan təhsilinin bu günkü vəziyyətə gəlib çıxmasında ümummilli lider Heydər Əliyevin müstəsna və ölçüyə gəlməz xidmətləri olub.  Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri 1970-80-cı illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur universitetində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır.

1960-70-ci illərdə respublikadan kənara cəmi 47 nəfər təhsil almaq üçün göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatmışdır. 1975-ci ildən başlayaraq gənclərin respublikadan kənara təhsil almağa göndərilməsi daha intensiv xarakter almış və 1978-ci ildən etibarən respublikadan kənara hər il 800-900 tələbənin göndərilməsinə nail olunmuşdur.

Bu proses sonrakı illərdə də intensiv xarakter almış, 1978-ci illə müqayisədə 1982-ci ildə respublikadan kənara göndərilən tələbələrin sayı 11 faiz artmış, onların təhsil aldığı ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların sayı 244-dən 250-yə, ən zəruri istiqamətlərin sayı isə 80-ə çatmışdır. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların yeri 1970-ci ilədək 40 faiz təşkil edirdi. Ümummilli liderin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə ittifaq ölkələrinə ali təhsil almaq üçün göndərilənlər  içərisində azərbaycanlıların real çəkisi 85 faizə, 1977-ci ildə 91 faizə, 1980-cı illərin əvvəllərində isə 97,6 faizə yüksəlmişdi.

Heydər Əliyevin 1970-80-ci illərdə həyata keçirdiyi uzaqgörən siyasət ilə respublikada aparılan genişmiqyaslı məktəb tikintisi növbəlilik üzrə göstəricinin yaxşılaşdırılmasına güclü təkan vermişdi. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmişdisə, 1975-ci ildə iki dəfə çox, yəni 48200 nəfərlik 100 məktəb binası inşa olunmuşdu. Ümumiyyətlə isə həmin illərdə  849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdi. Nəticədə şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1978-ci ildə 30,8, 1980-cı ildə 28,1, nəhayət, 1985-ci ildə isə 24,9 faizə enmişdi ki, bununla da ümumi şagirdlərin 75,1 faizinin birinci növbədə təhsil almasına real şərait yaradılmışdı.

Həmin illərdə məktəblərin tədris, texniki və elmi-metodiki vasitələrlə təminatı da əsaslı şəkildə yaxşılaşmışdı.

Azərbaycan təhsilinin mühüm tərkib hissəsi olan texniki peşə təhsilinin inkişafının da yüksəliş dövrü məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. 70-ci illərdə Azərbaycanın texniki peşə təhsili özünün yeni inkişaf dövrünə qədəm qoymuş, həmin illərdə texniki peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7 dəfə, təhsil alanların sayı isə 2,5 dəfə artmışdı. Bu dövrdə Azərbaycanda gedən iqtisadi quruculuq prosesi, sənaye və kənd təsərrüfatının intensiv inkişafı  yüksək ixtisaslı fəhlə kadrlarının hazırlanması tələbatını ortaya qoymuş və bu tələbat ilk növbədə texniki peşə təhsili şəbəkəsinin hərtərəfli inkişafı üçün real imkanlar açmışdı. Təkcə onu qeyd etmək kifayətdir ki, Heydər Əliyevin hakimiyyətə gəlişinin təkcə ilk iki ili ərzində 16 yeni texniki peşə məktəbi açılmış, 1971-1975-ci illərdə 35 şəhər və rayonda 54 yeni peşə məktəbi fəaliyyətə başlamışdı.

70-ci illərdə və 80-ci illərin əvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları,  yataqxana kompleksləri tikildi.

Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı yolundakı xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi yaradıldı. Eyni zamanda çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açıldı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, onlarda 105 fakultə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bütün bu uğurlar da Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdu.

Ümummilli lider Heydər Əliyevin yaratdığı etibarlı zəmin əsasında müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış, prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı nəticəsində milli təhsil sisteminin aydın sabahını təmin edə edəcək İnkişaf Proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanılmışdı.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın   İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31