Buraxılış imtahanlarında iştirak edə bilməyənlərin NƏZƏRİNƏ
30 Avqust 2023 13:15 SosialDövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək.
Bu barədə Olaylar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 9, 16 və 30 aprel 2023-cü il tarixlərində keçirilib.