Maşın yuma məntəqələri binaların həyətini zəbt edir - ÖZƏL
2 Avqust 2023 12:42 SosialPaytaxtda inşa edilən hündürmərtəbəli yaşayış binalarının həyətinin ayrı-ayrı iş adamları, şirkətlərə müxtəlif obyektlər açmaq üçün icarəyə verilməsi halı intensiv xarakter alıb. Vəziyyət o həddə çatıb ki, binaların həyətində marketlərlə yanaşı, maşın yuma məntəqələri də fəaliyyət göstərir. "OLAYLAR"-ın xəbərinə görə, ictimai fəal Elyar İslamoğlu deyib ki, binaların həyətində maşın yuma məntəqələrinin açılması bina sakinlərinin hüquqlarının pozulması deməkdir:
"Yaşayış binalarının ortasında maşın yuma məntəqələrinə (moyka) icazə vermək nə dərəcədə doğrudur? Aparatların səsi, yolda saxlanılan maşınlar, şüşəsi açıq maşınlardan yüksək səsli musiqilər, yay-qış ətrafın su, nəm olması ətrafda yaşayanlara narahatlıq yaradır".
O bildirib ki, Nərimanov rayonunda 178 nömrəli məktəbin qarşısında da moyka fəaliyyət göstərir: "Qarşısı sanki hansısa avtovağzalın dayanacağıdır. Məktəbin qapısının düz qarşısına qədər maşınları düzürlər. Dəfələrlə şagirdlər avtomobil vurmasından son anda qurtulub. Qanunla bu məsələ necə tənzimlənməlidir? Harda gəldi moyka açmaq olur?".