“Koridorda qaçırdım, birdən Həsən Turabovla toqquşdum, heyranlıqla ona baxırdım, o da məni süzürdü”- FOTO
1 Avqust 2023 10:16 Sosial"Son illər hər şeydən uzaq qaçıram, istəmirəm özümü xərcləyim"
"Serial mənim üçün o qədər də çətin və önəmli sənət deyil. Serial çəkilir, bu gün baxılır və unudulub gedir. Amma film tarixdə qalır. Və yaxud da səhnədə canlı ünsiyyət mənim üçün daha vacibdir. Serial mənim üçün ola da bilər, olmaya da bilər. Buna ağır iş kimi baxmıram. Bu sənətə mən elə yanaşmışam ki, harasa getmişəm, ağır işlər görmüşəm və qaçıb arada seriala çəkilib, yenidən işlərimin arxasınca getmişəm. Amma nə filmdə, nə də səhnəyə çıxanda bunu edə bilmirəm. Axşam saat 7-də tamaşalar başlayır, düzdür indi tətilə çıxmışıq. Tamaşam olan günü mən heç nə planlaşdırmıram. O günü yalnız evdə olub, dincəlirəm və tamaşama hazırlaşıram. Bütün varlığımı səhnəyə qoyuram"
Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova deyib.
"Son illər hər şeydən uzaq qaçıram. Çünki istəmirəm özüm-özümü xərcləyim. Bu serial belə olsa, həmin serialdan tamaşaçıya nəsə ötürmək istəyirəm. Sadəcə çəkilmək, gündəmdə olmaq xatirinə bunu etmək istəmirəm. Qonorarı da qoyuram kənara. Dəvətlər çoxdur. Amma qəbul etmirəm. Qəbul etməyim üçün çox bəyənməliyəm ki, gedim. İkinci şərt də odur ki, mənim qonorarım olmalıdır. Amma filmdə bunu etmərəm" deyə sənətçi deyib.

Aktrisa bildirib ki, çəkiliş meydançasında sənətçi üçün şərait yaradılmalıdır.
"Çəkiliş prossesində aktyora yaradılan şərait çox önəmlidir. Özümüzü obraza yönləndirmək üçün bizə rahat şərait lazımdır. Setdə kimsə bir-biri ilə dava edəndə, qışqır-bağır salanda, birinin sözü o birisinin boğazından keçməyəndə bu avtomatik aktyora təsir edir. Mən elə setlərdə olmuşam ki, orada yox sözü olmayıb. Amma elə çəkilişlərim də olub ki, aktyora diqqətsiz yanaşıblar. Nə qədər də diqqət olsa, bizim setlər yenə də xarici ölkələrin setlərində geri qalır. Mən İranda bir filmə çəkilirdim, soyuq aylar idi. Çəkiliş bitən kimi tez isti geyimlə bizi geyindirib, çay verirdilər. Çəkiliş arxasında 20 nəfər işləyirdi. Eyni film olmasa da, eyni səhnəyə burada da çəkilmişəm. Bu səhnə bitən kimi rejissor deyib ki, keçirik ikinci səhnəyə. Gözləməyiblər ki, aktyor bir az qızınsın, isinsin" deyə aktrisa bildirib.

Aktrisa xalq artistləri Şəfiqə Məmmədova və Həsən Turabovla bağlı xatirələrini də bölüşüb.

"Məni qabiliyyət imtahanından keçirən Şəfiqə xanım olub. Bəzən deyirlər ki, Şəfiqə xanım çox sərtdir, zəhmlidir. Şəfiqə xanım mənə o qədər sevgi göstərib ki.. Onun tərəfdən o qədər əzizlənmişəm ki.. Heç vaxt onun yanından ayrılmaq istəmirdim. Bir dəfə universitetdə Həsən Turabovla toqquşmuşdum. Qaçırdım, qəfildən ona toxundum və başımı qaldıran kimi başa düşdüm ki, bu Həsən Turabovdur. Onu həyatda ilk dəfə görürdüm. O məni süzür.. Mən isə ona heyranlıqla baxıram ki, görüm nə olacaq? Cəza alacam yoxsa almayacam? Baxdı, baxdı və dedi ki, sən burada oxuyursan? Dedim ki, bəli. Soruşdu ki, kimin kursusan? Dedim ki, Şəfiqə xanımın kursuyam. Suyum süzülə-süzülə otağa gəldim. Gəldim ki, vəziyyəti Şəfiqə xanıma izah edim. Sanki Şəfiqə xanım mənim müəllimim yox, anam, bacım, rəfiqəm idi. Gəlib dedim ki, Şəfiqə xanım, bəs belə oldu. Dedi ki, sən qızsan ee qız, qaçmaq olmaz, bura İncəsənət universitetidir" deyə aktrisa bildirib.