Postpartum - hamiləlik sonrası depressiya ilə necə mübarizə aparmaq lazımdır?

Hər kəs zaman-zaman özünü xoşbəxt hiss etməyə bilər. Ancaq bu hiss şiddətli olarsa, həftələrlə davam edərsə və insanın gündəlik həyatına mənfi təsir edərsə, depressiyanın varlığından danışa bilərik.
Depressiya ümumi psixi sağlamlıq problemidir və hər 100 yeni anadan 10-15-nə də təsir edir. Körpə sahibi olmaq, insanın həyatında bir çox dəyişikliklərə səbəb olan stresli bir vəziyyətdir. Bu, yeni anaların doğuşdan sonrakı depressiyaya daha çox meylli və həssas olmasına səbəb ola bilər. Qadınların çoxu uşaq dünyaya gətirməkdən xoşbəxtdir və analıqdan böyük ümidlər bəsləyirlər. Bu, onun depressiyaya düşdüyünü etiraf etməyi daha da çətinləşdirir. Depressiya həm anaya, həm də körpəyə mənfi təsir göstərir, çünki eyni zamanda, uşağa qulluq etməyi də çətinləşdirir.
Postpartum depressiya doğuşdan sonra analarda görülən depressiyadır. Postpartum depressiya (PPT) kimi də tanınır. Bu, yeni ana olmuş qadınlarda görülən bütün fiziki, emosional və davranış dəyişiklikləridir. Postpartum depressiya diaqnozu qoyularkən, yalnız doğuşla müşahidə olunan simptomlar arasındakı əlaqə deyil, həm də depressiyanın şiddəti və əlamətlərin müddəti nəzərə alınır.
Bəs postpartum depressiya nədir, simptomları nələrdir və necə müalicə olunmalıdır?
Psixoloq Ülkər Məmmədli bildirir ki, hamiləlik dövründə qadınlar hormonlarında böyük bir artım yaşayırlar və doğuşla hormonların səviyyəsi hamiləlikdən əvvəlki vəziyyətə qayıdır ki, bu da psixoloji dəyişikliyə səbəb olur:
"Bir qadının həyat dövründə keçdiyi ən çətin yollardan biri hamiləlik və doğuşdan sonrakı dövrdür. Bu dövrdə orqanizmdə hormonlarda və bütün toxuma və orqanlarda ani dəyişikliklər olur və hamiləlikdən əvvəlki dövrlə müqayisədə sosial sahədə daha az məhsuldar olur. Hormonların bu qəfil dəyişməsi orqanizmdə kimyəvi dəyişiklik deməkdir. Məlumdur ki, hormonal dəyişikliklər birbaşa doğuşdan sonrakı depressiyaya səbəb olmur. Bununla belə, ana olmaqla bağlı sosial və psixoloji dəyişikliklər və məsuliyyətlər də var. Doğuşdan sonrakı depressiya yeni ananın şəxsi xüsusiyyətləri və sosial gözləntiləri nəticəsində inkişaf edə bilər. Bu prosesdə qadınların yaşadıqları fiziki və emosional dəyişikliklər və onların davranışa yansımaları postpartum depressiya olaraq təyin olunur. Postpartum depressiyanın simptomları 2 həftə ərzində görünməyə başlayır. Postpartum depressiya doğuşdan sonra 3 ay ərzində baş verir. Nadir də olsa, sonradan baş verdiyini görmək olar. Semptomlar hamiləlik dövründə də başlamış ola bilər. Ancaq doğuşdan sonrakı depressiya adlandırılması üçün doğumdan sonra da davam etməlidir. Yeni ana olmuş qadınların 10-20%-də görülür. Ancaq bəzi qadınlar duyğularını ətraflarına söyləmədikləri üçün faktiki nisbətin bilinəndən daha yüksək olduğu düşünülür.
Simptomlar özünü bir neçə formada göstərir ki, bunlara emosional simptomlar, fiziki simptomlar, düşüncələrdə görünə bilən simptomlar və davranış simptomları aiddir.
Postpartum depressiyada görünə bilən emosional simptomlara özünü kədərli hiss etmək, çarəsizlik hissi, dəyərsizlik hissi, ətrafa maraq və istəklərin azalması, qeyri-adekvatlıq və günahkarlıq hissi, depressiv əhval-ruhiyyə halı, gərginlik və narahatlıq hissi, daim dəyişən əhval-ruhiyyə halı, çox ağlamaq və ya ümumiyyətlə ağlaya bilməmək halları aiddir. Fiziki simptomlara həddindən artıq yorğunluq, enerjinin azalması, yuxu pozğunluqları (yata bilməmək və ya hər zaman yuxulu olmaq), yemək pozğunluqları (çox və ya az yemək), narahatlıq, gərgin olmaq və rahatlaya bilməmək, libidonun azalması və cinsi əlaqədən uzaqlaşmaq halları aiddir. Düşüncələrdə görünə bilən simptomlara özünü tənqid etmək, özünü günahlandırmaq, körpəyə kifayət etmədiyini düşünmək, qəfil nəticələr çıxarmaqda və ya qərar verməkdə çətinlik çəkmək, ümidsiz olmaq, hər şeyin ən pis olacağından qorxmaq, başqalarından daha uğursuz olmaq düşüncəsi, başqaları tərəfindən dəyərsiz görünmək düşüncəsi, qarışıq və aydın olmayan düşüncələr, konsentrasiya pozğunluğu, ölüm və intihar düşüncələri aiddir. Davranış simptomları isə insanlardan uzaq durmaq, evdən çıxmamaq, özünə qayğı göstərməmək, gündəlik həyat ehtiyaclarını yerinə yetirə bilməmək və ya həddindən artıq yüklənmək, əvvəllər həzz aldığı şeyləri edə bilməmək, nəzarəti itirmək, mübahisə etmək, qışqırmaq halları zamanı özünü göstərir.
Ananın zehni depressiyasının onun rasional düşünməsinə mane ola biləcəyi üçün doğuşdan sonrakı depressiyanı düzgün təyin edə bilmir. Bu səbəbdən bir həftədən çox psixi vəziyyətində dəyişikliklər olduqda ana və ya ananın yaxınları, xüsusilə həyat yoldaşı, gecikmədən psixoloqa müraciət etməlidir. Doğuşdan sonrakı daha ciddi depressiya əlamətləri müşahidə edildikdə, məsələn, intihar və ya başqasını, xüsusən də körpəni öldürmək düşüncələri, düşüncə pozğunluqları, yemək pozğunluqları müşahidə olunsa, vaxt itirməmək lazımdır.
Postpartum depressiyanın müalicəsi qadının depressiyasının şiddətinə və əlamətlərin növünə görə dəyişir. Müalicə üçün dəstək qrupuna qoşulmaq, terapiya almaq və ya doğuşdan sonrakı depressiya dərmanlarından istifadə etmək lazım ola bilər. Təbii ki, əmzirmə zamanı dərman istifadə etmək istəməyə bilərsiniz. Bu məsələ ilə bağlı həkiminizlə məsləhətləşmək və onun nəzarətində olan dərmanlardan istifadə etmək daha məqsədəuyğundur. Həkiminiz depressiya dərmanlarından istifadə etməyi tövsiyə edərsə, dərmanların iki həftədən sonra təsir göstərməyə başlayacağını unutmamaq lazımdır. Dərman qəbulunun dayandırılması da həkim nəzarəti altında və həkiminizin tövsiyəsi ilə aparılmalıdır.
Psixoloq psixoloji müayinədən sonra depressiyanın şiddətini və körpənin vəziyyətini birlikdə qiymətləndirməlidir. Bu qiymətləndirmədən sonra ananın bu problemin öhdəsindən gələcək gücü olduğuna qərar verərsə, tibbi dəstək olmadan çox tez-tez aralıqlarla ananın monitorinqi məqsədəuyğun olardı. Müayinə nəticəsində ananın vəziyyətinin pisləşdiyi həkim tərəfindən müəyyən edilərsə, ana südü ilə qidalanma nəzərə alınmaqla müvafiq tibbi yardım göstərilməlidir. Çünki düzgün diaqnoz qoyulmasına baxmayaraq qeyri-adekvat müalicə olunmaması halında bu vəziyyət ana xəstəliyinin irəliləməsi nəticəsində daha çox və daha yüksək dozada dərman istifadəsinə, bəlkə də xəstəxanaya yerləşdirilənə qədər vəziyyətin pisləşməsinə səbəb olacaq.
Müvafiq mütəxəssis diaqnoz qoyduqdan sonra müalicə prosesi ilə bağlı fərdi planlama qura bilər.
Doğuşdan sonra daha yüngül narahatlığı olan insanlar üçün mütəxəssis evdə rahatlaşdırıcı dəstəyin bəzi üsullarını təklif edə bilər.
Doğuşdan sonrakı daha ciddi narahatlıq problemləri üçün mütəxəssis danışıq terapiyasını, xüsusən də bilişsel davranış terapiyasını tövsiyə edə bilər. Depressiv pozğunluqların və obsesif-kompulsif pozğunluğun (OKB) müalicəsinə gəldikdə CBT-nin həqiqətən təsirli olduğu göstərilmişdir. Bəzi yeni valideynlərin narahatlığını müalicə etmək üçün mütəxəssis müəyyən dərmanlar tövsiyə edə bilər. Bunlar depressiya pozğunluqlarını müalicə etmək üçün istifadə edilən ən çox yayılmış dərmanlardır. Müalicənin uğurlu olması üçün bu dərmanları mütəxəssisin təyin etdiyi şəkildə nəzarətli şəkildə istifadə etmək vacibdir.
Müalicə olunmayan doğuşdan sonrakı depressiya həm körpənin, həm də ananın həyat keyfiyyətini aşağı salır. Körpənin psixososial inkişafına mənfi təsir göstərir. Doğuşdan sonrakı depressiya əlamətləri iki həftədən çox davam edərsə, ana gündəlik işlərin öhdəsindən gələ bilmədikdə, özünə və ya körpəsinə zərər verməyi düşünürsə, vaxtının çox hissəsini panik və qorxu içində keçirirsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur".
Bəs qadınlar doğuşdan sonra başqa hansı problemlərlə qarşılaşa bilərlər?
Psixoloqun sözlərinə görə, doğuş edən hər on qadından səkkizi "uşaq stressi" və ya "doğuş melankoliyası" adlı bir vəziyyətlə qarşılaşa bilər:
"Qəfil əhval dəyişikliyi baş verə bilər. Emosionallıq, səbəbsiz ağlama, narahatlıq, gərginlik görünə bilər. Adətən bunun üçün heç bir müalicə tələb olunmur. Dəstək qrupuna qoşulmaq və ya yeni doğuş həyata keçirmiş qadınlarla danışmaq, başa düşüldüyünü hiss etməyə kömək edir. İstirahət postpartum hormonal dəyişikliklərin təsirini azaltmaq və artan məsuliyyət üçün faydalı ola bilər.
Doğuşdan sonrakı depressiyada doğum melankoliyasının əlamətləri çox daha şiddətli və uzunmüddətli olur. Doğuşdan dərhal sonra deyil, bir neçə ay ərzində inkişaf edə bilər. Qadın hətta gündəlik öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirsə, həkimə müraciət etməlidir. Doğuş psixozu nadir və doğuşdan sonrakı depressiyadan daha ciddi bir problemdir. Adətən doğumdan sonra iki həftə ərzində şiddətli əhval-ruhiyyə və davranış pozğunluqları ilə tanınır. Çox gərginlik və çaşqınlıq yaşayan bu qadınların özləri və körpələri haqqında narahat olan və ana-körpə münasibətinə zərər verə biləcək yanlış inancları var".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31