MTK-larda özbaşınalıq-komendantlar sakinlərin işığını niyə kəsir?- ÖZƏL
25 İyul 2023 11:51 SosialMənzillərin idarəedilməsi ilə bağlı yeni qaydalar müəyyən edilməsinə baxmayaraq hələ də bürokratik əngəllər aradan qalxmayıb. Belə ki, yeni Mənzil Məcəlləsinə görə, Mənzilllərin idarə olunması Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinə həvalə edilməlidir. Lakin öz maddi marağını üstün tutan Mənzil Tikinti Kooperativləri buna hər vəchlə maneə olmağa çalışırlar. Səbəb isə sakinlərdən müxtəlif xidmətlər adı altında yığılan pulların mənimsənilməsidir. Elə redaksiyamıza müraciət edən Bakı şəhər sakininin şikayəti də komendantın özbaşınalığındandır. Şikayətçi qeyd edib ki, yaşadığı binanın komendantı qeyri-adi cəzalandırma metoduna əl ataraq heç bir əsas göstərmədən sakinlərin işığını kəsir. Halbuki sakinlər kommunal xidmət haqlarını vaxtlı-vaxtında ödəyirlər.
Hüquqşünas Alim Hüseynli qeyd edib ki, komendantın heç bir hüququ və səlahiyyəti yoxdur ki, özbaşına sakinlərin işığını kəssin: "Lakin praktikada belə hallar müşahidə olunmaqdadır. Hətta bəzi komendantlar səlahiyyətlərini aşaraq sakinlərə ödəniş müqabilində qəbz adı altında VÖEN-siz kağız parçaları verirlər. Məhz bu səbəbdən ödənilən kommunal haqlarının "Azərişıq" və yaxud "Azərsu"nun hesabına oturub-oturmadığı qeyri-müəyyən olaraq qalır. Bu halda sakinlərə verilən VÖEN-siz kağız parçaları dövlət büdcəsinə daxilolmaların açıq-aşkar mənimsənilməsidir. Kommunal xidmətlər ödənilmədiyi halda isə komendantlar mənzillərə elektrik enerjisinin verilməsini dayandırırlar. Əslində isə komendantların belə bir addım atması tamamilə qanunsuzdur. Nəzərə almaq lazımdır ki, komendantların bu hərəkətləri Nazirlər Kabineti 2 fevral 2005-ci il tarixli "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qərarına ziddir. Qaydaya görə, müqavilənin tərəfləri elektrik enerjisi təchizatı müəssisəsi və abonent və digər istehlakçılar olmalıdır. Buradan məlum olur ki, işıq pulunu ödəmədiyinə görə komendant elektrik enerjisinin verilməsini dayandıra və ya müdaxilə edə bilməz. Beləliklə heç bir MTK-nın səlahiyyəti yoxdur ki, kommunal xidmətləri kəsərək sakini bir növ cəzalandırsın. Əgər sakin, nəzərdə tutulan rəsmi kommunal ödənişini vaxtlı-vaxtında ödəməyibsə, bu halda həmin təsərrüfat birliyi sakini məhkəməyə verə və ödənişləri geri ala bilər".