Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir- ÖZƏL
21 İyul 2023 14:41 Sosial"Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Əliabbas Salahzadənin sözlərinə görə, nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir: "Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Ümumilikdə hər bir bölgənin inkişafında yol-nəqliyyat infrastrukturu mühüm rol oynayır. Qısa zamanda işğaldan azad edilmiş Füzulidə və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının tikintisinin davam etdirilməsi də deyilənlərə bariz nümunədir. Bu hava limanlarına beynəlxalq statusun verilməsi özündə bütün məqamları ehtiva edir. Füzuli Beynəlxalq Hava limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını "Qarabağın hava qapısı" adlandırdı. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanı Qarabağın və digər bölgələrimizin dünya ilə əlaqələrinin daha da genişləndirəcək. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının inşası bu bölgələrin iqtisadi inkişafının təmin edilməsində, turizm imkanlarından səmərəli istifadədə sözünü deyəcək ki, bu da öz növbəsində ölkəmizin davamlı iqtisadi inkişafına böyük töhfə olacaq".