Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilib
20 İyul 2023 15:05 SosialMilli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirilib
Dünən Milli Mətbuatın 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfrans keçirilib.
Olaylar.az xəbər verir ki, konfransdan əvvəl Milli mətbuatımızın 148 illiyi və 22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), digər çap və onlayn media orqanlarının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Nümayəndələr görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə tər güllər düzüblər.
Daha sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edilib.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışı zamanı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatına hər zaman böyük diqqət və qayğı göstərilib.
"Ulu Öndərin mətbuata verdiyi dəyərin hər zaman şahidi olmuşuq. Azərbaycanda 100 ildən artıq davam edən senzura ləğv edilib. Dəfələrlə Ümummilli Liderlə jurnalistlərin görüşləri keçirilib. Bu ənənə Prezident İlham Əliyevin də dövründə davam etdirilir. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət hər birimizin həyatında böyük rol oynayır", - deyə o bildirib.
Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra, zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başladı.
"Mediamızın bu dövrü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də, bu gün mediaya doğma münasibət sərgiləyir. Məhz dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində mediaya dəstək sistem halına gəlmişdir. Media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil isə budur: dövlətə və dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaq. Bu gün peşə bayramını iş başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür. Qloballaşan dünyada global təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək. Düşünürəm ki, bu missiyanın öhdəsindən jurnalistlərimiz, media nümayəndələrimiz fəxrlə və böyük məsuliyyətlə gələcəklər",- deyə İ.Səttarov bildirib.
Daha sonra MEDİA-nın şöbə müdiri Natiq Məmmədli şıxış edib. O vurğulayıb ki, keçən ilin oktyabrından Media Reyestri fəaliyyətə başlayıb. Natiq Məmmədli həmçinin media etikası mövsuzuna toxunaraq qeyd edib ki, bu mövzu bizim üçün qırmızı xətdir.
"Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb. Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Sözügedən proses davamlı xarakter daşıyacaq.
Mediada islahatların başlanılması medianın inkişafının dövlətimiz üçün nə qədər prioritet olduğunu göstərir. Bu o demək deyil ki, cəmiyyət və media arasında hər şey rəvan gedir. Bu gün Azərbaycanın vicdanlı jurnalistləri sayəsində qeyri-peşəkarlığın qarşısının alınmasında bir şansımız var. Bu da media əxlaqıdır. Media etikası bizim üçün qırmızı xətdir",- deyə N.Məmmədli bildirib.
Konfrans öz işini panel iclaslarda davam etdirib.