Savaş zamanı media: Şayiələr necə tirajlanır? - RƏYLƏR

 

Jurnalistika redaksiyaya daxil olan xəbərləri işləyib hazırlamaqdan ibarət deyil. Bəzi ekstremal məqamlar olur ki, reportyor birbaşa oraya getməli, vəziyyəti müşahidə etməli və informasiyanı cəmiyyətə ötürməli olur. Belə vəziyyətlərdə medianın üzərinə düşən operativlik və dəqiqlik prinsipləri hər zamankından daha çox məsuliyyət tələb edir. Nəzərə almaq lazımdır ki, belə şəraitdə dezinformasiyaların, yəni saxta informasiyaların yayılma ehtimalı da yüksək olur. Bəs cəmiyyəti təcili durumlardan sui-istifadə edib yalan məlumatlarla doydurmaq istəyənlərdən necə qoruya bilərik? Bu zaman media nümayəndəsinin üzərinə düşən vəzifələr nədir?

Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli MediaPost-a açıqlamasında bildirib ki, ekstremal şəraitdə oxucu, dinləyici, tamaşaçı auditoriyası həssaslaşır, informasiyaya tələbatı artır deyə jurnalistdən xüsusi şərait və xüsusi yanaşma tələb edilir:

alt text

"Dezinformasiyaların qarşısını almaqdan ötrü reportyor öz müşahidəsini aktivləşdirməli, məlumat mənbələri ilə sıx və birbaşa əlaqədə olmalıdır. Bəzən təbii fəlakət, yanğın zonası və ya digər fövqəladə vəziyyət zamanı oradan informasiyalar davamlı verilmədiyinə görə şayiələr baş alıb gedir və bundan da sarı mətbuat çox istifadə etməyə çalışır. Yalan məlumatlar yayılır, yalançı şahidlər tapılır. Bunların qarşısını almaqdan ötrü ən yaxşı variant hadisə yerindən reportajlar verməkdir. Bunun üçün xüsusi hallar olmalıdır, əgər zərər çəkənlər varsa, bəlli bir çərçivədə onlardan müsahibə alınmalıdır".

Professor qeyd edib ki, dezinformasiyalar istər ekstremal, istərsə də adi şəraitdə baş verə bilir, bunun qarşısını almağın ən yaxşı üsulu da məlumatı birbaşa qaynağından almaq və yaymaqdır:

"Həmçinin operativ şəkildə hadisələrin baş verdiyi yerdən birbaşa canlı yayımlar, müsahibələr, reportajlar təqdim olunmalıdır. Belə olmayanda, əlbəttə ki, qeyri peşəkar media, bir az daha çox ona qol-qanad verən sosial şəbəkələr informasiya mühitini xeyli çirkləndirirlər. Yalan məlumatlar yayılır. O məlumatlar insanların şüuruna hopandan sonra onu oradan qoparmaq çətin olur. Hər şeydə peşəkarlıq vacibdir. Ekstremal şəraitdə çalışan jurnalistlər üçün bu, ikiqat, üçqat vacibdir".

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli isə bildirir ki, ekstremal vəziyyət situasiyanın mahiyyətindən asılı olaraq dəyişə bilər, lakin jurnalistin etik qaydalara peşəkar davranışı dəyişməməlidir:

alt text

"Jurnalistlərin peşə, etik davranış qaydalarında onun ekstremal situasiyalarda necə davranacağı çox aydın şəkildə izah olunur. Ayrıca ekstremal jurnalistika, yaxud ekstremal şəraitdə jurnalist fəaliyyəti ilə bağlı çoxsaylı təlimlər, forumlar mövcuddur. Media nümayəndələrinin belə vəziyyətlərə fiziki qorunaqlığını təmini, ruhsal mənəvi hazırlığının olması zəruridir".

Hüquqşünas hesab edir ki, dezinformasiyanın yayılmasının səbəbi rəsmi xəbərin gecikməsidir.

"Dezinformasiyanın önlənməsi üçün həqiqi informasiyanın önü açıq olmalı, ona əlçatımlılıq təmin edilməlidir. Bəzən rəsmi xəbərlərin gecikməsilə cəmiyyətdə dərhal sürətli şayiələr tirajlanır. Belə hala gəlməmək üçün rəsmi orqanlar istənilən halda cəmiyyəti hadisə barədə olan minimal informasiya ilə təmin etməlidir. Çünki dezinformasiya boşluq mühitində vakuma düşmüş kimi çox sürətlə yayıla bilir. Cəmiyyətin informasiyaya olan marağı ən qısa müddətdə təmin edilməlidir ki, yalan məlumatlara yer qalmasın".

Junalist Səxavət Məmməd isə ekstremal zonaya göndərilmiş jurnalistin peşəkar olmasının vacibliyi məsələsinə toxunub.

alt text

"Ekstremal vəziyyətdə mətbuat daha çevik və daha operativ olmalı və ən əsası, informasiyalar dəqiq şəkildə təhlil edilib verilməlidir. Buna görə də daha yaxşı olardı ki, ekstremal vəziyyətdə medianın hansısa bir nümayəndəsini həmin ərazidə olsun, çünki ərazidən gələn informasiyalar həmişə fərqli olur. Amma orada peşəkar jurnalist olarsa, ərazidə nəyin necə olduğunu, hadisələrin necə cərəyan etdiyini, proseslərin inkişafını görə və izləyə bilər. Burada redaktorların da üzərinə məsuliyyət düşür. Onlar dövlətin və yaxud da cəmiyyətin mənafeyinə uyğun olaraq informasiyaları nizamlamağı daha yaxşı bilir" - deyə, o, bildirib.

"Əgər ölkədə hər məlumatı dövlət orqanları verəcəksə, o zaman mətbuat nə üçün var?" - deyən Səxavət Məmməd bildirib ki, dezinformasiyaların yayılmaması üçün görüləcək işləırdən danışıb:

"Bunun üçün mütləq şəkildə real informasiyalara çatmaq lazımdır. Real informasiyaları təhlil etmək, onların üzərində işləmək lazımdır. Cəmiyyətə informasiya satmaq, yalan informasiya ötürmək zərər verir. Çünki üstündən çox keçmədən reallığın nə olduğunu hər kəs bilir və hər kəs yazmağa başlayır. Əgər iki gün sonra bu reallıqlar ortaya çıxacaq idisə, həmin gün yalan informasiyanın verilməsi və yaxud da informasiyaların gizlədilməsi nəyə və kimə lazım idi? Bu hesab edirəm ki, dezinformasiyaların qarşısını almaq üçün mətbuatın qarşısını açmaq lazımdı. Dövlət qurumlarından gələn informasiyaların yayılmasından daha çox mətbuat fəaliyyət göstərməlidir".

Jurnalist hesab edir ki, həm dövlət qurumları öz işini görməli, həm də mətbuatın işləməsi üçün şərait yaradılmalıdır: "İnsanlar internet vasitəsilə istənilən məlumatı əldə edə və ötürməyi bacarırlar.

Məsələn, Müdafiə Nazirliyi hələ rəsmi xəbəri yaymayıb, lakin qarşı tərəf durmadan informasiya verir. Unutmamalıyıq ki, internet əsrində heç kimə qadağa qoymaq olmur.  Hər nə qədər məhdudiyyətlər qoyulsa da, artıq insanlar VPN ilə internetə çıxış imkanı əldə edirlər.  Ona görə də informasiyaya ac olan insanları daxildə doydurmaq lazımdır".

Sevinc İbrahimzadə

Mediapost.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31